Bu kəndin işıqları kəsilib - İki gündür qaranlıqda yaşayırlar

18-06-2016, 13:40           
Bu kəndin işıqları kəsilib - İki gündür qaranlıqda yaşayırlar
Cəlilabad rayonunda bütöv bir kənd işıqsız qalıb.

“Qafqazinfo”ya müraciət edən Boyxanlı (Bayxanlı) kənd sakinləri bildiriblər ki, iyunun 17-i səhər saatlarından kəndin girişindəki transformatordan elektrik xətlərini kəsiblər.

Kənd sakini Siyasət Quliyev deyib ki, onlara 2009-2010-cu illərdən qalan borclarına görə işıqlarının kəsildiyini deyiblər: “Biz hazırda hər ayın pulunu vaxtı-vaxtında ödəyirik. Ötən ayı da ödəmişəm. İndi köhnə borc adı ilə 143 manatlıq çek gəlib, bu da bilinmir necə hesablanıb. Bundan öncə mənə 100 manat borcum olması haqda bildiriş gəlmişdi. Həmin müddətə dair ödəniş etdiyim çekləri də saxlamışdım. İdarəyə gedib orada birgə yoxladıq, məlum oldu ki, 100 kilovattlıq borcum var imiş. İndi də borcu olan-olmayan hamının işığını kəsiblər. Bu istilərdə susuzluğa dözə bilmirik. Kənddə artezian quyusu da yoxdu, su yalnız motorla yerin altından çıxarılır. Heç kim də işıq pulunu ödəməkdən boyun qaçırmır, sadəcə biz kənd adamıyıq, işlərimirik. Kənddə də hələ kombayn gəlməyib ki, taxıl biçilsin, satıb ödəyək”.

Kənd sakini Dadaş Dadşov isə işığının niyə kəsildiyini anlamır: “Mənim köhnədən qalma 30 manat borcum var idi, ödədim. Bu ay da 17 manat ödəniş gəlib, onun da 8 manatını ödəmişəm, qalanını da bu gün verəcəyəm. Amma 2 gündür işığımız kəsilib, kəndə mənim kimi borcu olmadığı halda işığı kəsilənlər az deyil. Heç yerə də müraciət edə bilmirik, çünki işıq bizim sayğacdan yox, kəndin transformatorundan ayrılıb”.

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev isə “Qafqazinfo”ya açıqlamasında deyilənləri təkzib edib: “Bütün kəndin elektrik enerjidən istifadəsinə məhdudiyyət qoyulması barədə deyilənlər yalandır. Biz qanun çərçivəsində və huminizm prisipləri ilə işləyirik. Kənd sakinlərinin 2015-ci ilin fevral ayından borcları yığılıb qalıb. Biz də onları tələb etmişik. Sakinlərə təklif olunub ki, az-az da olsa, borclarını ödəsinlər, lakin ödəmirlər, əvəzində nəyisə bəhanə gətirirlər. Kimlər ki, borcu ödəməyib, onların elektrik enerjisindən istifadəsinə məhdudiyyət qoyulub”.

Kənd sakinləri “Azərişıq” ASC-nin onlara göndərdiyi bildirişləri redaksiyamıza təqdim ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.