Azərbaycan dili nə qədər zəngindir? - "Antivirusa antisoxulcan deyə bilməzsən axı..."
22-08-2022, 17:41

Dil millətin varlığını sübut edən, onu yaşadan ən mühim amildir.
Azərbaycan dili də öz çoxəsrlik tarixi ilə bilinir və tanınır. Hər zaman dilimizin necə zəngin və dərin bazalı olduğundan danışmışıq. Lakin bu dəfə dilimizin əksiklərindən, bəzi sözlərin qarşılığının tapılmamasından danışacağıq.
Bir çox sözlər var ki, ona yaxın mənalı söz tapmaqda ciddi çətinlik yaşanır. Çox zaman Türkiyə türkcəsində olan sözlərdən istifadə edirik. Bu da hər zaman uğurlu alınmır. Dia.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri, akademik Möhsün Nağısoylu Cebhe.info-ya açıqlamasında bildirib ki, dilimizdə 40 faizdən çox söz alınmadır:
"Bizim dilimiz istənilən anlayışı ifadə etməyə qadir olan zəngin və qədim dildir. Elə anlayışlar var ki, yenidir və onlara qarşılıq tapmağa heç ehtiyac yoxdur. Bəziləri ərəb sözləridir, bəziləri isə beynəlmiləl sözdür. Dünyada elə bir dil yoxdur ki, yalnız öz sözlərindən ibarət olsun.
Başqa dillərdən sözlərin keçməsi olduqca təbii prosesdir. Məsələn, rus dilində "a" hərfi ilə başlayan bir söz də onlara məxsus deyil. Müasir dövrdə də dilə yeni sözlər daxil olur, onlara isə qarşılıq tapmağa ehtiyac yoxdur. Olduğu kimi istifadə etmək daha məqsədəuyğundur.
Çünki bəzi sözlərə qarşılıq tapmaq çətindir. Məsələn, virus sözünə türklər "soxulcan" deyirlər. Amma antivirusa antisoxulcan deyə bilməzsən axı. Ona görə bəziləri olduğu kimi qalmalıdır.
Elə sözlər də var ki, dilin daxili imkanları hesabına qarşılıq tapmaq mümkündür. Bizim dildə ərəb və fars dilindən alınma sözlər daha çoxluq təşkil edir. Rusiya işğalından sonra isə rus sözləri və yunan, ingilis sözləri dilimizə daxil olub. Elə nitq hissələri var ki, ora daxil olan bütün sözlər özümüzə məxsusdur. Məsələn, say və feillər sırf bizim sözlərdir. Ümumilikdə götürsək, dilimizdəki sözlərin 60 faizindən çoxu millidir".