“Azərişıq” abonentlərə necə borc “yükləyir”? - Standarta uyğun olmayan “Bildiriş”lərlə bağlı RƏSMİ CAVAB

8-09-2021, 00:01           
“Azərişıq” abonentlərə necə borc “yükləyir”? -
“Azərişıq” ASC ötən ay üçün əhalinin sərf etdiyi elektrik enerjisi üçün payladağı “bildiriş”lər bu dəfə fərqli olub.

Belə ki, qurumun “Jurnalistlər binası”nın sakinlərinə payladığı “Bildiriş” adət etdiyimiz standartdan kənar, adi “A4” kağızının üzərində olub. Yeni “Bildiriş”lərin üzərində isə “limit” və “limitsiz” sərf olunan elektrik enerjisi ilə bağlı heç bir məlumat qeyd olunmayıb.

Qeyd edək ki, ənənəvi “Bildiriş”lərdə 300 kvt.s limit, o cümlədən limitsiz sərfiyyat və hər biri ilə bağlı ayrılıqda məbləğ göstərilir.
“Jurnalistlər binasına” paylanan qeyri-standart “Bildiriş”də isə yalnız sərf olunan ümumi elektrik enerjisi və borc haqqında məlumat əlavə olunub.

Bununla yanaşı, yeni “Bildiriş”lərdə “əlavə sərfiyyat” bölməsi də var ki, bu da ənənəvi “Bildiriş”lərdə yoxdur. Digər narahatlıq yaradan məsələ isə əksər abonentlərə 90 manatdan yuxarı borcun yazılmasıdır. Sakinlərin dediyinə görə, bu, ötən ayla müqayisədə 30-40 manat çoxdur. Yəni ötən iyul və avqust aylarında elektrik enerjisindən eyni qaydada istifadə olunmasına baxmayaraq, bu ay məbləğin 30-40 manat yüksək olması sakinləri narazı salıb. İddia olunur ki, “Azərişıq” abonentlərin üzərinə sərf etmədikləri elektrik enerjisini borc şəklində “yükləyir”.

Ümumiyyətlə, “yeni”, A4 vərəqi üzərində yazılan “Bildiriş”lərin nə qədər hüquqi əsası var? Onlar borc sənədi kimi qəbul edilə bilərmi?

“Azərişıq” ASC yeni “Bildiriş” formasına keçirsə, limit və limitsiz sərfiyyatı niyə göstərmir?

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, sözügedən kağız “Bildiriş”lər aparat xarab olduğu üçün paylanıb:

“Aparat xarab olduğu üçün ənənəvi “Bildiriş”lərin paylanılmasında problem yaşanıb. Gecikməmək üçün kompüterdə çap olunaraq sakinlərə paylanılıb. Həmin “Bildiriş”lər hər kəsə deyil, az sayda sakinlərə paylanılıb”.

Borcların artıq yazılmasına gəlincə, Vaqif Aydınoğlu bildirib ki, bu ay “Azərişıq” tarixində rekord sərfiyyat göstəricisi qeydə alınıb:

“Borcların artıq yazılması iddiaları həqiqətəuyğun deyil”.

Məsələyə müəyyən qədər aydınlıq gətirilsə də, yenə açıq suallar qalmaqdadır. “Azərişıq” ASC-nin “Bildiriş” çap edən aparatı cəmi bir ədəddir ki, xarab olan zaman ənənəvi “Bildiriş”ləri çap etmək mümkünsüz olur? Borcların artıq yazılması məsələsi isə hər zaman quruma qarşı ən çox səslənən şikayətlərdən biri olub. Bu məsələ uzun müddətdir ki, həllini tapmır. Hər iki tərəf öz fikrini əsaslandırmağa çalışır.


Vilayət Muxtar
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.