Massallıda təhsilin qara günü və ya Ey təhsili-müdir əmiri-muxtar olduğun sənələrdə nə qayırmısan

3-05-2021, 12:50           
Massallıda təhsilin qara günü və ya
Həə, mənim əzizlərim, Masallıya gəlməyi bilmərrə ürəyimdən çıxarmışdım. Fikrim başqa bölgələrə, puldan-paradan əlimə düşsə, xarici ölkələrə gedib ordan dürlü-dürlü hadisələri eşidib sizə ərz eləmək idi. Doğrusu, ilham pərim də könlümün əyriportuna qonub yavaş-yavaş mürgüləyirdi. Əmma sən saydığını say, gör fələk nə sayır. “Təhsil şikayətləri” deyilən bir qrupda ərz olunan rəvayəti oxuyub təəccübləndim.

Ondan ki, Masallıda son günlər xeyli qəribə şeylər baş verdiyini öyrəndim. Mən təəccüblənib qurtarmağa macal tapmamışdım ki, bir də gördüm gözünə döndüyüm ilham pərim qaçıb mindi əyriportda onu gözləyən əyripalana, necə razqom götürdüsə, mən yerimdən tərpənincə qoçağ pərinin sorağı Masallıdan gəldi. Böyləcə mən də məcbur olub gəldim ki ilham pərimi dilə tutub aparım Badi-Kubəyə. Mən pərini yola gətirincə Masallıda bəzi zadlar gördüm. Ərz edim, siz də hali olun.



Gəldim və nə gördüm?!.. Gördüm ki, əyalətdə bayram təmizliyi aparılır. Dürüstlük ayaq tutub yeriyir. Məsələn, əyyami-qədimdə bir iş görmək istəsən mütləq işin düşən adama şordan, pendirdən, yumurtadan, xoruzdan, paradan-puldan, baldan filandan hədiyyə edərdin ki, işlərinə rəvac verilsin. Biz belə görmüşdük. Indi elə zadlar daha yoxdur, qalıb əyyami-qədimdə. Bildim ki böylə-böylə işlərə görə hətta iki uşqol müdirini də işdən qovublar. Onlar da papaqlarını götürüb sakitcə gediblər işlərinin dalınca. Xub! Pək əla! Çox pakizə! Elə təzəcə bu işə sevinmək istəyirdim ki, böyürdən Kəblə Məmmədqulu kişi çıxıb dübarə söylədi:

– Mirzə, hələ birin də mən deyim, daha bərkdən sevin. Hələ bunlar toya getməlidir. Bir uşqol müdiri də silistçi ilə qazi arasında qalıb, çox güman ki, damlayacaqlar.

Bunu deyib Kəblə Məmmədqulu getdi. Day Kəbleyinin bu sözündən sonra sevinmək yadımdan çıxdı. Barmağımı dişlədim. Ürəyimə cürbəcür qara fikirlər gəlib çoxlu suallar gətirdi. Fikirləşdim ki, ayə, bu məmləkətdə 92 uşqol var. Onun da 3-ü yoxlanıb, ikisi işdən qovulub, biri də silist olunur. Əcəba, hamısın yoxlasalar neçəsi cəzalanar? Dövlətin başbilənləri müdiri-təhsildən soruşmazmı bəs sən hara baxırsan və bu kətili altina qoyub indiyənə kimi hansı əməllərlə məşğul olmusan? Əmiri-muxtar olduğun bu 5 sənədə nə qayırmısan? Cavab tapmadım.

Bir az soraqlaşdım ki suala cavab tapam. Amma dərinə getdikcə suallar da artıb beynimi dumanlandırdı. Məsələtün, öyrəndim ki, həmkarlar da bu işə qol qoyub. Düzmü edib yanlışmı? Orasını bilməm. Sadəcə şeytani bir sual əmələ gəldi ki, əcəba, bu həmkarlar görəsən işçini naçalnikdən qoruyur, ya naçalniki işçidən? Görəsən kimin həqqi-hüququnu müdafiə edir? Buna da cavab tapmadım.

