Mükəmməl deyil, yaxşı insan yetişdirmək

12-03-2021, 07:50           
Mükəmməl deyil, yaxşı insan yetişdirmək
Sosioloq: “Valideynlik insan mühəndisliyinin ilkidir”
Türkiyəli psixoloq Doğan Cüceloğlu uşaq tərbiyəsindən danışarkən “Mükəmməl deyil, yaxşı insan yetişdirməyi hədəfləyin” deyirdi. Bəlkə də, bu statı onun bir ömür valideynlərə uşaq tərbiyəsi ilə bağlı anlatmaq istədiyi fikirlərin tezisi hesab etmək olar.

Övlad tərbiyəsində nəyin necə olması, hansı üsulların işə yarayıb-yaramaması və s. hər zaman aktual məsələlərdən olub. Buna görədir ki, gərək indiki dövrdə valideyn olmağa hazırlaşanların “Uşaq tərbiyəsində ən yaxşı üsul hansıdır?” sualı ilə “Google”-da axtarış verməsi heç də təəccüblü olmasın. Nəticədə hər bir valideyn ona başucalığı gətirəcək övlad yetişdirmək istəyində olur.

Bəlkə də, əvvəllər bu istəyi reallaşdırmaq daha rahat idi, nəinki indi. Buna keçmişlə müasir dövrün müqayisəsini aparan böyüklərin fikirlərində tez-tez rast gəlirik. Onların fikrincə, əvvəllər uşaqları tərbiyə etmək daha asan idi, çünki valideyn özü ana-atasından, böyüklərindən nə görüb-götürürmüşsə, övladlarının tərbiyəsində də onu tətbiq edirmiş. Bu da valideynin uğurlu övlad tərbiyəsi üçün kifayət edirmiş.

İndi isə vəziyyət başqa cürdür. Beşikdəki körpə də gözünü açandan balaca bir pəncərədən dünyaya daha geniş üfüqdən baxmaq imkanına sahib olur, başqa seçimlərin, imkanların olduğunu görür, bilir. Bunun nəticəsidir ki, indi valideynlər öz doğrularını yeganə həqiqət kimi övladlarına qəbullandırmaqda çətinlik çəkirlər. Valideynlə övlad arasındakı kiçik bir anlaşılmazlıq, bəzən mənəvi bağların zədələnməsi, qopması ilə nəticələnir.

Kimi bundan sığortalanmaq üçün uşağının azadlıqlarını əlindən alır, onun hər davranışına nəzarət etməklə istədiyi insan modelini “yaratmağa” cəhd edir, kimi də övladına sərbəstlik verir və ya nəzarəti əldə saxlamağı bacarmır. Bir çox valideyn bu işdə uğurlu seçim kimi orta yolu tutmağın tərəfindən çıxış etsə də, görünən odur ki, praktikada bunu həyata keçirmək elə də asan deyil.

“Eelm inkişaf etdikcə göstərdi ki, təhsil tərbiyəni də öz içərisinə alıb”

AYNA-nın həmsöbəti sosioloq Sahib Altay öncə tərbiyə anlayışından və onun istiqamətlərindən söz açıb: “Tərbiyə sözünü elmdə etika şəklində statuslandırırlar. Etikaya da fərdi, ictimai və bəşəri əxlaq aiddir. Tərbiyə ilə paralel gedən digər sahə təhsildir. Təhsilin ortaya çıxdığı ilk dövrlərdən bu yana, əslində təhsil və tərbiyə insanlara paralel şəkildə təlqin olunub. Vaxtilə kütlə oxuma-yazma nədir bilməyib. Hətta, orta əsrlər də daxil olmaqla, keçən tarixi dövrlər ərzində yalnız saray əyanları və onların ətrafında olanlar təhsil alırdılar. Sarayda yetişən əyan övladları üçün bəzən iki təlimçi tutulurdu. Onlardan biri təhsil, biri tərbiyə öyrədirdi, çünki zadəgan ailələrində adətən dayəliyə üstünlük verilirdi”.


