Kim necə istəsə elə də 3D xəritə yaradır
21-02-2023, 11:05

Artıq məlumdur ki, ölkədə bir neçə qurum Azərbaycanın müxtəlif sahələri, dövlət əmlakı, enerji və nəqliyyat infrastrukturu, yaşayış və torpaq sahələri üzrə 3D xəritələrini hazırlayır.
Ötən gün də enerji sektorunda gerçəkləşən bu tip layihə haqqında yazmışdım.
Bir müddət öncə 4Maps adlı qurumun da ölkəmizdə 3D ilə məşğul olması haqqında paylaşım etmişdim.
Maraqlıdır ki, ölkəmizdə bu işləri görənlərin hamısı da xarici şirkətlərdi.
Xatırladıram ki Azərbaycanın 3D xəritəsi əvvəllər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də hazırlanırdı.
Ayrl-ayrı dövlət qurumlarının da öz fəaliyyət sahələri üzrə belə layihələrinin olması haqqında zaman-zaman məlumatlar açıqlanır.
Yəni , ölkədə reallıq ondan ibarətdir ki, müxtəlif infrastruktur və ya dövlət əmlakı sahəsi ilə bağlı müxtəlif qurumlar da 3D xəritələrin hazırlanması üzərində işlər aparırlar.
Bu tip yanaşma nə dərəcədə doğrudur?
Hərə özününkünü xarici qurumlara yaratdırmalıdır, yoxsa özümüz vahid, normal bir 3D yaradıb ondan istifadə etmək doğru olardı.
Əlbəttə, Azərbaycanın bütün sahələri üzrə 3D xəritəsinin işlənməsi və tətbiqi olduqca vacib və əhəmiyyətlidir.
İnfrastrukturun planlanması və qiymətləndirilməsi, öncədən təhlillərin aparılması və düzgün qərarların qəbulu, çeviklik və effektivlik, həmçinin şəffaflıq baxımından, bütövlükdə rəqəmsal transformasiya baxımından bu tip texnologiyaların faydası çoxdur.
Düşünürəm ki, aidiyyatı qurumlar, ƏMDX, RİNN bu cür pərakəndəliyə diqqət yetirməlidir.
İlk öncə ölkədə vahid bir 3D xəritəsinin yaradılması , fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsi daha məntiqli olardı.
Fikrimcə , indiki yanaşma qüsurludur. Hərə əlinə bir lazer skaneri alıb, hansısa bir avtomobilin üstünə bağlayıb, yollarda o baş-bu baş sürmək və skan etməklə 3D xəritələr formalaşdırmaq doğru bir şey deyil.
Osman Gündüz
Teref.az