Azərbaycanda bu dərmanlar niyə yoxa çıxıb? – Həkimdən həyəcan təbili

31-12-2021, 10:33           
Azərbaycanda bu dərmanlar niyə yoxa çıxıb? – Həkimdən həyəcan təbili
“Azərbaycanda mövsümi xəstəliklərdə istifadə olunan dərmanlar yoxa çıxıb. Valideynlər çox əziyyət çəkir. Dünən yazdığımız dərman bu gün müəmmalı şəkildə bütün apteklərdən yığışdırılıb”.

Teleqraf.com xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib.

O bildirib ki, bəzi farmaseptlər bunu tələbatın yüksəlməsi ilə əlaqələndirir: “Məncə, bu, düzgün deyil. Tələbat nə qədər çox olsa da, belə qıtlıq heç vaxt olmayıb. Çünki indiyə qədər daha güclü epidemiyalar olub, amma dərman bazarında qıtlıqla rastlaşmırdıq.

Hər il olduğu kimi, bu il də mövsümlə bağlı respirator viruslar baş qaldırıb. Pandemiyanın bəzi məhdudiyyətləri götürüldükdən sonra bağçalar, məktəblər açıldı. Xüsusən sentyabr ayından viruslar artdı. Bir virus deyil, uşaqlar sağalır, növbəti həftə yeni bir virusa yoluxur. Uşaqlar arasında dərmana tabe olmayan aqressiv bir qızdırma var. Valideynlər narahatdır və bu, başadüşüləndir.

Bir çox hallarda azyaşlı uşaqlara antibiotiklər lazım olur. Bu gün körpə uşaqlara təyin etdiyimiz keyfiyyətli, nəticə əldə etdiyimiz antibiotiklər tapılmır. Resepti yazırıq, valideyn gedib aptekdən zəng vurub deyir ki, hər yerdə axtardım, yoxdur. Hər gün təyin etdiyimiz antibiotiklər, öskürək üçün siroplar yoxdur və ya son dərəcə qıtdır. Əvəzində daha bahalı dərmanlar var. Bu baxımdan valideynlər narazı qalır”.

Vaqif Qarayev dərman qıtlığın təkcə onun sahəsində müşahidə edilmədiyini də deyib: “Başqa həmkarlarım da bu problemlə qarşılaşır. Məsələn, xroniki xəstələrin illərdir qəbul etdiyi dərmanlar da birdən yoxa çıxıb. Bu yoxaçıxmalar əvvəllər də olub, amma heç olmasa biri yoxa çıxırsa, digəri olsun. Ona görə də hər gün tanıdığım apteklərdən məcburam soruşaram ki, antibiotiklər, öskürək dərmanı gəlib, ya yox. Gün ərzində 5 xəstə qəbul edirəmsə, 4-ü gedəndən sonra mütləq zəng vurub təyin etdiyim dərmanın olmadığını deyir. Aptekçi deyir ki, çoxu gəlmir və ya depo vermir. Dərman çatışmazlığının səbəbi mənə də məlum deyil”.

Pediatr deyir ki, Türkiyədə istehsal olunan dərmanlar baha olsa da, çox keyfiyyətlidir: “Mən həmişə istehsalçı ölkəyə yox, keyfiyyətə üstünlük verirəm. Əsas odur ki, nəticədən razı qalaq, kim istəyir istehsal etsin. Gürcüstanın Baş naziri bildirib ki, Türkiyədən Gürcüstana dərman idxalı qadağan olunub. Ölkədə ictimaiyyət də, həkimlər də bilir ki, artıq Türkiyədən dərman gəlmir. Amma bizdə belə bir açıqlama yoxdur. Bəlkə kimsə qadağan edib?! Ötən il karantin vaxtında bilirdik ki, dərman gətirmək çətinləşib. Çünki ölkələr arası uçuşlar dayandırılmışdı, sahibkar gətirə bilmirdi. İstəmirəm kimisə günahlandıram, amma dərmanın olmaması təəccüblüdür”.

Vaqif Qarayev müayinənin nəticələrinə görə bəzən uşaqlara mütləq antibiotiklər təyin etməli olduqlarını da qeyd edib: “Əgər yazdığımız dərmanlar yoxdursa, başqa qrupdan olan preparatlar təyin etməliyik. Heç nədənsə olanı verməliyik. Heç nə təhlükəlidir, çünki uşaq müalicəsiz qalır. Problem son üç həftədir ki, var. Ajiotaj qaldırmaq fikrim yoxdur, əksər həkimlər bu problemdən şikayətçidir.

Əslində, quru öskürəyə bəlğəmgətirici, bəlğəmli öskürəyə də quru öskürəyə təsir edən dərman vermək olmaz. Uşaq öskürür deyə dərhal sirop vermək də düzgün deyil. Çünki öskürək bronxların müdafiə reaksiyasıdır. Öskürməklə mərkəzindəki istiliyi xaric edir. Amma körpə uşaqlarda boğulma, təngnəfəslik varsa, yaxud yeməyinə, yatmağına mane olursa, gərək ona mütləq köməklik edəsiniz. Hər öskürəyə sirop yazmaq düzgün deyil. Amma valideynlər dərman yazmayanda inciyirlər”.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı bir neçə aptekə sorğu göndərsək də, cavab verməkdən imtina etdilər.

Müəllif: Yeganə Oqtayqızı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.