“Həm də dövrün şərtləri daxilində təhsilli adamlar tək-tük olurdu. Onlar da saray tərəfindən mənimsənilir, sarayda böyüyən övladlar üçün təlimçi rolunu oynayırdılar. Analitik elm inkişaf etdikcə göstərdi ki, təhsil tərbiyəni də öz içərisinə alıb. Əslində, təhsilin mahiyyəti təkcə ixtisaslaşmış kadr yetişdirmək deyil, yəni insan hansısa ixtisasa yiyələnsin və ondan pul qazansın. Təhsilin mahiyyəti insanlara həyatı öyrətməkdir. Onsuz da təhsili əhatə edən fənlər də təbiətdən və cəmiyyətdən götürülmüş ixtiralar, prinsiplər əsasında formalaşmış sahələrdir. Təhsil insana həyatı öyrətməlidir. Təsadüfi deyil ki, el arasında “müəllim övladın ikinci valideynidir” deyilir”, - deyə həmsöhbətimiz bildirib.

“Həm valideyn, həm də təhsil övladı nəzarətdə saxlamalıdır ki, o, şəxsiyyət olaraq formalaşa bilsin”

Ekspertin sözlərinə görə, şəxsiyyətin yetişməsində üç amil iştirak edir: “Genetik faktor, ailə institutu və ictimai mühit. İnsanı şəxsiyyət kimi formalaşdıran bu üç amildir. Peşə, intellektual səviyyə, ictimai status, əxlaq, dünya görüşü də bunların içərisindədir. Övladın yetişməsində müəllim və valideyn bir-biri ilə qarşılıqlı münasibətdə olmalıdır. Həm valideyn, həm də təhsil övladı nəzarətdə saxlamalıdır ki, o şəxsiyyət olaraq formalaşa bilsin”.

“Tərbiyəçilik rolu valideynin daha çox öhdəsinə düşür, lakin bu, təhsildə də öz əksini tapmalıdır. Bizim həyat haqqında məlumatlarımız çoxaldıqca yaşam tərzimiz çətinləşir, çünki yaşam tərzini təşkil edən amillər çoxalır. Valideyn-övlad münasibəti geniş mövzudur. Bu mövzu dövlətin də nəzarətində olmalıdır. Tərbiyə məsələsi təhsildə də öz əksini tapmalıdır. Uşaq özünü dərk edəndən ilk atıldığı sosial mühit məktəbdir. Əvvəldə də qeyd etdiyimiz kimi, təhsil tərbiyə məsələsini də içərisinə alıb. Dünyanın inkişaf etmiş təhsil sistemlərində bunu görürük. Tərbiyə metodları təhsilə də yansımalıdır. Müəllim bir örnək olmalıdır”, - S.Altay vurğulayıb.

“Övladı yetkinlik yaşına qədər nəzarətdə saxlamaq valideynin borcudur”

Sosioloq xatırladıb ki, insan bioloji olmaqla yanaşı, həm də sosial canlıdır: “Bioloji yetkinlik 9-11 yaş arası formalaşır. Psixoloji yetkinlik isə 17-18 yaş olaraq nəzərdə tutulur. Sosiologiya elminin ana düstürü olan “cəmiyyət düsturu”na görə, cəmiyyət bu beş amil əsasında formalaşır: dil, təhsil, mədəniyyət, siyasət, tibb. Bu amillər insanın fərdi və ictimai həyatına təsir edir”.

“Yalnız bu şərtlər daxilində insan böyüyərək özü və həyatı haqqında qərarlar qəbul etmək qabiliyyətində olur. Valideynin borcu övladı psixoloji yetkinlik yaşına qədər nəzarətdə saxlamaqdır. İndi hamı oxuyub alim olacaq deyə bir şey də yoxdur, amma ən azından hər kəs tam orta təhsilə yiyələnməlidir. Bundan sonra hansı sahəyə yönəlmək istəyərsə, yönələ, həmin sahədə işləyə bilər. Lakin tam orta təhsili valideyn övladına mənimsətməlidir”, - deyə müsahibimiz qeyd edib.

