Azərbaycana benzin idxalı 30 dəfə artıb - 72 faizi Rusiyadan gəlir...

18-08-2022, 00:04           
Azərbaycana benzin idxalı 30 dəfə artıb -
Azərbaycan 2022-ci ilin I yarısında 150 min 806,8 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,2 dəfə çoxdur.

Bu haqda Dövlət Statistika Komitəsinin rüblük hesabatında məlumat verilir. Qeyd olunur ki, AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində 72.6 dəfə artaraq 173 milyon 403,17 min dollar təşkil edib.

Azərbaycana AI-92 markalı avtomobil benzinin idxalının kəskin artımı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 2022-ci il aprel ayının 4-dən 50 gün müddətinə planlı təmirə dayandırılması ilə əlaqədar olub.

Hesabata görə, 125 milyon 645,95 min dollar dəyərində 109 min 184,1 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 72,4%-i) Rusiyadan, qalan həcm Türkmənistandan (41 milyon 731,96 min dollar dəyərində 36 min 571 ton), Qazaxıstandan (3 milyon 998,18 min dollar dəyərində 3 min 526,29 ton) və Rumıniyadan (2 milyon 27,08 min dollar dəyərində 1 min 525,41 ton) idxal edilib.

Hesabatda həmçinin bildirilir ki, Azərbaycan 2022-ci ilin I yarısında 46 min 266,92 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 38,6% azdır.
Ətraflı

İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri 45 milyon 256,86 min dollar (azalma 13,3%) təşkil edib.

Rusiyadan 22 milyon 967,81 min dollar dəyərində (azalma 26,7%) 23 min 705,07 ton benzin (azalma 48,3%) idxal edilib. “Premium Euro-95” markalı benzin idxalının 51,2%-i bu ölkənin payına düşüb.

Rumıniyadan 6 milyon 505,55 min dollar dəyərində 7 min 286,18 ton, Bolqarıstandan 11 milyon 306,75 min dollar dəyərində 9 min 917,34 ton, Türkmənistandan 4 milyon 153,73 min dollar dəyərində 4 min 944,58 ton, Belarusdan 323,02 min dollar dəyərində 413,75 ton benzin idxal edilib.

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana 821,02 min dollar dəyərində (azalma 35,5%) 749,56 ton “Super Euro-98” markalı avtomobil benzini (azalma 52%) idxal edilib.

Rusiyadan 528,4 min dollar dəyərində 482,27 ton, Rumıniyadan 292,62 min dollar dəyərində 267,29 ton benzin idxal edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.