“Mənim oğullarım həbsdədirsə, sizin oğlunuz da həbsdə olacaq” - “Lady Sharm” işinin davamı

22-02-2021, 17:27           
“Mənim oğullarım həbsdədirsə, sizin oğlunuz da həbsdə olacaq” -
“Lady Sharm” mağazalar şəbəkəsinin həbs edilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Onlar Ziyarət Abbasov, Elnur və Səməd İsmayılov qardaşlarıdır. Qardaşlar ayrı-ayrı firmaların əmtəə nişanından istifadə edərək onları müxtəlif brend mallar adı altında satıblar. Elnur İsmayılov "Lady Sharm" MMC-yə daxil olan mağazalar şəbəkəsinin direktorudur.

Bu cinayət işi üzrə istintaq davam edən ərəfədə Səməd İsmayılov azadlıqda olub. O, qardaşı Elnuru həbsdən qurtarmaq üçün yollar axtarmağa başlayıb. Bunun üçün 300 min manatdan keçməyə də hazır imiş.

Musavat.com xəbər verir ki, Səməd İsmayılov bu məqsədlə qardaşının həbsdən çıxmasına kömək edəcək vəzifəli adamlar axtarmağa cəhdlər edib.

Səməd İsmayılov əvvəlcə tanışı Azər Piriyev vasitəsi ilə adam soraqlaşmağa başlayıb. Azər Piriyev də işçisi “Carçıoğlu Group” MMC-də mühasib işləyən Kənan Quliyevin atası Hikmət Quliyevə müraciət edib, vəzifəli tanışlarının olub-olmadığını soruşub.

Hikmət Quliyev də dostu Mehdi Sadıxova müraciət edib. Mehdi Sadıxov da Prezident Administrasiyasında, Baş Prokurorluqda vəzifəli tanışlarının olduğunu deyərək bu işi həll edə biləcəyini vəd edib və bu işdən pul qazanmağı düşünüb.

300 min manata danışılan işə görə əvvəlcə 50 min manat pul verən Səməd İsmayılov işlərin düzəlmədiyini görəndə hüquq-mühafizə orqanlarına müraciət edib.

Səməd İsmayılovun şikayətini araşdıran istintaq orqanı belə qənaətə gəlib ki, Hikmət Quliyev Mehdi Sadıxovla əvvəlcədən plan quraraq, Səməd İsmayılovun pulunu ələ keçirmək istəyiblər. Məqsəd isə ələ keçirdikləri pulu şəxsi ehtiyaclarına xərcləmək olub.

Bu iş üzrə Hikmət Quliyev və Mehdi Sadıxovla yanaşı Kənan Quliyev də həbs edilib. Kənan Quliyev Hikmət Quliyevin oğlu kimi bu cinayətin iştirakçısı hesab edilib.

Hər üç şəxs dələduzluğa cəhddə, başqa şəxsi cinayət törətməyə təhrik etməkdə və vəzifəli şəxsə rüşvət verməkdə ittiham edilərək həbs cəzası da alıblar.

Hikmət Quliyev 8 il, Mehdi Sadıxov 8 il, Kənan Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onu da qeyd edək ki, dəymiş zərər 50 min manat istintaq zamanı Səməd İsmayılova ödənilib.

Həmin ərəfədə Səməd İsmayılovun özü “Lady Sharm” mağazalar şəbəkəsinin cinayət əməllərinə görə həbsə salınıb…

Səməd İsamyılova qarşı dələduzluq işinə görə Hikmət Quliyev və Mehdi Sadıxov törətdikləri əmələ görə özlərini təqsirli bilirlər. Kənan Quliyev isə özünü qətiyyən təqsirli bilmir və günahsız yerə həbs edildiyini bildirir.

Aldığı cəzadan narazı qalan iki azyaşlı uşaq atası olan Kənan Quliyev Bakı Apelyasiya Məhkəməsinə üz tutub və barəsində bəraət hökmü çıxarılmasını istəyir.

Kənan Quliyev heç bir sübut olmadan yalnız şahidlərin- əsasən də Səməd İsamyılovun qərəzli və yalan ifadələri əsasında həbs edildiyini bildirir.

“Kənan Quliyevin göstərilən cinayət əməlini harada, nə vaxt və kimlərin iştirakı ilə törətdiyi konkret faktlarla sübut edilmir. Həbs edilən Hikmət Quliyevdən qisas almaq üçün bunu edib və Kənandan da şikayətçi olublar”,- deyə apelyasiya şikayətində qeyd edilir.

Məhkəmə araşdırması zamanı Səməd İsmayılov ifadəsində deyib ki, Kənanla “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Texnikabank”da tanış olduğunu deyib.

“Texnikaban” 2016-ci ildə ləğv edildiyi, Səmədlə Kənanın tanışlığının 2019-cu ilə təsadüf etməsi bu ifadəni təkzib edir. 2016-cı ildə ləğv edilən bakda necə görüşüblər? Kənan “Texnikabank”da işləmədiyini, çalışdığı şirkətin müxbir hesabının “Bank Respublika”da olduğunu deyir.

Səməd İsmayılov deyib ki, Kənan onun mühasibatlıq işlərini görüb. Amma S.İsmayılovun daha əvvəldən tanıdığı Azər Pirimov ifadəsində bunu təkzib edib. Deyib ki, Səməd İsmayılovun mühasibatlıq işlərini Cavid Hüseynli adlı şəxs görüb.

“Azər Pirimov ifadəsində Səməd İsmayılovla Hikmət Quliyevi özünün tanış etdiyini etiraf edib. Əlavə şahidlər var ki, onların məhkəməyə dəvət edilməsini tələb etdik. Amma məhkəmə vəsatətlərimizi təmin etmədi. Səməd deyir ki, 50 min manatı Kənana verib. Başqa bir ifadəsində isə 50 min manatı Hikmət Quliyevə verdiyini göstərib. İş üzrə həbs edilən Mehdi Sadıxov isə 30 min manatı Səməd İsmayılovdan şəxsən özünün aldığını etiraf edir. Bütün bu ziddiyyətlər onu göstərir ki, Kənan məhz qisas məqsədi ilə yalan ifadə əsasında həbs edilib”,- deyə apelyasiya şikayətində göstərilir.

Məhkəmə araşdırmasında Səməd İsmayılov Kənan Quliyevin ona zənglər etdiyini deyib. Amma sübutlar qiymətləndirilən zaman Səmədin Kənana zəng etdiyi ortaya çıxdı.

Başqa bir ziddiyyətli məqam Səməd İsmayılovun “Gənclik” metrostansiyasının yaxınlığındakı görüşdə Kənan Quliyevin də iştirak etdiyini deməsidir. Araşdırma zamanı həmin gün, həmin saatlarda Kənanın Keşlədəki ofisindən işlə bağlı kompüterdə yazışmalar aparması ilə bağlı sübutlar ortaya çıxıb.

Kənan Quliyevin ailə üzvləri deyir ki, Elnur və Səməd İsmayılov qardaşlarının atası Heydərxan Səmədov övladları həbs edildiyi üçün qisas alır. Heydərxan Səmədov Kənan Quliyevin ailə üzvlərinə deyib ki, onun oğulları həbsdə olduğu müddətdə onların da övladı həbsdə qalacaq.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.