Gül kimi biznes: Əl yetirin, çiçəklənsin

2-05-2021, 21:08           
Gül kimi biznes:
Azərbaycanda çiçək biznesinin inkişafında böyük perspektivlər var, lakin bu seqment hələ bacardığı qədər intensiv inkişaf etmir. Yerli çiçək istehsalçıları hazırda daxili bazarın böyük bir hissəsini təmin edir, lakin çox sayda çiçək digər ölkələrdən də idxal olunur.

İxracata gəldikdə, bu gün Azərbaycan ümumiyyətlə, uğurla öyünə bilməz. Buna baxmayaraq, yerli yetişdiricilərin beynəlxalq bazara çıxmaq planları var və bu, həm kəsilmiş çiçəklərə, həm də çiçək qablarındakı bitkilərə aiddir və açıq qrunt üçün nəzərdə tutulub.

Zirə Gülçülük Kompleksinin mütəxəssisi Rufan Əmiraslanovun dediyinə görə, indi mənzillərdə, balkonlarda, bağlarda böyütmək üçün nəzərdə tutulan bitki və çiçəklərin populyarlığı artır: “Üç-dörd il əvvəl vətəndaşlar buket almağa üstünlük verdilər. İndi insanlar evlərində, yaşayış komplekslərində, restoranlarda daha çox yaşıllıq əkməyə başlayıblar. Pandemiya zamanı yaşıllaşdırmaya tələbat artdı və bu, ehtimal ki, hamının evdə olması və insanların özlərini bir şeylə məşğul etmək, ətrafında daha çox rahatlıq yaratmaq istəmələri ilə əlaqədardır”.

“Hollandiyadan da məhsul idxal etdik, bu, təxminən bazarın 30%-dir. Qalan hissəsi yerli istehsaldır. Bitkilərin əksəriyyətini özümüz istehsal edirik, amma tam olaraq iqlimimizdə kök salan bitkilərdən söhbət gedə bilər. Bunlar küçə, ev və digər qapalı sahələr üçün bitkilərdir. Bizdə üç milyondan çox miqdarda 300 növ bitki var. Planlar əhalini öz məhsullarımız ilə 100% təmin etməkdir. Növbəti bir-iki ildə bitki və çiçəklərimizin Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Gürcüstana ixracını təşkil etmək istəyirik”, – həmsöhbətimiz bildirib.

“Məsələn, Rusiyada geniş bazar və böyük perspektivlər var. Parklarımızı abadlaşdırmaq üçün çox sayda açıq bitkiyə ehtiyac olduğuna görə, təkliflərimizi 2022-ci ildə Dünya Kubokunun keçiriləcəyi Qətərə də verdik. Cavab gözləyirik”, – deyə Əmiraslanov vurğulayıb.

Kəsilmiş çiçəklər bazarına gəlincə, mütəxəssis söyləyib ki, Zirə, Türkan, Qəbələ və eyni zamanda Şəmkirdə buket çiçəklərinin yetişdirildiyi istixanalar fəaliyyət göstərir: “Yerli bazarı təmin edirlər, lakin yenə də mal çatmır və Ekvador, Keniya və Hollandiyadan gətirilir. İxracata gəlincə, Sovet dövründə Abşeron kəndlərində ixrac üçün böyük miqdarda qərənfil yetişdirilərək, Rusiyanın müxtəlif şəhərlərinə ixrac olunurdu. İndi belə deyil”.

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov hesab edir ki, artıq çiçəkçiliyi dirçəltməyə başlamaq lazımdır. “Əvvəllər Azərbaycan qərənfilləri keçmiş Sovet İttifaqının digər respublikalarında satılırdı. Lakin indi bu çiçək yas, kədərlə əlaqəli olduğu üçün çoxları arasında populyar deyil. Bu səbəbdən qərənfil əkməklə məşğul olanlar əllərini soyutdular”, – deyə o, şərhində bildirib.

Müsahibimiz qərənfilin yalnız qırmızı rəngdə deyil, müxtəlif rənglərdə olan gözəl bir çiçək olduğunu diqqətə çatdırıb: “Bundan əlavə, nəticədə indi daha aktual olan digər çiçəklərə üstünlük vermək mümkündür. Məsələn, qzızlgül həmişə populyardır, üstəlik ləçəklərindən mürəbbə, gül suyu və efir yağı da istehsal edə bilərsiniz. Məsələn, Slavyanka kəndində bir biznesmen satış üçün pionlar yetişdirir və onlara tələbat var. Bu prosesi Hollandiyadan öyrənməliyik, bu ölkə bütün dünyaya çiçəklər göndərir və bundan yaxşı pul qazanır”.

İsmayılova görə, ilk növbədə qonşu ölkələrin bazarlarına, xüsusən rəqabətli məhsulla daxil ola biləcəyimiz geniş Rusiya bazarına diqqət yetirmək lazımdır.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev açıqlamasında bazarımızın həcminin məhdud olduğunu, lakin qızılgüllərin yetişdirilməsinin perspektivlərinin olduğunu qeyd edib: “Hələ ixrac edə bilməsək də, daxili bazarımızı təmin edə bilərik. Ümumiyyətlə, çiçəklər üçün bazar tapmaq asan deyil. Rusiya bazarı uğrunda bir müharibə var, çiçək ixrac etmək istəyiriksə, xarici bazarları maraqlandıracaq bir şey tapmalıyıq”.

“Bir çox insanlar indi güllərin heç bir qoxusunun olmadığından şikayət edir, amma burada hər şey gülün sortundan asılıdır və indi daha çox xarici görünüşə diqqət yetirilir. Bütün gül spektrini əhatə etmək mümkün deyil, ancaq öz yerinizi tapa bilərsiniz ”, – deyə ekspert bildirib.

Ağayevin fikrincə, istehlakçımızın böyük miqdarda çiçək almağa hazır olub-olmadığını göstərən daxili bazarın təhlilini aparmaq lazımdır: “Xüsusilə, indi əhalinin alıcılıq qabiliyyətinin azalması və pandemiya səbəbiylə kütləvi tədbirlərin olmaması, xüsusən də toylar səbəbiylə bizdə çiçək alanlar azdır. Çiçək istehsalçımızı qorumalıyıq, çünki bu bazar çox həssasdır”./ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.