İnvestisiya bankçılığı hansı imkanlar yaradır?

28-12-2021, 07:43           
İnvestisiya bankçılığı hansı imkanlar yaradır?
İnvestisiya bankları müxtəlif növ şirkətlər üçün borc cəlb edilməsində və ya qiymətli kağızlar emissiyasında yardımçı olur, qiymətli kağızların alqı-satqısında köməlik edir.

Eləcə də kompaniyaların birləşməsi, udulması və yenidən qurulması işlərini gerçəkləşdirməyə kömək edir, həm institutlar, həm də şəxsi investorlara broker xidmətləri təklif edir. Hələ 1930-cu ildə ABŞ bankları böyük depressiya illəri səbəbindən kommersiya və investisiya banklarına bölünmüşdü.

2007-2009-cu illərdən sonra isə bu məsələ yenidən gündəmə gəldi və Böyük Britaniya, o cümlədən ABŞ yenidən investisiya bankçılığının kommersiya bankçılığından ayrılması məsələsini müzakirə etdi. Bir çox investisiya bankları ya iri bank müəssisələrinin tərəfdaşları, ya da ixtisaslaşmış törəmələridir və zaman keçdikcə məşhurluq qazanmışlar.

Onlardan ən iriləri “Goldman Sachs”, “Morgan Stanley”, “JPMorgan Chase”, “Bank Of America”, “Merrill Lynch və Deutsche Bank” banklarıdır. Ümumilikdə götürdükdə, investisiya bankları geniş, mürəkkəb maliyyə əməliyyatlarında iştirak edirlər. Bu konsaltinq əməliyyatlarından tutmuş, investisiya bankının müştərilərinə birləşmə, udulma və treyding (ticarət) əməliyyatlarında yardımı da əhatə edir. Azərbaycanda da investisiya banklarının yaradılması və ya investisiya şirkətlərinin investisiya banklarına çevrilməsi ilə bağlı ötən il müzakirələr aparılmışdı.

Hazırda ölkədə investisiya bankçılığının fəaliyyəti hansı səviyyədədir?

İqtisadçı-ekspert Ruslan Atakişiyev Cebhe.info-ya bildirdi ki, investisiya bankçılığı investisiya layihələrinin maliyyələşdirilməsində iştirak edirlər:

“Sadəcə olaraq, investisiya bankçılığının bir tərəfi ondan ibarətdir ki, banklar haqqında qanunvericilikdə islahat aparılsa, banklar müəssisələrlə birgə ortaqlıq prinsiplərinə əsasən, investisiya qoymaq imkanı əldə edirlər.

Həmçinin onların ticarəti maliyyələşdirmək kimi də bir funksiyası formalaşdırılır. İnvestisiya bankları daha çox sərmayələrin yatırılması, ortaq işlərin görülməsinə yönləndirir. Bu həm də sahibkarlığın, ucuz, əlçatan maliyyə mənbələrinə çıxması baxımından əhəmiyyət kəsb edir”.

Ekspert deyir ki, bizdə əvvəllər “Azərbaycan Beynəlxalq Bankı”, “Nikoil bank” kimi banklarda belə təşəbbüslər olub:

“Ancaq əsaslı olaraq olmayıb. İnvestisiya bankçılığı fəaliyyətə başlasa burada, məsələn, kimsə Göyçayda, yaxud Lənkəranda zavod, fabrik qurmaq istəyərsə, investisiya yatırmaqdan söhbət gedir.

İnvestisiya bankçılığı sahibkarlıq baxımından əhəmiyyət kəsb edir. Sahibkarlar əlavə maliyyə vəsaiti əldə etmək imkanı qazanırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.