Tural Səfərovun "ikibaşlı" arzusu: “İlham Əliyev Naxçıvanı da xilas edəcək” - TƏFƏRRÜAT

24-12-2021, 17:18           
Tural Səfərovun "ikibaşlı" arzusu: “İlham Əliyev Naxçıvanı da xilas edəcək” - TƏFƏRRÜAT
“Şərq qapısı” qəzetinin sabiq Baş redaktoru Tural Səfərov Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə qələmə aldığı məqalədə onun xilasedicilik missiyalarından bəhs edib. Amma nədənsə, özünün Naxçıvan “Quantanamo”sundan necə xilas olunduğunu da yazıya əlavə edilməyi unudub. Halbuki, bu qurtuluşun detalları Azərbaycan oxucuları üçün daha yeni məlumat olardı və öz başına gələnləri zikr etməklə jurnalist həm də ölkə başçısına və Birinci Vitse-prezidentə təşəkkür borcunu ödəmiş sayılardı.

Bununla belə, Tural Səfərov məqaləsində ikibaşlı bir cümlə ilə Naxçıvanın da xilas olunacağı günü səbrsizliklə gözlədiyini etiraf edərək yazıb: “İlham Əliyev növbəti mərhələdə Naxçıvanı da xilas edəcəkdir”.

Məqalənin sonunda isə İlham Əliyevin şəxsən onun özünün də xilaskarı olduğuna sanki eyham vuran müəllif bildirir: Yubileyiniz mübarək, mənim Xilaskarım!

Məhz həmin 2 cümlənin xətrinə Modetaror.az-da dərc olunan yazının tamamını oxucuların diqqətinə çatdırırıq.

Çağdaş filosof Əbu Turxan yazır: “Böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər”. Tarix sübut edib ki, bəzən şəxsiyyətlər millətləri yetişdirir, gələcəyə hazırlayır. Bu, o zaman baş verir ki, xalq uzun müddət əsarətdə qaldıqdan sonra millət olmaq müqavimətini itirir, müstəqil dövlətini qurmaq, azad yaşamaq üçün özündə güc tapa bilmir. Məhz belə bir tarixi dövrdə Ulu Tanrı müstəqil dövlət qurmaq əzmi bəxş etmiş xalq üçün bir xilaskar göndərir, onu yenidən öz milli dövləti olan millətlər cərgəsinə qoşur.

O xalq xoşbəxtdir ki, onun xilaskarı müəyyən bir tarixi dövrdə insanları düşdüyü bəlalardan qurtarmaqla yanaşı, xalqı gələcəkdə üzləşə biləcəyi təhlükələrdən qorumaq üçün əbədi xilaskarlıq yolu müəyyənləşdirir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi xilaskarlıq yolu xalqımızı hələ neçə yüzillər böyük təhlükələrdən qoruyacaq, müstəqil dövlətimizin qarantı olacaqdır.

Xalqımızı yox olmaqdan xilas edən yolun başlanğıcında O, bu işin asan olmayacağını bilirdi. Tarixi taleyinin burulğanlarında müxtəlif dalğaların zərbələrinə məruz qalaraq sulara qərq olmaqda olan Azərbaycan gəmisini bu dalğaların əhatəsindən xoşbəxt gələcəyə aparmaq asan deyildi. Bu burulğanda şimaldan, cənubdan, qərbdən əsən küləklərin yaratdığı dalğaların hərəsinin öz missiyası var idi. Azərbaycan adlı gəmi bu dalğaların hər hansısa birinin ağuşuna sığına bilərdi. Lakin bu, onun öz yolu ilə gedərək “MÜSTƏQİL AZƏRBAYCAN” adlı mənzil başına çata bilməməsi ilə nəticələnəcəkdi.

Bütün bunları reallaşdırmaq, gəmini mənzil başına çatdıra bilmək üçün isə böyük fədakarlıq, həyatını xalqının yolunda qurban vermək tələb olunurdu. Təkcə öz həyatını deyil, övladlarının da həyatını Vətən yolunda, müstəqil Azərbaycan naminə qurban vermək lazım idi. Nəticədə, bütün dünyanın qəbul etdiyi, super dövlətlərin belə öhdəsindən gələ bilməyəcəyi çətinlikləri aşan qüdrətli bir dövlət qurulacaqdı.

Xilaskarlıq missiyasının çox böyük hədəfləri var. Ulu öndər Heydər Əliyev xalqımızı bu hədəflərə çatdıra bilmək üçün okeanda bütün sərt dalğalara sinə gərəcək nəhəng bir Azərbaycan gəmisi inşa edib və onun sükanını İlham Əliyev kimi qüdrətli bir dövlət xadiminə etibar edib.

