“İsrail indi məğlub edə bilməyəcəyi düşmənlərlə üz-üzədir…”- ARAŞDIRMA
Bu gün, 08:57

“Bəzi hallarda İsrail vətəndaşları müharibə cinayətləri ilə bağlı şikayətlər səbəbilə ziyarət etdikləri ölkələrdən qaçmağa məcbur olurlar…”
“Bir zamanlar hekayə müharibələrinin ustası olan İsrail indi smartfonlar, sosial media və rəqəmsal arxivlərlə mübarizə aparır...”
2023-cü il 7 oktyabr tarixindən etibarən şəkillər və videolar müharibəsi silah müharibəsini kölgədə qoydu. Qəzzanın dağıdılmış xəstəxanalarından, aclıq çəkən körpələrdən, kütləvi məzarlıqlardan və dağıntılar arasında qətl edilən uşaqların atalarını çəkən hər bir piksel, bir raketdən daha dərin zərbədir… Bu xam, süzgəcdən keçməyən və inkar edilə bilməyən görüntülər, istənilən mətbuat konfransından və ya rəsmi çıxışdan daha böyük təsirə malikdir. Və tarixində ilk dəfə olaraq İsrail bu görüntüləri silə bilmir və ya onları təbliğatla gizlədə bilmir…
İsrail ordusunun yardım paylanması zamanı insanları qətlə yetirməsinin dəhşətli görüntüləri “Haaretz” qəzetinin yazarlarından Gideon Levinin 29 iyun tarixində belə yazmasına səbəb oldu: “İsrail Qəzzada soyqırımı törədirmi? […] Qəzzadan gələn şahid ifadələri və şəkillər çox suala yer qoymur”.
İsrailə dəstək verən ən güclü şərhçilərdən biri Tomas Fridman da artıq İsrailin dediklərinə inanmır. 9 may tarixli məqaləsində o, ABŞ prezidenti Donald Trampa müraciət edərək “Bu İsrail hökuməti bizim müttəfiqimiz deyil” deyə bildirib və əlavə edib ki, “bu hökumət ABŞ-ın regiondakı əsas maraqlarını təhlükəyə atır”.
Bir zamanlar İsrail təbliğatı mətbuat otaqlarının qapıları və Qərbin günah hissi ilə qorunurdu. Lakin smartfonlar bu qapıları sındırdı. Artıq bizə nə deyildiyi deyil, nə göründüyü əhəmiyyətlidir — və bu, Qəzzanın nəyi göstərdiyidir...
Bu şəkilləri yaymağa imkan verən platformaların — “TikTok”, “WhatsApp”, “Instagram”, “X” — kontekstdən əvvəl populyarlığı prioritetləşdirir. Yaşlı nəsillər baxmaqdan çəkinə bilər, ancaq gənc nəsillər hər bir dəhşətə, hər bir sirenaya və hər bir dağıntıya diqqətlə baxır. Qlobal ictimaiyyət narahatdır və bu, İsrailin maraqları əleyhinə işləyir. İsrail artıq yalnız qonşuları ilə müharibə etmir; o, həm də obyektiv gerçəkliklə mübarizə aparır…
Bu vizual müharibənin psixoloji təsiri İsrail cəmiyyətində dərin izlər buraxır. On illər ərzində israillilər özlərini qlobal travma hekayələrinin nəqlediciləri olaraq görməyə öyrədilmişdi, amma indi, İsrailin bombardman görüntüləri, məhv edilmiş Qəzza məhəllələri və ölümcül halda olan körpələr hər platformada yayıldıqca çoxsaylı israillilər mənəvi bir dilemma ilə üzləşirlər…
Hətta mərkəzçilər arasında belə, narahatlıq yaranıb ki, bu cür təsirli görüntülər, İsrailin mənəvi üstünlüyünü zəiflədir. İlk dəfə olaraq, İsraildəki ictimai müzakirələrdə dünyanın gördüyü və israillilərin qarşılaşmağa məcbur olduqları. “güzgüdən qorxu” yaranıb…
Beynəlxalq səviyyədə isə bu vəziyyət, İsrailin diplomatik mövqeyinə daha çox təsir edir. Uzun müddət davam edən müttəfiqlər, əvvəlki heç bir şərt olmadan dəstəkləyərkən, indi yerli vətəndaşların təzyiqi ilə üzləşirlər — onlar artıq yalnız rəsmi açıqlamaları deyil, “TikTok”un canlı yayımını və “Instagram”ın şəkil axınını izləyirlər.
