Nəmər dəftərlərini tullayın getsin! - “Qiymət artımı sürətli şəkildə olsa...”

24-05-2021, 16:38           
Nəmər dəftərlərini tullayın getsin! -
Azərbaycanda toyların keçirilməsinə tezliklə icazə veriləcəyi gözlənilir. Toyların artıq açıq havada 50-60 nəfərlə təşkil ediləcəyi ehtimal olunur. Lakin mütəxəssislər hesab edir ki, Bakıda fəaliyyət göstərən restoranların təxminən 70-80 faizinin açıq havada toy təşkil etmək imkanı yoxdur. Bu isə o deməkdir ki, az sayda restoran toylarına bağlı sifariş qəbul edə biləcək.

Maraqlıdır, restoranların böyük əksəriyyətinin bu imkandan məhrum olması qiymətə artımına gətirib çıxara bilər?

Mövzu barədə Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qiymət artımının mütləq şəkildə baş verəcəyini vurğulayıb:

“Çox güman ki, sanitar qaydalar, dezinfeksiya ilə bağlı yeni tələblər qoyulacaq, masaların tutumundan qonaqların qəbulunadək hər şeyə diqqət yetiriləcək. Nəticədə yeni qaydaların tətbiqi əlavə xərclər tələb edəcək.

Əgər məhdudiyyət cəmi 50-60 nəfər qonaq sayı ilə olacaqsa, bu, maya dəyərinə ciddi təsir göstərəcək. Restoranlar qiymətləri artırmağa məcbur olacaqlar. Bu isə bir yerə qədər davam edəcək. Qiymət artımı sürətli şəkildə olsa, vətəndaşların bahalı restoranlarda toy etməyə marağı olmayacaq. Çünki qonağın toya ödədiyi vəsait onun maya dəyərinə bəs etməyə bilər.

Bu həm də yeni bir situasiya yaradır ki, Azərbaycanda bundan sonra toyların keçirilmə qaydaları da bəlkə dəyişdi. Əslində, dəyişsə, daha yaxşı olar. İllərdir bununla bağlı cəmiyyətdə müzakirələr gedir, amma çox təəssüf ki, hələ də bizdə bəhsəbəhs hökm sürür, həmişə masada 50 növ yemək olan toylar dəbdə olub, insanlar sanki statusunu göstərmək üçün toylardan istifadə ediblər. Bu isə doğru yanaşma deyil”.

Həmsöhbətimizin sözlərinə görə, artıq yeni bir toy mədəniyyətinin formalaşmasına ehtiyac yaranıb:

“Hətta biz Türkiyədə də görürük ki, çox varlı insanlar çox sadə toylar edir. Pandemiyanın gətirdiyi məhdudiyyətlər, qiymət artımı ilə bağlı məsələlər ola bilər ki, bizdə də toy mədəniyyətinin formalaşmasına səbəb olsun, toyların formatı dəyişsin. O zaman ucuzlaşma da olacaq, maya dəyəri də aşağı düşəcək və insanların cibinə daha az ziyan dəyəcək.

Sadəcə burada bir önəmli və problemli məsələ var ki, hər bir azərbaycanlının evində allı-güllü toy dəftəri var. Vətəndaş kimlərin toyuna gedibsə, qeyd edib. Hamı bir-birini borclu sayır. Bəlkə də bir halallaşma zamanıdır ki, insanlar o vəsaitdən öz beynində imtina eləsin. Çox baha olmayan, insanların əylənməsinə, heç olmasa qohumların toyda görüşüb söhbət etməsinə səbəb olan toy mədəniyyəti formalaşsın. İndiyədək həddən artıq səs-küylü, israfçılığın olduğu məclislər olub. Yeni format bəlkə də yeni toy mədəniyyətin formalaşmasına səbəb olar. Arzu edərdim ki, bu, belə olsun”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.