“Azərbaycanda bir neçə mənzilləri var” - Türkiyədə ev alan həmyerlilərimizlə bağlı ilginc DETALLAR

15-01-2021, 16:39           
“Azərbaycanda bir neçə mənzilləri var”
2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1 279 ədəd daşınmaz əmlak alıb. Türkiyənin dövlət qurumunun məlumatına əsasən, 2019-cu illə müqayisədə Azərbaycan vətəndaşları tərəfindən alınan daşınmaz əmlakın sayı 88 ədəd və ya 7,4 faiz artıb.

Statistik məlumatlar göstərir ki, Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak alışına marağı yüksəkdir.

Sfera.az-a açıqlama verən Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov marağın böyük olmasını bir neçə səbəblə əlaqələndirdi.

O, əsas səbəblər kimi vətəndaşlarımızda daşınmaz əmlaka marağın böyük olmasını, mədəniyyət yaxınlığını, təhsil və turizm əlaqələrinin güclü olmasını, eyni zamanda Türkiyədə daşınmaz əmlak xidmətlərinin əlverişli olmasını qeyd etdi:

"Azərbaycanda zəngin insanlar daşınmaz əmlaka meyl edir. Daha çox pul qazananlar öncə ailəsinə, övladlarına, sonra imkan olarsa, nəvələrinə miras saxlamaq məqsədilə daşınmaz əmlak alır. Türkiyədə daşınmaz əmlak alanlar bir qayda olaraq Azərbaycanda bir və ya bir neçə daşınmaz əmlaka sahib olan şəxslərdir. Bir neçə mənzili olan düşünür ki, bir mənzili də Türkiyədən alsam yaxşıdır.

Türkiyəyə istirahətə gedənlər, övladları Türkiyədə təhsil alan imkanlı şəxslər də mənzil alır. Türkiyədə daşınmaz əmlak alqısına maraq göstərilməsinin digər səbəbi dil və mədəniyyət yaxınlığıdır. Bir neçə dəfə Türkiyəyə istirahətə gedən imkanlı şəxslər sonradan burada daşınmaz əmlak alırlar.

Turizm şirkətləri də turistlərə əlavə xidmət olaraq daşınmaz əmlak alışını təklif edir. Buna görə də azərbaycanlılar turizmin inkişaf etdiyi rayonlarda, şəhərlərdə daha çox mənzil alır.

Digər səbəb daşınmaz əmlak bazarında xidmətlərin yaxşı olmasıdır. Türkiyədə tikinti şirkətləri nadir hallarda öz məhsulunu satır. Mənzillərin satışı rieltor şirkətlərinə həvalə edilir. Ölkəmizdə belə bir praktika yoxdur. Azərbaycanda tikinti şirkətlərinin özü daşınmaz əmlakı satır. Əksər hallarda da bunu qeyri-peşəkar şəkildə edirlər. İnkişaf etmiş ölkələrdə satışla peşəkar əmlak şirkətləri məşğul olur. Bu da satış göstəricilərinin yaxşılaşmasına kömək edir. Türkiyədə isə əmlak şirkətləri yalnız satışla məşğul olmur, onlar həm də alınan mənzilin sonrakı idarə edilməsini də həyata keçirir. Bütün dünyaya reklam edirlər ki, Türkiyədə daşınmaz əmlaka investisiya qoy, əmlakı al, sonra mən bunun idarəetməsi ilə məşğul olacam, həm cari təmirini edəcəm, həm də mənzilin boş qalmayacaq, mənzildə qalmağa müştəri də tapacam. Əmlak şirkətləri müştərini cəlb edir, onu hava limanında qarşılayır, şəhərlə tanış edir, yüksək xidmət göstərirlər ki, bu da alıcıda marağı oyadır”.

E.Azadov düşünür ki, gələcəkdə Türkiyədən daşınmaz əmlak alışı bir qədər də artacaq:

"Tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş olandan sonra, eyni zamanda Naxçıvanla birbaşa əlaqə bərpa ediləndən sonra səfərlərin sayı artacaq, turizm inkişaf edəcək və ticarət dövriyyəsi artacaq. Bu baxımdan gələcəkdə Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə daşınmaz əmlak alışının artacağını proqnozlaşdıra bilərik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.