Şaxta Babadan istəklər: Qaz-işıq, yanacaq qiymətləri, uşaqpulu...

27-12-2021, 08:14           
Şaxta Babadan istəklər:
Yeni ilin gəlməsinə sayılı günlər qalır. Bu il də sıradan bir il oldu. Bəzən deyirlər ki, “bu il mənə düşmədi”, və yaxud “bu il mənə düşdü”...
Bu il əksər insanlar üçün bu iki cümlənin arasında qaldı. Necə gəldi, necə keçdi bilmədik. Bəzilərimiz ciddi qərarlar verib, özünə yeni həyat qurdu, bəziləri boşandı. Bəziləri yeni təhsil pilləsinə qədəm qoydu. İlin ən çox yadda qalan prosesləri sırasında uşaq pulunun tələb edilməsi, ötən ildən gələn qələbədən sonra verilən islahatlar, tanınmış simaların yoluxma qurbanı olması, sosial paket islahatı, əmək haqqının və təqaüdlərin artırılması, Brüssel görüşü, Türkdilli Xalqların Əməkdaşlıq Təşkilatının görüşü və s. oldu.

Bəzilərinin arzusu gözündə qaldı, bəziləri yeni arzulara yelkən açdı. Onlarla qadın zorakılıq qurbanı olub, qətlə yetirildi. İmişlidə 11 yaşlı qızın atalığından uşaq dünyaya gətirməsi, Xətaidə 13 yaşlı qızın atasından hamilə qalması, açılmayan Nərmin cinayəti, şantaj edilən qadın və qızların intiharları, işinə xitam verilənlər, ölkədən gedənlər, karantin dövrü, maska cəzaları... Hamısı bir-bir vətəndaşın yaddaşına qazıldı. Nə qazandıq, nə itirdik. Bu, fərdidir. Yəni hamı oturub bir anlıq ilin necə keçdiyini düşünsə, qazanclarını da, itirdiklərini də gözünə önünə gətirə bilər.

Ramil Bayramlı vəzifəsindən getdi, Qorxmaz Hüseynov vəzifəsindən göndərildi. Cavid Qurbanov yenə vəzifəsindədir, Cahangir Əsgərova "dodağın üstə bığın var" deyən yoxdur. Sahil Babayevdən şikayətlər boy qədər, deputatlar qış yuxusundan ayılmaq istəmir. BNA cərimə toplamaqla məşğuldur. Dollar sabit qalsa da, qiymətlər ceyran belində. Həbs edilənər, dövlət malını yeyənlər. Vüqar Səfərli 10 il azadlıqdan məhrum edildi. Əli Həsənovun səsi-səmiri gəlmir. Oqtay Şirəliyev qeybə çəkilib. Və yeni “Media qanunu” qəbul edildi.

Beləcə kimin üçünsə ağrılı-acılı, kim üçünsə uğurlu bir ili geri qoyduq. Yeni Pələng ili gəlir. Yeni ildən nə istərdik:

Ən önəmlisi güclü səhiyyə. Çünki səhiyyəsi yaxşı olmayan bir ölkə gücsüz, ölkədir. Azərbaycanda isə, Səhiyyə Nazirliyi də TƏBİB də, eyni sistemlə işləyir. Yəni bu sahədə zəifik, gücsüzük. Bir sistemin əməkdaşları peyvənd pasportunu saxtalaşdıra bilirsə, bir sistemdə ki, xəstəyə gəzən manat kimi baxılırsa, bir sistemdə rüşvət varsa, deməli, o sistem kökündən məhv edilib, yenisi ilə əvəz edilməlidir.
Sonra təhsil sisteminin gücləndirilməsini arzulayardıq. Rüşvətsiz və bərabər hüquqlu təhsil olsun.
Arzulayardıq ki, qadın qətlləri azalsın. Hüquq mühafizə orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz işinə daha ciddi yanaşıb, qadınların qarşılaşdığı zorakılıqların qarşsının alınmasına, azalmasına dəstək olsun.
Arzulayardıq ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsul şəxsləri uşaqlar üçün uşaq pulu təyin etsin. Yeri gəlmişkən nazir demişdi ki, uşaqlara 100 manat verilsə, uşaqlar daha çox dünyaya gələcək. Cənab nazir, 100 manatla uşaq saxlamaq olur??? Yeni ildə reallığa uyğun hesablamalar arzu edirik...
Əslində çox arzularımız var. Bilirik ki, Azərbaycan reallığında bu arzular çox optimist görünür.

Kimdən istəyək arzularımızı? Bəlkə, Şaxta Babadan ya Santa Klausdan?

Deyirlər Şaxta Baba gəlir: 60 ildən artıqdır ki, NORAD və keçmiş Kontinental Hava Hücumundan Müdafiə Komandanlığı (CONAD) Santa Klausun uçuşunu izləyir. Sehirli səyahətə çıxan Santa Klausu siz də "noradsanta.org/en/" saytından izləyə bilərsiniz.

Bəs siz yeni ildən nə istəyirsiniz?

İsti ev, bahalı avtomobil, Tarif Şurasının ləğv edilməsini, dolların ucuzlaşmasını, qaz-işıq limitinin ləğvini, yanacağın ucuzlaşmasını?.. Sizin arzularınız nədir?

İlahin, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.