Dərmanlar fantastik qiymətə satılır -

25-08-2022, 18:15           
Dərmanlar fantastik qiymətə satılır -
Azərbaycanda epilepsiya xəstələri üçün dərman tapılmır, tapılsa da, digər ölkələrlə müqayisədə qat-qat bahadır. Bu baxımdan, epilepsiya xəstəsi olan imkansız ailələr çətinlik çəkirlər. Məsələn, Almaniyada epilepsiya xəstələri üçün nəzərdə tutulan dərmanın əvəzedicisi 41 avrodur, təxminən 70 manat. Azərbaycanda bu rəqəm fantastik dərəcədə yüksəkdir - 250 AZN.

TEREF.AZ-ın məlumatına görə, tanınmış həkim-cərrah, professor Adil Qeybulla Pravda.az-a açıqlamasında deyib ki, ayrı-ayrı xəstəliklər üçün müəyyən dərman preparatları icbari tibbi sığorta paketində stasionar müalicə alan xəstələrə ambulator qaydada qəbul etmək üçün reseptlər əsasında pulsuz verilməlidir.

A.Qeybulla bildirib ki, icbari tibbi sığorta konkret bir adda və miqdarda dərmanların xəstələrə pulsuz verilməsini təmin edir: "Ola bilsin ki, bəzi dərmanlar icbari tibbi sığorta paketinə daxil deyil və xəstələr bu dərmanları özləri alırlar. Dərmanların qiymətlərinin bu şəkildə yüksək olması ümumi bahalaşma ilə izah olunur. Çünki gömrük, nəqliyyat xərclərinin və s. qaldırılması bəzi dərmanları əhali üçün əlçatmaz edir. Bu, faktdır. Hesab edirəm, Tarif Şurası bu məsələ ilə bağlı müəyyən tədbirlər görməlidir. Çünki bəzən dərmanların qiymətləri məqsədli şəkildə və ya ayrı-ayrı sahibkarlar tərəfindən də qaldırılır. İnsanlar üçün əlçatanlıq baxımından bu proses hansısa formada idarə olunmalı, tənzimlənməlidir. Bəzi dərman preparatlarının defisiti var, yəni tapılmır. Ukrayna-Rusiya müharibəsi də bu problemi qaldırıb. Nəzərə alsaq ki, Ukrayna və Rusiyadan 50%-ə yaxın dərman idxal edirik. Bu dərmanların bəziləri yoxa çıxıb və dərman bazarında xeyli problem yaşanır. Ona görə də bu işə dövlət müdaxiləsi tələb olunur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.