Əgər İlham Əliyev olmasaydı, Heydər Əliyevdən sonra xarici qüvvələr tərəfindən idarə olunanlar Azərbaycanı parçalayacaq və məhv edəcəkdi. O, ilk dəfə Prezident seçiləndən bir gün sonra böyük hədəflərə istiqamətlənmiş Azərbaycanı öz yolundan döndərməyə, xalqımızı yenidən faciələrə sürükləməyə, dövlət müstəqilliyimizi sarsıtmağa cəhd edənlərə qarşı prinsipial mövqe tutaraq xilaskarlıq yolunu davam etdirmək əzmini bütün dünyaya göstərmişdi. Beləliklə, O, xilsakarlıq missiyasını Azərbaycanı qorumaqla davam etdirməyə başlamışdı. Hələ o vaxt Azərbaycan xalqı əmin olmuşdu ki, dövlətimiz etibarlı əllərdədir.

2003-cü ildən ötən dövrdə İlham Əliyev öndərliyində Azərbaycan bir sıra çətinliklərdən xilas edilərək yeni inkişaf mərhələsinə qədəm qoydu.

2020-ci ildə baş verən hadisələr isə Prezident İlham Əliyevin həm bu xalqın xilaskarı, həm də müdrik dövlət xadimi olduğunu bir daha sübuta yetirdi. Ötən il koronavirus pandemiyası bütün dünyanı öz cənginə aldı. Dünyanın ən inkişaf etmiş dövlətləri belə bu xəstəliklə mübarizədə aciz vəziyyətdə qaldılar. Dünya nəhəngləri olan Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Avropa ölkələrində baş verən hadisələr bizə məlumdur. Bu ölkələrdə koronavirusa yoluxma və ölüm halları sürətlə artdı, iqtisadiyyatlar böhranlı vəziyyətə düşdü, insanlar çıxış yolu tapa bilmədilər. Onlardan fərqli olaraq, Azərbaycanda nəinki koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatı xilas olundu, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görüldü, postpandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edildi.

Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi Azərbaycanı böyük bir fəlakətdən xilas etdi.

Xilsakarlıq missiyasının növbəti mərhələsi itirilmiş əzəli Azərbaycan torpaqlarının geri qaytarılmasıdır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ötən il xalqımızın ən böyük problemi öz həllini tapdı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi ilə biz təkcə Qarabağ problemini həll eləmədik, həm də qürurumuzu özümüzə qaytardıq. İkinci Qarabağ savaşı parçalamaq, pərən-pərənə salmaq istədikləri xalqımızı birləşdirdi, bütövləşdirdi. Müharibə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının heysiyyatı, qüruru ilə oynamaq olmaz.

Tarix boyu bu xalqı dəfələrlə məhv etməyə çalışıblar. Ancaq o, yenidən var olmağı bacarıb, dirçələ bilib. Xalqımızın hər bir övladı əli hər yerdən üzüləndə Vətəndən yapışıb. Hamı Vətəndən yapışanda isə birləşib, daha güclü olub, haqqının tapdalanmasına imkan verməyib.

Bu dəfə də belə oldu. 30 il haqsızlığa, ədalətsizliyə dözən Azərbaycan xalqı yenə Vətənindən yapışıb öz problemini özü həll etmək istədi. Ancaq indi vəziyyət başqa idi. Dünyanın böyük gücləri daha amansız, daha vicdansız, daha insafsız olmuşdu. Onlar bu xalqı elə yormuşdular ki, indi onun Vətənindən yapışıb birləşməyə heç illacı qalmamışdı.

Bir möcüzə baş verməli, kimsə Vətən olmağı bacarmalı idi. Ki, əli hər yerdən üzülənlər ondan tutub ayağa qalxa bilsin. Bu möcüzəni Prezident İlham Əliyev yaratdı, hər kəs Onun ətrafında biləşib ayağa qalxa bildi. Beləliklə, Prezident İlham Əliyev 200 illik tarixi gedişi dəyişdirərək bölgədə yeni reallıq yaratdı. O öz adını Azərbaycanın tarixinə Qarabağın və Şərqi Zəngəzurun Xilaskarı kimi əbədi həkk elədi.

Xalqımız bilir ki, Prezident necə çətin bir işi reallaşdırıb, hansı təhdid və təzyiqlərə sinə gərərək torpaqlarımızı düşmən tapdağından azad edib, bunun üçün kimlərlə mübarizə aparıb. Fakt odur ki, dünyanın güc mərkəzləri yeni dünyanın güclü lideri ilə hesablaşmağa məcbur olublar. Onlar da bilir ki, İlham Əliyev üçün Azərbaycanın müstəqilliyinin, dövlətimizin ərazi bütövlüyünün qorunmasından önəmli heç nə yoxdur. Bu həm də yeni tarixi mərhələnin liderinə Ulu Öndərimizin vəsiyyəti idi.

