İnam Kərimovun bu fermerlərdən xəbəri varmı?

1-05-2021, 10:46           
İnam Kərimovun bu fermerlərdən xəbəri varmı?
Saatlı rayonunun Nabatkənd kəndinin sakinləri əsasən əkinçilik, qismən də maldarlıq hesabına dolanırlar. Bir neçə ildir ki, su çatışmazlığı onlara ciddi problem yaradır.

DİA.AZ xəbər verir ki, kənd sakini Vəlixan Hüseynov danışır ki, bu il üstəlik, subsidiyaların gecikməsi vəziyyəti daha da ağırlaşdırıb. Onun sözlərinə görə, çarəsiz vəziyyətdə qalıblar:

“Əkinin öz vaxtı var, hər şey qaydasında olmasa, çəkdiyin zəhmət də batır. Taxıla gübrə vermək lazımdır, vaxt keçir. Amma subsidiyaları vermirlər, camaatı incidirlər. Taxıla da bundan sonra gübrə verməyin nə mənası var?”

Onun sözlərinə görə, Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə dəfələrlə gedib-gəlib, amma hələ ki, subsidiyanı ala bilməyib: “Deyirlər ki, sistemə oturmayıb. Nə vaxt sistemə otursa, onda ödəniləcək. Nə yoncanınkı verilir, nə taxılınkı. Camaat qalıb belə. Nə müəmmadır, bilinmir. Başa düşə bilmirik ki, niyə gecikdirirlər”.

Vəlixan Hüseynov deyir ki, kənddə subsidiya alanların çox az bir hissəsinə verilib. Qalanlara isə gecikmənin səbəbi barədə konkret heç nə deyilmir.

Kənd sakini susuzluqdan da gileylənir. Deyir ki, bir neçə ildir bu problemi yaşayırlar: “Bizə su gəlib çıxmır. Əkinlərimiz susuz qalır. Yaman günə qalırıq. Azadkəndin arxa hissəsində oliqarxların torpaq sahələri var, məhsul əkdirirlər. Olan su da onların ərazilərinə yönləndirilir. Bizim kəndlər susuzluqdan yanır. Bizdə əsas dolanışıq taxılçılıq, pambıqçılıq, bostançılıq və heyvandarlığın hesabınadır. Susuzluğa görə bunların heç birini eləyə bilmirik. Hamı əlini göyə - Allaha qaldırıb dua edir ki, yağış yağsın. Başqa əlacımız yoxdur...”

Vəlixan Hüseynov vurğulayıb ki, onsuz da maddi baxımdan ağır şərtlər altında yaşayan kənd əhalisi içməli suyu maşınlarla almaq məcburiyyətindədir. Onun sözlərinə görə, su maşınları qonşu Sabirabad rayonu ərazisində Kür çayından doldurub gətirir: “Bir maşın suya 15-20 manat veririk. Yuyunmaq üçün isə quyu suyundan istifadə olunur. Əksəriyyətin həyətində quyu var, oradan çıxan texniki suyu heyvanlara da veririk, əl-ayağımızı da onunla yuyuruq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.