Avropa və Şimali Amerikanın qanunvericiləri açıq şəkildə silah göndərişlərini, ticarət razılaşmalarını və diplomatik dəstəyi şübhə altına alırlar, bunu İsrailin müharibə cinayətlərinə dair verdikləri məlumatlardan deyil, sadəcə sosial media görüntülərindən görürlər: insan bədənlərinin parçalanmış hissələri və aclıq çəkən uşaqların şəkilləri...
Müharibə cəbhəsi parlamentlərə, universitetlərə, şəhər şuralarına və mətbuat otaqlarına qədər genişlənib. Bu, İsrailin sərt güc tətbiq edərək qazana bilməyəcəyi bir müharibənin nəticəsidir. Təbliğat üstünlüyünü yenidən ələ keçirmək üçün İsrail rəsmiləri sosial media platformalarına özlərinə narahatlıq verən məzmunu məhdudlaşdırmaq məqsədilə təzyiq edirlər. Lakin İsrailin ən inkişaf etmiş ictimai diplomatiya səyləri belə, xam video və şəkillərin yayıldığı virallığa, yəni virus kimi yayılmasına tab gətirmir.
Bağlı qapılar arxasında İsrail ordusu artıq yalnız ictimai əlaqələrdən narahat deyil; onlar həm də hüquqi təqibdən qorxurlar. İsrail ordusu əsgərlərinə, fələstinli evlərini dağıdanda özlərini videoya çəkməmələri və ya şəkil çəkməmələri barədə xəbərdarlıq edərək, belə materialların beynəlxalq insan haqları təşkilatları tərəfindən dəlil olaraq toplanacağını bildiriblər…
Sosial mediadan yayılan görüntülər və videolar artıq aktivistlər tərəfindən İsrail əsgərlərinə qarşı xaricdə hərəkətə keçirmək üçün istifadə olunur. Bəzi hallarda isə İsrail vətəndaşları müharibə cinayətləri ilə bağlı şikayətlər səbəbilə ziyarət etdikləri ölkələrdən qaçmağa məcbur olurlar…
Smartfon dövründə, işğal yalnız görünmür — həm də mühakimə oluna bilər…
Əvvəllər İsrail izah edə biləcəyi müharibələr aparırdı. İndi isə o yalnız reaksiya verməyə çalışır — çox vaxt gec və qeyri-işlək. Smartfon raketlərin gizlətdiyini ortaya qoyur. Sosial media rəsmi açıqlamaların gizlətməyə çalışdığı məlumatları yayımlayır. Dijital mühafizə olunan dəhşətli görüntülər, hər hansı bir vəhşilik və ya zorakılığı unutmamağımızı təmin edir…
Münaqişə şəkilləri yalnız məlumat ötürmür; onlar həm də bizim düşüncələrimizi yenidən formalaşdırır və siyasi mövqelərimizi təsir edir. “Napalm Girl”(“Çılpaq qız”) adlı məşhur foto-şəkil, Vyetnam müharibəsi zamanı ABŞ-ın müttəfiqi olan Cənubi Vyetnam ordusunun mülki insanlara etdiyi hücumun ardından çəkildi və Amerikan cəmiyyətində dərindən təsir göstərdi. Bu şəkil müharibəyə dair ictimai rəyin dəyişməsinə səbəb oldu və ABŞ hökumətinin müharibəni dayandırmaq qərarını sürətləndirdi…
Bu gün də Qəzzada güclü təsirli şəkillər axını dayanmır. İsrailin ən yaxşı cəhdlərinə baxmayaraq, qlobal ictimaiyyət onun soyqırımı müharibəsinə qarşı həlledici şəkildə mənfi rəy bildirir…
Smartfonlar hər şahidə bir kamera verərək münaqişənin təbiətini tamamilə dəyişdi. Bu yeni dövrdə İsrail öz cinayətlərinin ədalətə çağıran, xam və süzgəcdən keçməyən vizual qeydlərini məğlub etməkdə çətinlik çəkir.
Qeyd:
Fotoda: 1 fevral 2024-cü il. Fələstinli bir köçkün qadın, dCənubi Qəzza zolağında, Rafahda, Misir sərhədinə yaxın bir yerdə, yaxınları ilə əlaqə saxlamaq üçün Misir şəbəkələrindən istifadə etməklə telefonunda internet xidməti əldə etməyə çalışır. [Fayl: Mohammed Salem/Reuters]
Müəllif:
Casim əl-Əzzavi, xəbərlər aparıcısı, proqram təqdimatçısı və media müəllimidir. O, "Inside Iraq" adlı həftəlik proqram da təqdim edir.
Mənbə: “Əl-Cəzirə”
Hazırladı və təqdim etdi: Sultan Laçın