Əvvəllər sadəcə məişət cihazları yanırdı...
13-07-2022, 11:56

O qədər mövzu yığılıb ki, hansından yazacağımızı da bilmirik.
Ən ağır xəbər: daha bir qazi – Elvin Cəfərov intihar edib. Onu buna vadar edən durum və şəxslər müəyyən edilməli, yaxşı araşdırılmalı və ən sərt şəkildə cəzalandırılmalıdır. Eyni zamanda qazilərlə iş üçün ixtisaslaşmış əlavə qurum təşkil edilməlidir.
Ötən gecə Aİ-95 oktanlı benzinin qiyməti artırılıb. Düz 40 qəpik. Yəni 1,6 manata olan benzin indi 2 manatadır. Deyirlər ki, bu artım qaçılmaz olub. Elədir ki, var. Lakin bu illər ərzində niyə biz özümüz belə benzin istehsalını yoluna qoymamışıq?
Son günlər Şabranda və Xaçmazda geniş meşə yanğınları olub. Şəxsən özüm hər iki ərazini görmüşəm. Və ürəyim yanıb. Bakıdan Dədəliyə gedərkən keçdiyim yolun üstündədir yanğın ocaqlarının hər ikisi. Səbəb? Deyirlər ki, Şabrandakı yanğına görə kəndçinin birini tutublar ki, bəs, niyə vaxtında deməmisən ki, sənin sahəndən keçən elektrik xətləri problemlidir. Heç dəxli var? Kəndçinin ümumiyyətlə belə bir öhdəliyinin olduğu da hardan çıxdı?
Yeri gəlmişkən, Xaçmazdakı yanğına da yüksək gərginlikli elektrik xətlərinin səbəb olduğu deyilir. Dünən oradan keçəndə (Çənlibel restoranının ətrafıdır) şəxsən gördüm: xətlər düz ağacların içindədir. Qırılıb yerə düşənləri də vardı.
Ümumiyyətlə isə bizim Dədəlidəki evimiz də elektrik verilişinin bərbad olması üzündən yanmışdı mayın 7-də. İndi qorxuram ki, buna görə gəlib məni də tutacaqlar ki, niyə Dədəliyə verilən elektrikin bərbad olması ilə bağlı tədbir görməmişəm? Şabrandakı kəndçini tutanlar bunu da edərlər, şübhəniz olmasın.
Təkrar deyirəm: Xaçmaz rayonunda elektrik sahəsi bərbaddır! Özü də illərdir belədir və deyilənlərə görə, kağız üzərində yeniləmə işləri aparılıb. Özü də dəfələrlə! Amma adi gözlə belə görmək olur ki, hər hansı yeniləmə yoxdur və artıq evlərimiz də elektrik üzündən yanmağa başlayıb. Əvvəllər sadəcə məişət cihazları yanırdı...
Azər Həsrət
Teref.az