İş sektorunda dərin böhran: İşçi yoxdur, yoxsa tapılmır?
15-07-2022, 18:33

Ali məktəblərə builki plan yerləri ötən illə müqayisədə 4000 çoxdur.
Bunu açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
O deyib ki, müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil: “Verilən plan yerləri də burada mühüm rol oynayır. Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4000 çoxdur".
Məleykə Abbaszadə onu da əlavə edib ki, müəyyən ixtisaslarda çoxalma, bəzilərində isə azalma müşahidə olunur.
O bildirib ki, ixtisasla təhlil və müqayisə aparılmalıdır.
Qeyd edək ki, plan yerlərinin sayı çoxalsa da, iş yerlərinin sayı artmır. Ölkədə ali təhsilli işsiz ordusu yaranıb və hər il eyni problem yaşanır.
Tanınmış təhsil eksperti Kamran Əsədov bununla bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, bu gün Azərbaycanda ali təhsil alanların sayı ümumi ölkə vətəndaşlarının cəmi 17 faizini təşkil edir:
“Bu gün ölkədə hər 1000 nəfərdən 170 nəfəri ali təhsillidir, bu da böyük rəqəm deyil. Biz əmək bazarında rəqabətə davamlı iqtisadiyyatın formalaşması, xidmət sektorunun inkişafını istəyiriksə, mütləq şəkildə ali təhsilli şəxslərimizin sayını çoxaltmalıyıq ki, daha yaxşı xidmət göstərsinlər.
Düzdür, hər il plan yeri artır, bu doğru addımdır. 2010-cu ildə ali təhsil müəssisələrinə qəbul olmaq üçün 110 min nəfər sənəd vermişdi, amma plan yeri 29 min idi. 2021-ci ildə 91 min nəfər sənəd verib, amma 50 min plan yeri var. Yəni bu, ölkədə mədəni-iqtisadi mühitin inkişafı üçün lazımdır. Heç kim düşünməsin ki, 4 il ali təhsil alıb, öz sahəm üzrə işləməyəcəyəm. Oxumuş, ali təhsil mühiti görən şəxs də fərqli olur. Ona görə də hökumətin daha çox çalışdığı da ölkədə ali təhsilli şəxslərin sayının çox olmasıdır".
Onun sözlərinə görə, ali təhsilli şəxslərin sayının artması mühim addımdır:
"Restoranlarında, hotellərdə, taksilərdə, eləcə də xidmət sektorlarında çalışan şəxsləri son 5 illə müqayisə edin. Görəcəksiniz ki, inkişaf var. Çünki xidmət göstərənlər ali təhsilli insanlardır. Marketlərdə, taksilərdə çalışanların əksəriyyətini ali təhsilli şəxslər təşkil edir. Bu da cəmiyyətdə mədəni səviyyənin inkişafına gətirib çıxarır. Bu gün Azərbaycanda iş problemi yoxdur, Azərbaycanda işçi problemi var. Müasir dövrdə diplom ikinci dərəcəlidir, hər kəsin öz üzərində çalışması üstün götürülür".
Naibə
Cebhe.info