Vergi gəlirləri necə artacaq? - “Daha çox spirtli içki için”

19-08-2022, 00:22           
Vergi gəlirləri necə artacaq? -
Gənc nəslin valideynlərindən daha az alkoqol istehlak etməsi səbəbindən vergi gəlirlərinin azalması ilə bağlı Yaponiya spirtli içki istehlakını artırmağın yollarını axtarır.

Cebhe.info xəbər verir ki, Yaponiya Milli Vergi İdarəsi gənclərdə bu tendensiyanın qarşısını almaq üçün addımlar atıb və hökumətin dəstəyi ilə “Sake Viva” (Yaşasın sake) kampaniyasına başlayıb.

Sake (düyü rakısı) Yaponiyanın milli içkisidir. Kampaniyanın məqsədi içkini daha cəlbedici edəcək ideyalar tapmaqdır. Kampaniya çərçivəsində müsabiqədə 20-39 yaş arası şəxslər həmyaşıdlarının spirtli içki tələbatını artıracaq biznes ideyaları ilə iştirak edə biləcəklər.

Milli Vergi İdarəsi adından müsabiqəni təşkil edən komanda, COVID-19 epidemiyası zamanı dəyişən vərdişlərin və əhalinin yaşlanmasının qismən alkoqol satışlarının azalmasına səbəb olduğunu bildirib.

Yaponiya mətbuatı kampaniyaya ictimai reaksiyanın qarışıq olduğunu yazır. Bəziləri dövlətin qeyri-sağlam vərdişi təbliğ etməsini tənqid etsə də, kampaniya üçün maraqlı ideyalar irəli sürənlər də var. Müsabiqə iştirakçıları sentyabrın sonuna qədər öz biznes ideyalarını təqdim etməlidirlər. Təqdim olunan ideyalar arasından finalçılar ekspertlərin dəstəyi ilə hazırlanacaq və layihələr noyabrda yekunlaşacaq.

Milli Vergi Administrasiyasının məlumatlarına görə, 2020-ci ildə ölkədə istehlak edilən spirtli içkilərin nisbəti 1995-ci ildən azdır. Yaponiyada 1995-ci ildə adambaşına orta hesabla 100 litr olan spirt istehlakı 2020-ci ildə 75 litrə düşüb. Bu o deməkdir ki, alkoqoldan vergi daxilolmaları da azalır. “Japan Times”a görə, 1980-ci ildə alkoqollu məhsullar ümumi vergi gəlirlərinin 5 faizini təşkil edirdisə, bu nisbət 2011-ci ildə 3 faizə, 2020-ci ildə isə 1,7 faizə düşüb.

Qeyd edək ki, Yaponiya dünyanın "ən yaşlı” əhalisindən birinə sahibdir. Dünya Bankının məlumatlarına görə, 65 və yuxarı yaşda olanlar Yaponiya əhalisinin 29%-ni təşkil edir. Bu vəziyyət təkcə spirtli içkilərin istifadəsi ilə bağlı vergi gəlirləri baxımından deyil, həm də işçi qüvvəsi baxımından problem yaradır.

Nigar
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.