Dübarə, oyrəndim ki, vallahi hələ uşqol müdirlərinin içində eləsi var ki, tanısan qəşş edib yıxılınca gülərsən. Təsvir edim siz də xəyal edin, bəlkə bir gün rastınıza çıxar. Əmma görsəniz qorxmayın. Başında buxara papaq, bəzən araqçın qoyub gözündə çeşmək taxan, yaxşı qulluq edilmiş saqqal (saqqalına həna yaxmaz) saxlayan, əynində arxalıq olan, ciblərində daim möhür və risaleyi-səriət, əlində daneyi-təsbeh gəzdirən bu zat seyyidi-molladır. Böylə bir zat idareyi-təhsilin dərvazəsindən içəri girəndə əssalam eyləyib keyfin-halın soruşmaqdan qoxmayın. Orta əsr mollalarını xatırladan bu adam müasir uşqol müdiridir. İstəynə təhsil verir, istəyənə dua yazir, ehtiyacı olana da sureyi-yasin oxuyub fatihəsini verir. Sözüm ondadır ki, müdir- möhtərəmin 5 sənə bundan əqdəm təyin etdiyi uşqol mudiridir.. Indi bu molla müdiri-uşqolun adı çəkiləndə müdirlər müdiri “bismillah” deyib barmağını dişləyir. Çün, yaxşı bilir, molla ona bir dua yazar ki, kəlləmayallaq olar. Daha dürüst səbəbini özündən soruşarsız, izhar edər.

Mətləbdən uzaq düşdüm deyəsən. Gələk müdiri-təhsilə. Cavandı, gözəl-göyçəkdir, buna söz yox. Cavanın səhvi olar, basa salarsan, day o səhvi dünya dağıla, təkrar eləməz. Bizimki əksinədir. Deyirsən ki, ay oğul, ay uşaq, ağır otur, batman gəl. Özun zəbani-cəhənnəm, axi dövlət o boyda usdul verib, vəzifə verib sənə, gəl bu daşı ətəyinən tök. Qıza-gəlinə kəm baxma,. Deyir ki, yox e, kişi bazlıq edər. (day orasın bilmirəm aşbazlıqmı, sərbazlıqmı, canbazlıqmı yoxsa arvadbazlıqmı nəzərdə tutur). Deyirsən ey xanəxərab, meyxanələrdə cövlan vurub meyə meyil salma, əyyaşlıq eləmə, sərxoş olub ağlına gələni danışma, ayıbdır. Dərhal deyir ki, sənə nə mənim mey icib keyf eləməyimdən? Elə zənn edir ki, ona paxıllıq edirsən. Day bilmirəm beləsinə nə deyəsən, necə başa salasan.

Sonra ağlıma girir ki, bunu başa salsa, salsa əyalətin hakimi başa sala bilər. Gərək o kişiylə bir məsləhətləşim. Çün o kişi də bilir ki, qurumuş ağacın budaqlarını kəsməklə, ağac göyərməz. Gərəkdür , ağacı kökündən çıxarıb onun cuxuruna yenisini əkəsən ki, zamanında meyvəsindən dərib nuş edəsən, kölgəsində dincələsən. Yani uşqol müdirlərini qovmaqla təhsili-ümumidə məsələ həll etmək olmaz. Lazımdir ki, uşqol müdirlərini batıran səbəbi aradan götürəsən. Səbəb isə yekdir: təhsili-müdiri-əzəm özü əyridir.

Sözümün nəhayəti, ümid qalıb hakimi-əyalətə ki, dövləti təmsil edir. Dövlət də mavi dəniz kimi çirkabı götürməz. Əlqərəz, böylə qarışıq fikirlərdən pəjmürdəhal olub, ilham pərimi də çiynimə aldım, kor-peşiman payi-piyadə üz tutdum şəhri Bakuyə…

Mirzə Cəlil müəllim..
/guninfo.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.