Qarabağ qazisinin intiharı - “Həkimlər gülürdülər ki, hamınız kəllə-beyin travması almısınız?”

30-08-2021, 15:29           
Qarabağ qazisinin intiharı -
Sığorta pulunu almadığına görə özünə qəsd edən 1-ci Qarabağ müharibəsi qazisi Rövşən Məmmədovun intiharı ilə bağlı yeni detallar məlum olub.

Bu barədə Qazilər Birliyinin Cəbrayıl rayon filialının sədri İxtiyar Hüseynov Cebhe.info-ya danışıb.

Sədr mərhumun bundan əvvəl də iki dəfə intihara cəhd etdiyini, lakin onun qarşısını aldığını deyib:

“Bir dəfə 5 mərtəbəli binanın üzərinə çıxıb özünü yerə atacağı ilə bağlı mənə şəklini atmışdı. Yalvarıb, onu fikrindən daşındırmışdım. Hər dəfə özünə qəsd etmək istəyəndə mənə deyirdi. Bu dəfə mənə demədi, kəndiri götürüb, gedib özünü asıb”.

İxtiyar Hüseynovun sözlərinə görə, qazinin intiharına səbəb müharibədə aldığı travmalara dözə bilməməsi, həmçinin səhiyyə sisteminin qazinin bu durumuna laqeyd yanaşması olub:

“Həkimlər demişdilər ki, onun psixi problemləri var. Onu dəfələrlə müalicə etdirmişik. Psixiatriya xəstəxanasında da müalicə olunub. Sonra məlum oldu ki, onun ürəyi, böyrəyi, prostatında da xəstəliklər var. Maddiyyat ucbatından xəstəxanada onu müalicə etdirə bilmirdik. Həkimə gedirdi, hərə bir resept yazırdı, xəstəxana şəraitində onu müalicə etmirdilər, yola salırdılar. Səhiyyənin özbaşınalığımı deyim, laqeydliyimi deyim, belə problemlər də baş verirdi. Adamın canı ağrıyanda bilmir nə etsin. Bu adam kəllə-beyin travması almışdı. Deyirdi ki, kəllə-beyin travması almışam, onun sözünə gülürdülər ki, nə oldu, elə hamınız kəllə-beyin travması almısınız?!“

İxtiyar Hüseynov deyir ki, sığorta pulu almağa gedərkən şirkətin əməkdaşları ilə dalaşıb:

“Deyib ki, mən neynirəm o pulu, öləndən sonra verəcəksiniz ?! Heç olmasa mən sağkən verin, özümü müalicə etdirim”.

İxtiyar Hüseynov əlavə olaraq bildirib ki, mərhum qazini sabah mühafizə işinə düzəltməli idi.

Qeyd edək ki, bu gün 1-ci Qarabağ müharibəsi qazisi Rövşən Məmmədov 25 ildir ala bilmədiyi sığorta pulunu istəmək üçün "Azərsığorta"ya gedib, lakin, alacağı pul ilə müsbət cavab eşitmədiyinə görə intihar edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.