Qiymətdə baha, keyfiyyətdə ucuz: Qazın təzyiqi az, su kəsilir, işıq sönür - Çıxış yolu da tapılmır

22-02-2021, 17:36           
Qiymətdə baha, keyfiyyətdə ucuz: Qazın təzyiqi az, su kəsilir, işıq sönür -
Ölkədə istehlak məhsullarının qiymətində bahalaşma davam edir.

Xüsusən kommunal xidmət sahəsində mövcud olan problemlər hər hansı formada həllini tapmır. Limitlə işlətdiyimiz qaz və işığa tətbiq olunan məhdudiyyətin qaldırılmasını gözləyərkən, suyun qiyməti fantastik dərəcədə bahalaşdı.

Amma əsas problem heç bu da deyil. Yarıtmaz işləri ilə hər bir borcunu vətəndaşın boynuna yükləyən şirkətlərin qiymət artımını bir- iki günlük əsəbdən sonra həzm edən vətəndaşlar “Necə olsa, bunu da ödəyərəm” deyib yaşamını sürdürməyə çalışır.

Lakin təchizatçı şirkətlər bununla da yetinmir. Vətəndaşların öz pulu hesabına aldığı qazı, suyu, işığı, interneti də normal vermir, insanların əsəbləri oynayır, onları dövlətdən narazı salırlar.

Nədənsə, həmişə sonda vətəndaş günahkar çıxarılır. Hər il payız-qış mövsümünə “100 faiz hazırıq” deyən qurumların işi elə ilk soyuqda özünü göstərir və mövsüm boyunca təmirlə keçir.

Hansına zəng edib “İşıq niyə yoxdur? Su niyə gəlmir? İnternet niyə dayanıb? Qazın təzyiqi niyə aşağıdır?” soruşsan, bir cavab verilir: “Qəzalı vəziyyət yaranıb, təmir işləri gedir”.

Bəs 100 faizlik qış hazırlığınız harada qaldı? Biri deyir ki, suyu açıq qoyurlar, ona görə bəzən dayandırırıq. Digəri əsas gətirir ki, gündüz vaxtı işıqlar yanıq qalır deyə söndürürük.

Başqa biri də qazı yanırıb nəfəsliyi açıq qoyduğumuzu iddia edir.

Anlamaq olmur ki, bunlar komendantdır, yoxsa təchizatçı? Əgər istehlakçının ödədiyi pul müqabilində fasiləsiz xidmətlə təmin olunma hüququ varsa, təchizatçı şirkətlər özlərini bu hüququ pozmaqda niyə bu qədər haqlı görürlər?

"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında deyib ki, kənd təsərrüfatı təyinatlı torpaqların ev tikintisi üçün satılması və təchizatçı şirkətlərin öz maraqlarını güdməsi problemlərin daha da artmasına səbəb olur:

“Əhalinin kommunal xidmətlərlə bağlı təchizatında problemlər qalmaqdadır. Xüsusən işıq və su təchizatı problemi öz aktuallığını qoruyur. “Azərsu” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətləri (ASC) inhisarçı qurumlardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda deyilir ki, bazarda hökmran mövqe tutan tərəf istehlakçıları fasiləsiz və keyfiyyətli xidmətlə təmin etməlidir. Çünki istehlakçıların seçim hüquqları sıfıra bərabərdir və başqa yerə abunə ola bilmirlər. Məcburdurlar ki, bu şirkətlərdən alsınlar. Təchizatçı şirkətlərin biri transformatorlarını düşündüyü üçün enerjini kəsir, digəri qənaət üçün qazı azaldır. Nəticədə isə vətəndaş əziyyət çəkir. Bu işdə cəmiyyət əl birliyi ilə problemin çözülməsinə çalışmalıdır.

Məsələn, hansı yollarlasa vətəndaş dağın başında torpaq alıb, ev tikir. Sonra da ortaya problem çıxır ki, bu ərazisinin işığı, qazı, suyu yoxdur. Kənd təsərrüfatı təyinatlı torpaqlar həyətanı sahə, ev yeri kimi satılır. Vətəndaş da gedib kimlərinsə icazəsi ilə orada ev tikir. Bu isə sonda həmin ərazilərdə kommunal xidmət xətlərinin olmamasından şikayətlə nəticələnir. Lakin elə ərazilər də var ki, kommunal xidmət xətləri olsa da, orada xidmət aşağı səviyyədədir. Məsələn, Bakıdan 120 kilometr məsafədə yerləşən Sabirabad rayonunun Nəsimi kəndində vətəndaşlar evləri isitmək üçün təzək (sıxılmış heyvan peyini) yandırırlar. Çünki ora qaz verilmir, su yoxdur, elektrik də tez- tez kəsilir”.

E.Hüseynov hesab edir ki, mövcud problemlərin aradan qaldırılması üçün xüsusi agentlik yaradılmalı və bu məsələlər həmin agentliyin tərkibində cəmləşməlidir:

“Təchizatın zəifliyi vətəndaşları qeyri- qanuni yollara əl atmağa da sövq edir. Çünki istilik əldə etmək üçün malik olduğu mövcud ehtiyatları tükənən vətəndaş ya ətrafda ağacları kəsməyə, ya da dəmir yolu şpallarını söküb yandırmağa başlayır. Doğrudur, bu, çıxış yolu sayılmır, lakin soyuqdan donan vətəndaş bunu düşünə bilmir. Ona görə də xüsusi agentlik yaradılmalı və bu məsələlər həmin qurumda birləşdirilməlidir ki, biri qazı azaldanda, digəri elektriki artırsın. Bunlar cəmiyyətin ciddi problemidir və təchizatçı şirkətlər bunu həll etməlidirlər. Qazlaşdırılma ilə bağlı ölkə Prezidentinə yalan məlumat verilir ki, guya 90 faizdən çox qazlaşdırma işləri aparılıb. Amma reallıq göz önündədir. Hesab edirəm ki, qiymət artımı bu vəziyyətin düzəlməsi istiqamətində öz təsirini göstərəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.