Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olundu
18-06-2016, 17:16
18 iyun 2016-cı ildə Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu.
Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri, veteranlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdülər.
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov ziyarət zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq qeyd etdi ki, “O, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etd.Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı.Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin döyüş ruhunun sarsılmazlığını bir daha sübut etdi.Elə ordumuzun aprel ayında düşmənə verdiyi layiqli cavab bir daha sübüt edir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz istənilən zaman öz sözünü deməyə qadirdir.”
X.Məmmədov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.Ölkə Prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi.Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübariz qəhrəmanlığından örnək alır, nümunə götürür.Bizim tədris müəssisələrimizdə, tədbirlərimizdə gənclərimizə Mübariz vətənpərvərliyi aşılanır.Hərbi xidmətə yola salınan gənclərimizə vətənin necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur.”
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.
Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət böyük guşə ilə tanış oldular.