"Problem çalışanların yaş həddinin 70-ə qaldırılmasında deyil" - Ekspert danışır

1-06-2023, 00:05           
"Problem çalışanların yaş həddinin 70-ə qaldırılmasında deyil" - Ekspert danışır
Bir neçə il əvvəl Əmək Məcəlləsinə edilən dəyişikliklə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün son yaş həddi 65 müəyyən edilib”.
Bu sözləri Milli Məclisin dünənki iclasında deputat Musa Quliyev deyib. Deputat bildirib ki, son zamanlar sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb: “Sanki o işçilər neçə il işləməyib. Elə ad günündəcə onları işdən çıxarırlar, əlavə vakansiya isə təklif edilmir. Onların pensiyaları azdır, pensiyalarını sonrakı müddətdə işləyib artırmaq isə mümkün olmur. Yaş həddi insanların çalışmasına mane olmamalıdır. İnsanları yaş həddinə görə işdən kənarlaşdırmaq doğru deyil. Təklif edirəm ki, çalışmanın son həddi 65 yaşdan 70-ə qaldırılsın. Bu təklif qəbul edilərsə, qanun layihəsini hazırlayıb payız sessiyasında qəbul edə bilərik”.

Maraqlıdır, Azərbaycanda insanlar 65 yaşdan sonra da işləmək istəyirlər?
TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərlinin “Şərq”ə açıqlamasında deyib ki, son yaş həddi ilə bağlı məsələ müzakirə olunan zaman insanların niyə pensiyaya çıxmaq istəmədiklərinin səbəbi araşdırılmalıdır. Əslində səbəb də hamıya bəllidir, sadəcə, deputat məsələni gündəmə gətirən zaman səbəbləri deyə bilmədikləri üçün nəticədən danışırlar: “Milli Məclisdə qaldırılmalı olan problem yaş həddinin 70-ə qaldırılması yox, pensiyaların artırılması ilə bağlı olmalıdır. Azərbaycanda təqaüdlər əməkhaqqından aşağı olduğu üçün 65 yaşı tamam olan şəxslər əl-ayağı tutduğu müddətcə işləyib maaş almaq istəyir. Dövlət idarələrində işləyən və büdcədən maliyyələşən işçilərin maaşı yüksəkdir, həm də əlavə gəlirlərə “çıxış” imkanları olur. Dünyanın hər yerində təqaüd yaşının artırılmasına qarşı etirazlar olur. Məsələn, 6 aydan çoxdur ki, Fransada pensiya yaşının artırılmasına görə etiraz aksiyaları davam edir. Yəni normal ölkələrdə insanlar daha tez təqaüdə çıxıb dünyanı gəzmək, turistik ölkələri ziyarət etmək istəyirlər. Azərbaycanda bunun tam əksidir. Çox qəribədir ki, yaş həddinin artırılmasını vətəndaşlar da istəyir. Bu isə heç də yaxşı tendensiya deyil. Onsuz da təqaüd yaşının artırılması ilə bağlı ard-arda olan artırmalar da cəmiyyətdə heç bir narazılıq yaratmadı”.
Ekspertin fikrincə, pensiya yaşını artırmaqdansa, elə eləmək lazımdır ki, insanlar rahat şəkildə təqaüdə çıxmağa özləri can atsınlar: “Yenə deyirəm, bizdə 65 yaşı tamam olan müəllimlər, həkimlər və s. dövlət büdcəsindən maliyyələşən vətəndaşlar təqaüdə çıxmaq istəmədiklərinə görə Milli Məclisdə bu tip məsələlər müzakirəyə çıxarılır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.