Özəl klinikalar COVİD testi məsələsində heç cür insafa gəlmək istəmirlər, hökumət də məcbur etmək istəmir...

3-12-2021, 10:22           
Özəl klinikalar COVİD testi məsələsində heç cür insafa gəlmək istəmirlər, hökumət də məcbur etmək istəmir...
Rafis Bağırov: “Özəl klinikalar özləri COVİD testlərinin qiymətlərinə yenidən baxmalı və əhalinin vəziyyətini nəzərə almalıdır”

İnsanlar özlərini bir az narahat hiss edən kimi koronavirusa yoluxub-yoluxmadığını bilmək istəyir. Xüsusən də koronavirus xəstəliyinə uyğun gələn simptomları müşahidə etdikdə hər kəsin ağlından birinci COVİD infeksiyasına yoluxduğu keçir. Heç şübhəsiz, koronavirusa yoluxub-yoluxmadığını öyrənmək üçün test vermək tələb olunur.

Testlərin də qiyməti çox bahadır. COVİD-19 testlərinin qiymətlərinin baha olması da çox ciddi narazılıqlar doğurur. Burada diqqət çəkən əsas məqam odur ki, özəl klinikalar bu testlərə fərqli qiymətlər qoyur və günü-gündən bahalaşdırır. Son zamanlar mütəxəssislər də, xəstələr də həyəcan təbili çalırlar ki, qiymətlər çox bahadır, aidiyyəti qurumlar qiymətlərə müdaxilə etməli, vahid qiymət tətbiq edilməlidir.

Ümumiyyətlə, özəl klinikalarda testlərin vahid qiymətə olması üçün hansı addımlar atılmalıdır? Ekspertlər deyir ki, Azərbaycanda koronavirus testləri çox bahadır və hətta apteklərdə belə ekspress testlərin qiyməti müxtəlifdir. Camaat isə bu bahalığa görə analizə getmək istəmir. İnsanların əksəriyyəti bahalıqdan şikayətlənir. Ekspertlərin sözlərinə görə, COVID-19 pandemiyası yayıldıqdan sonra bir çox özəl səhiyyə qurumlarının əsl mahiyyəti üzə çıxdı və onların əksəriyyəti əhalinin cibini soymaqla məşğul olur. Ekspertlərin sözlərinə görə, COVİD testlərinin baha olması və müalicənin də baha başa gəlməsi, əlbəttə ki, insanların vəziyyətini daha da pisləşdirir və COVİD testlərinə nəzarət gücləndirilməlidir. Əsasən də testlərin qiymətinə nəzarət artırılmalıdır və bu diqqətdə saxlanılmalıdır.

“Bu sahədə ciddi problem odur ki...”

Tanınmış həkim Rafis Bağırov hesab edir ki, hökümətin bu prosesə müdaxilə etməsi düzgün olmazdı, amma özəl klinikalar və apteklər özləri daxillərində qiymətləri əhalinin cibinə, imkanlarına uyğunlaşdırmalıdır. “Bu sahədə ciddi problem odur ki, bazara müdaxilə etmək olmur. Hər yerdə istəyirlər ki, dövlət bu məsələlərə müdaxilə etməsin. Azərbaycanın dərman bazarına Tarif Şurası müdaxilə etdi və dərman bazarını yaman günə qoydu. İndi isə keyfiyyətli dərman tapmaq olmur. Düzdür, qiymətlər çox bahadır, amma özəl klinikaların qoyduğu tariflərə dövlətin müdaxiləsi düzgün olmazdı. Özəl klinikalar özləri COVİD testlərinin qiymətlərinə yenidən baxmalı və əhalinin vəziyyətini nəzərə almalıdır. Özəl klinikalarda COVİD testlərinin qiymətlərinin eyni olması da mümkün deyil. Çünki onlara qoyulan vergi, gömrükdə ödədikləri rüsum olduqca bahadır. Hər kəs verdiyi pulu çıxarmaq istəyir. Bu problem də var. Apteklərdə də COVİD testləri müxtəlif qiymətədir. Eyni ekspress testlər, tutaq ki, bir yerdə 8, başqa yerdə 25 manatadır. Vəziyyət bu cürdür”- deyə ekspert bildirdi.

Əli TURABOV
Mənbə: Bakixeber.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.