Böyük pullar Azərbaycandan yan keçdi - Ekspert danışır

18-08-2022, 18:18           
Böyük pullar Azərbaycandan yan keçdi - Ekspert danışır
Evsiz insanların hər zaman ən böyük arzusu mənzil sahibi olmaqdır ki, bunun üçün müxtəlif yollardan istifadə edərək problemlərinin həllinə çalışırlar.

Son illər ölkədə nağd alışla yanaşı, kredit satışı da genişlənib ki, vətəndaşların bir qismi məhz bu yolla mənzil sahibi olmağa çalışırlar. Lakin kredit yolu ilə daşınmaz əmlak əldə etməyə çalışanlar da müəyyən problemlərlə üzləşirlər ki, burada ilkin ödənişin, faizin, illərin çoxluğu kimi faktorlar var. Ancaq bütün bunlara baxmayaraq, kreditlə ev alanların sayında artım var.

Kredit yolu ilə ev alışında mövcud problemlərlə üzləşən vətəndaşlar niyə bu üsula daha çox üstünlük verirlər? Teref.az-ın məlumatına görə, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirib ki, Azərbaycanda hazırda bu il ərzində satılan mənzillərin böyük əksəriyyəti kredit yolu ilə satılır:

“Təxminən 65-70 faiz mənzil bu yolla satılır. Bu, onunla əlaqədardır ki, əhalinin əvvəlki kimi gəlirləri yoxdur. Çünki vətəndaşlar bir vaxtlar pul toplayıb nağd şəkildə ev ala bilirdilər. Ancaq indi məcburən kreditlə alırlar. Kreditlə ev alanların əksəriyyəti ilk evlərini alan vətəndaşlardır. Ancaq nağd şəkildə ev alanlar 3-4-5-ci evlərini alırlar. Yəni daşınmaz əmlaka yatırım edirlər. Evi alıb kirayəyə veriblər və bunu artıq qazanc bilirlər. İlbəil təbii, yaxud süni formada daşınmaz əmlakın qiyməti artır. Həmin şəxs istədiyi vaxt əmlakını bazara çıxarıb satanda yenə gəlir əldə edir. Ümumilikdə gəlirlilik azaldığına görə nağd şəkildə mənzil alanların sayı azalıb”.

Ekspert deyir ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən çox sayda Rusiya və bir qrup Ukrayna vətəndaşı Türkiyədən daşınmaz əmlak alıb:

“Mən onların bir hissəsini Azərbaycanda gözləyirdim. Çünki burada çox sayda rusdilli orta məktəb var və Azərbaycan vətəndaşlarının əksəriyyəti də rus dilində danışa bilir. Düzdür, Türkiyə bizim qardaş ölkəmizdir, ancaq hər ölkənin daxili siyasəti var. Çox istərdik ki, o pullar Azərbaycana gəlsin. Təəssüf ki, xarici vətəndaşlar həmin ölkələrdən Azərbaycana gəlib burada barmaqla sayılacaq qədər əmlak alıblar. Yəni həmin pullar Azərbaycandan yan keçir”.

Ekspertin sözlərinə görə, bu gün bir çox vətəndaşlar kredit yolu ilə mənzil alır, onu kirayəyə verir, kirayə pulu onun kreditinə kömək edir:

“Başqa yerdən gələn gəlirlə də çatışmayan hissəni ödəyir. MİDA-nın evləri, yaxud ipoteka kreditləri var. Vətəndaş 20-25 il bir yükün altına girir. Əmlakı olmadığı üçün kirayədə qalır, bu qədər müddətə kreditə razı olur. Adi normal ipoteka krediti ilə mənzil alanda illik 8 faizdirsə, 25 ildən sonra bir mənzilin yerinə 2-3 mənzilin pulunu ödəmiş olur”.

Yaxın müddətdə vətəndaşların paytaxtdan daha çox kənarlara üz tutacaqlarını deyən ekspertin fikrincə, məsələn, Xırdalan şəhərində əmlak satışı Bakıdan qat-qat yüksəkdir:

“Bakıda evlərin qiyməti kəskin bahadır. Bakıda beşmərtəbli binalara kredit verilmir. Çünki bu binalar istismar müddətini bitirib. Ancaq 9 və daha yüksək mərtəbəli binalardakı mənzillərə kredit verilir. Mərkəzə yaxın ərazilərdə 1 otaqlı, təmirli mənzilin qiyməti 100 min manatdan bahadır. Əgər vətəndaş 25 illik kreditə girərsə, 1 otaqlı mənzilə görə külli miqdarda pul ödəməli olur,buna görə də artıq buna getmirlər. Əksinə, 100 min manata Xırdalanda yeni tikili binada 3 otaqlı tam təmirli mənzil almaq olar. Bu baxımdan axın artıq paytaxtdan kənaradır. Paytaxtdakı daşınmaz əmlakların qiyməti vətəndaşların gəlirləri ilə üst- üstə düşmür. Minimal və orta əmək haqqı ilə yaşayan bir insanın pul toplayıb 100-120 min manata ev alması möcüzədir, mümkünsüzdür. Bu baxımdan vətəndaşlar kreditlərə və paytaxtdan kənara üstünlük verir. Belə görünür ki, paytaxtda daşınmaz əmlaka maraq azalacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.