Sərbəstlik və ya azadlıq

Mütəxəssisin dediyinə görə, övladı tərbiyə etmək o demək deyil ki, onu hər şeydən təcrid edəsən: “Ailənin tərifində deyilir: Ailə - aralarında müəyyən mənəvi bağlar olan, psixoloji, maddi-mənəvi uzlaşması olan iki əks cinsin bir araya gələrək, özlərindən üstün insan yaratması üçün müəssisədir. Bəs, insanı digər canlılardan fərqləndirəndə nə deyirik? İnsanı təbiətdəki digər canlılardan fərqləndirən formal şüur, şüurun nəticəsində əldə olan dəyərlərdir, yəni mədəniyyət, təhsil, sənət, elm və o dəyərlərin nəsildən nəsilə ötürülməsidir”.

“Valideynlik vəzifəsi isə budur ki, insanı digər canlılardan fərqləndirən səbəb olaraq, özünə qədər gəlib çatmış dəyərləri anlasın və üstəlik övladına özü dəyər yaratması üçün şərait yaratsın. Buna da biz müasir dövrdə sərbəstlik, azadlıq deyirik. Təbii ki valideyn tərbiyədə öz mənəvi borcu olaraq etikanı da öyrətməlidir. Fərdi, ictimai, bəşəri əxlaq elmi status almasına baxmayaraq, qəliz məsələlər deyil”, - o vurğulayıb.

“Məsələn, oğruluq bütün dünyada əxlaqsızlıq, bunun əksi olan dürüstlük isə bəşəri əxlaq sayılır. Fərdi, ictimai, bəşəri əxlaqı etika öz içərisinə alıb. Valideyn də bunları övlada öyrətməkdə görəvlidir. Valideyn övladı nəzarətdə saxlamadıqda, bunları öyrətmədikdə o, atıldığı ictimai mühitdə formalaşır. Atıldığı mühitdə də çevrəsindən asılı olaraq mənfi də təsirlənə bilər, müsbət də”, - deyə Altay əlavə edib.

Həyatı öyrədən müəllim - valideyn

Mütəxəssis valideynliyi “insan mühəndisliyinin ilki kimi” dəyərləndirir: “Müəllimin missiyası şagirdə hər şeyi konkret olaraq öyrətmək deyil. Ona öyrənməyi öyrətməkdir. Valideynlik də həyat müəllimliyidir. Buna görə əvvəldən qeyd elədim ki, şəxsiyyətin yetişdirilməsi valideyn-müəllim ötürmələri şəklində olmalıdır. Eyni missiyanı valideyn də, müəllim də yerinə yetirməlidir. Bunun fonunda hesab edirəm ki, 10-12 yaşa qədər 80% nəzarət, 20% sərbəstlik vermək olar. Psixoloji yetkinlik yaşına qədər isə 50% sərbəstlik, 50% nəzarət önəmlidir. Nəzərə almalıyıq ki, valideyn olaraq övlada öyrənməyi təlqin etdiyimizdə onun sərbəst öyrənməyinə də imkan yaratmalıyıq”.

“Çünki dövlət bütün öhdəlikləri öz üzərinə götürüb. Avropa vətəndaşı olan övladın tam olaraq azadlığı var. Ona görə ki, dövlət onun sosial və iqtisadi asılılığını aradan qaldırıb. Buna görə də onlar daha erkən sosial mühitə atılırlar. Lakin bunu da düzgün hesab eləmirəm. Bu, heç də yaxşı nəticələrə gətirib çıxarmır. Tərbiyə məsələsi və valideyn nəzarəti önəmlidir. İlkin dövrlərdə konkret təlqin olunan tərbiyə, sonra öyrənməyi öyrədən etika, nəzarət və sərbəstlik gəlməlidir”, - deyə sosioloq fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.