Prezident İlham Əliyev xilaskarlıq missiyasını davam etdirir. İlham Əliyev növbəti mərhələdə Naxçıvanı da xilas edəcəkdir. Zəngəzur dəhlizinin açılmasından sonra muxtar respublika blokada məngənəsindən çıxarılacaq, bölgənin ölkəmizin əsas ərazisi ilə quru əlaqəsi yaradılacaq və daha sürətli inkişafı təmin ediləcəkdir.

Bildiyimiz kimi, 1920-ci ildə Zəngəzurun zorla Ermənistana birləşdirilməsindən sonra Naxçıvan blokadaya salınıb. Blokadaya görə muxtar respublika statusu verilən Naxçıvan Azərbaycanın əsas hissəsindən təcrid olunmuş vəziyyətdə yaşamağa məcbur edilib. Naxçıvanlılar 30 ildən çoxdur ki, öz həyatlarında blokadanın çətinliklərini hiss edirlər. Naxçıvanda yaşayanlar mövcud vəziyyətin, yəni blokadanın nə demək olduğunu yaxşı bilirlər.

Qüdrətli dövlətimiz naxçıvanlılara hər nə qədər blokadanın çətinliklərini hiss etdirməməyə çalışsa da, ömründə bircə dəfə İran ərazisindən keçib Bakıya gələn muxtar respublika sakinləri, yaxud əzizinin dəfnində iştirak etmək üçün Naxçıvana təyyarə bileti tapa bilməyənlər blokadanın ağrı-acısını iliklərinə qədər hiss ediblər. Ona görə də Zəngəzur dəhlizi Naxçıvan üçün nəfəslikdir. Və İlham Əliyev Naxçıvana nəfəs verir.

Zəngəzur dəhlizinin yaradılması Naxçıvanı təkcə blokadadan çıxarmayacaqdır. Bu nəqliyyat dəhlizinin açılmasından sonra muxtar respublika logistik mərkəzə çevriləcəkdir. Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsinin təmin edilməsi Naxçıvanın iqtisadi inkişafına təkan verəcək, bölgəyə investisiya qoyuluşunu stimullaşdıracaq, yeni istehsal müəssisələrinin yaradılmasına, əlavə iş yerlərinin açılmasına səbəb olacaqdır.

Zəngəzur dəhlizinin açılması Türk dünyasının coğrafi birləşməsidir. İlham Əliyevin qətiyyəti həm də bu tarixi ədaləti bərpa edir. Deməli, bizim Liderimiz Türk dünyasının qırılmış əlaqəsinin xilaskarı kimi dünya tarixində əbədə yaşayacaqdır.

Zəngəzur dəhlizi Ermənistan üçün də tarixi fürsətdir. Bu dəhlizin açılması hər gün məhvə doğru sürüklənən Ermənistanın xilası üçün olduqca vacibdir. Revanşistlərdən fərqli olaraq, erməni cəmiyyətinin ağıllı adamları başa düşür ki, onları ancaq İlham Əliyev xilas edə bilər. Deməli, Prezident İlham Əliyev həm də bütün Cənubi Qafqazda sabitliyin xilaskarına çevrilir. Belə bir xilaskarlıq missiyasını reallaşdırmağı isə bu bölgədə tarixin heç bir dövründə heç bir siyasi lider bacarmayıb.

Prezident İlham Əliyev yeni tarix yazır. O, Heydər Əliyev kimi, Azərbaycan xalqının inamını özünə qaytarır, xalqı bir yumruq kimi birləşdirməyə nail olur. O, İlham Əliyev məktəbinin yetirməsi, ən sadiq silahdaşı Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycanı daha qüdrətli dövlətə çevirir. O, yeni dünya düzəninin formalaşdırılmasında fəal iştirak etməyə iddialıdır. O, bu niyyətini reallaşdıraraq kiçik ölkə olan Azərbaycanı dünyanın böyük siyasi mərkəzinə çevirmək istəyir. Artıq Azərbaycan dünyada müəyyən siyasi qərarların qəbul edilməsində həlledici rol oynayır.

O, 60 illik ömründə Azərbaycan üçün 600 ilə bərabər işlər görüb, xalqımızın əsrlərlə çözülməmiş problemlərini həll edib. İlham Əliyev qüdrətli dövlət başçısı, Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə, xalqımızın Vətən olmağı bacaran Xilaskarıdır. Bu tarixi xidmətlərinə görə, İlham Əliyev Azərbaycan xalqının hər bir övladının xilaskarına çevrilib, insanların qəlbində əbədiyaşarlıq hüququ qazanıb.

Yubileyiniz mübarək, mənim Xilaskarım!

Tural Səfərov,
tədqiqatçı-jurnalist //ovqat.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.