"Əsas problem özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir" - Ekspert danışır

4-01-2022, 12:46           
"Əsas problem özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir" - Ekspert danışır
"Dünyada taxıl, dənli bitkilərin qiyməti bahalaşıbmı? Bəli, ciddi bahalaşma var, son 1 ayda dünya bazarında buğdanın tonu 340 dollar civarında dəyişir. Buğda, taxil istehsal etmək çətindirmi? Xeyir, çətin deyil. İnsan övladı 10 min ildir ki, buğda, dənli bitkiləri əkib-becərir".Teref.az Hurriyyet.az-a istinadən xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

"Azərbaycanın taxıla olan təlabatı nə qədərdir, bunu nə qədərini ərzaq buğdası təşkil edir" sualını cavablandıran iqtisadçı ekspertin sözlərinə görə, ölkəmizi bir illik təmin etmək üçün 4 mln. tona yaxın dənli bitkilər, o cümlədən 1,8 mln. ton ərzaq buğdası lazımdır: "Ölkədə son illər, təqribən, ilə 1 mln. 850 min ton taxıl istehsal olunur, amma bu həcm ərzaq buğdası deyil, keyfiyyətsizdir, əsasən, mal-qara üçün yem kimi istifadə olunur. Özümüz istehsal etdiyimiz taxılın, ən yaxşı halda, 25-30%-ni ərzaq buğdası kimi istifadə edə bilirik, qalanını xaricdən, əsasən də, Rusiyadan alırıq. İnsan övladı Mesopotamiyadan üzü bəri 10 min ildir buğdanı əhliləşdirib ərzaq halına salıb, bəs bizimkilər 21-ci əsrdə niyə ərzaqlıq buğda istehsal edə bilmirlər? Çünki elm yox, seleksiya yox, suvarma üçün su qıt, toxumçuluq və kübrə siyasəti zaydır, dotasiya mexanizmləri işlək deyil və ən əsası, investorlara ögey münasibət, onların da hökumətə güvənsizliyi var. İnsanlarımız kasıb olduğundan (lazım olan kalorini ucuz olan çörəkdən alırıq), həm də ənənələrimizdə çörəyin önəmli yer tutduğundan böyük həcmdə çörək istehlak edirik. Dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir. Azərbaycanda 2020-ci ildə 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub. Bu, adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir".

Natiq Cəfərli hesab edir ki, bu məsələyə yenidən baxmalıyıq, imkan daxilində çörək istehlakını azaltmalıyıq, amma çörək istehlakının azalması insanların rifah halının yüksəlməsi ilə düz mütanasibdir: "Beləliklə, sadə sual-cavabla aydın oldu ki, bu hökumət insanlığın 10 min il əvvəl həll etməyə başladığı və böyük nailiyyətlər əldə etdiyi problemi hələ də çözə bilməyib. Çörəyin süfrəmizdə, mədəniyyətimizdə yerinin önəmini nəzərə alaraq, istər-istəməz qiymət artımının vətəndaşa ciddi təsir edəcəyini görəcəyik. Amma problem tək dünyada qiymət artımı deyil, əsas problem özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.