2022-ci ildə Azərbaycanda ərzaq qıtlığı olacaq? - İqtisadçıdan AÇIQLAMA

28-12-2021, 16:11           
2022-ci ildə Azərbaycanda ərzaq qıtlığı olacaq? - İqtisadçıdan AÇIQLAMA
"Son günlər 2022-ci ildə ərzaq qıtlığı olacağı ilə bağlı xəbərlərə dünya və yerli mətbuatda rast gəlinməyə başlayıb. Amma bu proqnozlar əksər hallarda digər məqsədlərə xidmət edir”.

Bunu iqtisadçı Eldəniz Əmirov Sfera.az-a açıqlamasında deyib. O bildirib ki, bədbin proqnozlar həmişə sürətlə yayılır və müəllifini daha məhşur edir:

"”Blomberg”in 2022-ci ildə aclıqla bağlı verdiyi proqnozdan bir gün sonra Britaniyanın "Cebr” konsaltinq şirkətinin hesabatında deyir ki, 2022-ci ildə qlobal iqtisadiyyat rekord həddə çataraq, 100 trilyon dolları keçəcək. 2022-ci ildə Hindistanın Fransanı, 2023-də İngiltərəni, 2033-də isə Almaniya və Yaponiyanı ötəcəyi qeyd olunur. O ki qaldı Azərbaycana, bizimlə bağlı verilmiş neqativ proqnozları da ciddi qəbul etmirəm. 2021-ci ildə ərzaq təhlükəsizliyinin təmin olunması üçün təxminən 450 milyon manatdan artıq vəsait ayrılmışdı. Bu, 2020-ci illə müqayisədə 11% daha çox idi. Sözügedən vəsaitin həcminin 2022-ci ildə daha da artırılacağı proqnozlaşdırılır. Təkcə kənd təsərrüfatına 997,3 milyon manata yaxın məbləğ ayrılacaq və bu, 2021-ci illə müqayisədə 55 milyon manat daha çoxdur. Birbaşa ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2022-ci ilin dövlət büdcəsində də bu işə təxminən 456 milyon manatın ayrılması proqnozlaşdırılır”.

Ekspert qeyd edib ki, bu istiqamətdə problem Ermənistanda yaşanacaq:

"Ermənistan öz ərzaq ehtiyaclarının böyük hissəsini bizim işğaldan azad etdiyimiz ərazilərimizdə əkdikləri dənli bitkilər hesabına ödəyirdi. İndi nə torpaq var, nə buğda. Təbii ki, Azərbaycan da öz taxıl ehtiyaclarının böyük hissəsini idxal hesabına ödəyir. Amma bunu həyata keçirmək üçün Azərbaycanın həm maddi, həm də digər imkanları var. Odur ki, 2022-ci ildə Azərbaycanda hansısa ərzaq təhlükəsizliyi problem haqqında danışmaq absurddur. Ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı qorxulu risk yoxdur və yaxın illərdə gözlənilmir”.

Günay Rəsulqızı
Sfera.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.