“Qarabağ”ın oyununa biletləri “qara bazar”a kim çıxarıb? – “Tutulanlar sadə, kasıb adamlardır”

19-08-2022, 00:16           
“Qarabağ”ın oyununa biletləri “qara bazar”a kim çıxarıb? –
Bu gün DİN-in mətbuat xidmətindən yayılan məlumatda futbol oyununa qanunsuz bilet satışı edən daha 22 nəfərin saxlanıldığı qeyd olunub. Həmin şəxslər toplu şəkildə biletləri necə əldə edir?

Tanınmış idman jurnalisti Natiq Muxtarlı bu barədə “Yeni Sabah”a açıqlamasında deyib ki, “qara bazar” bütün dünyada mövcuddur və hər zaman mövcud olub:

“Tələb-təklif məsələsi var. Əgər bir oyuna maraq varsa və bu maraq böyükdürsə, orada qara bazar mütləq formalaşacaq və onlar qanunsuz üsullarla mütləq biletlər əldə edəcəklər.

Çempionlar liqasının Parisdə keçirilən finalını xatırlayaq. Həmin oyunda Fransa kimi qanunların işlədiyi bir ölkədə külli miqdarda saxta biletlər əldə olunmuşdu. O saxta biletləri əldə edənlər stadiona girmişdilər və əlində həqiqi biletlər olan adamlar qalmışdılar çöldə. Hətta bu çöldə qalan adamlar polisə müqavimət göstərdilər. Polis onlara qarşı zor tətbiq elədi, göz yaşardıcı qazdan istifadə elədi. Orada bir iğtişaş da yaşandı.

Yəni, bu, bütün dünyada baş verən proseslərdir. Avropa çempionatının oyunlarında da, dünya çempionatının oyunlarında da və Azərbaycanda da təbii ki...”

“Qarabağ”ın oyunlarına böyük maraq və tələbatın olduğundan danışan jurnalist bildirib ki, oyuna getmək istəyənlər yüz minlərlədir, ancaq stadionun tutumu isə 30 mindir:

“Bu da təəssüf ki, qara bazarın yaranması üçün bir şərait yaradır. Mən orada külli miqdarda, yəni minlərlə biletin əldə olunmasına da inanmıram. Çünki bu prosses haqqında biz idman mətbuatında dəfələrlə yazmışıq. Bu “Qarabağ”ın oyunlarında əvvəllər də olub. Yəni hər bir adam müəyyən yollarla 20-30 bilet əldə edə bilir. Əvvəllər də belə bir proses olub ki, bir nəfərə pasportla 2 biletdən artıq bilet satılmayıb. İnsanlar qohum əqrabalarını gətirirdilər stadionun qarşısına və hər adamın pasportu ilə 2 bilet alırdılar. Əllərində 20-30 bilet cəmləşdirirdilər və oyun günü onları baha qiymətə satırdılar.

Amma bu dəfəki proses bir qədər fərqli idi. Çünki problem onlayn satış prossesində yarandı. Təkcə hansısa azarkeşlərin və ya hansısa dəllalların əli ilə bu işi görmək qeyri-mümkündür. Bu onlayn bilet satışı edən sayt kimin nəzarətindədir, ora kim nəzarət edirdi, oranın təhlükəsizlik sisteminə niyə nəzarət edə bilməyibər, bu biletlər necə əldə olunub, bu məsələlər hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

Güman edirəm ki, saytın rəhbərlərinin qara bazardakı dəllallarla müəyyən əlaqəsi ola bilər və onlar o biletləri dəllallara ötürə bilərlər. Bu çox inandırıcı faktdır. Mən iddia eləmirəm, bu təbii ki araşdırılacaq, amma kassalardan ikidən çox bilet satılmırsa, onu kütləvi şəkildə almaq qeyri mümkündür”.

Natiq Muxtarlı bildirib ki, bunlar onlayn bilet satışından yaranan problemdən qaynaqlanıb:

“O sayt kimin nəzarətindədir, onun rəhbərliyi kimdir, təhlükəsizlik məsələləri niyə qorunmamışdı, niyə onlayn satış zamanı sayta kütləvi surətdə daxil olanda sayt çökdü, bu məsələlə araşdırılsa düşünürəm ki, əsl günahkarlar ortaya çıxacaq.

Stadionun qarşısında tutulanlar isə o dəllalların əldə etdiyi biletləri satanlar idi. Yəni sadə, kasıb adamlardır. Bileti dəllallar onların vasitəsi ilə satdırırlar. Ancaq əsas təşkilatçılar arxa planda qalmasın. Kiçik fiqurları tutub böyük fiqurları qorumağa ehtiyac olmamalıdır. Ümid edirəm, bu araşdırılacaq və əsl cinayətkarlar öz cəzalarını tapacaqlar”.

Natiq Muxtarlı bildirib ki, əvvəllki oyunlarda belə bir ajiotaj olmayıb. Ancaq son oyunda artıq Çempionlar Liqasının pley-off mərhələsi olduğu və maraq da həddindən çox olduğu üçün bu hal baş verib:

““Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşsə və Bakıya daha böyük komandalar, “Barselona”, “Mançester sity” gəlsə ajiotajı təsəvvür edirsinizmi necə olacaq? Və təbii ki, orada qara bazara nəzarət edənlər, pul qazanmaq istəyənlər üçün fürsət yaranacaq. Yəqin ki, bununla bağlı hüquq mühafizə orqanları araşdırma aparacaq”.

Nəzrin Cavadzadə












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.