Azərbaycanda qadınlar niyə evdən qaçır? - Günahkar ər, yoxsa valideyn?

11-07-2016, 13:48           
Azərbaycanda qadınlar niyə evdən qaçır? - Günahkar ər, yoxsa valideyn?
Son zamanlar Azərbaycanda evli qadınların və gənc qızların itkin düşməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. “Qafqazinfo” nun məlumatına görə, bu tip hadisələr ölkədə baş versə də, səbəbləri həmişə qaranlıq qalır.

Adətən ailələr qızlarının evdən qaçmasını itkin düşmüş kimi qələmə verir, daha sonra gənc xanımların bilərəkdən evi tərk etdiyi məlum olur.

Evli qadınların bəziləri isə belə məqamda övladlarını da özləri ilə bərabər aparır. Eyni zamanda uşaqlarını atıb qaçan analar da az deyil.

Maraqlıdır ki, qadınları evdən qaçmağa nə vadar edir?

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Qafqazinfo”ya açıqlamasında problemin müxtəlif səbəblərdən qaynaqlandığını bildirib:

“Bəzi qızlar müstəqil olmaq arzusundadır. Onlar hesab edir ki, özlərini müstəqil şəkildə idarə edə bilər. İkinci səbəb, ailədə uşaqla valideyn arasında münasibətlərin tənzimlənə bilməməsindədir. Son bir ayda bu hallarla bağlı iki nəfər bizim təşkilata müraciət edib. Onlardan biri dəfələrlə evdən qaçıb. Bir dəfə biz onu valideyninə qaytarmışıq. Qohumları qızı himayə edəcəklərini dedilər. Buna baxmayaraq ata yenə də qızıyla münasibətləri tənzimləyə bilməyib. Qızına kifayət qədər qeyri-etik sözlər işlədib. Buna görə də münasibətləri heç cür alınmır. Axırıncı dəfə Rayon Polis İdarəsi bizə qızı təhvil verdi. Artıq 18 yaşına keçib. İndi də valideynləri sənədlərini əlindən alıb. Onun təhsil almasına, həyatını inkişaf etdirməsinə imkan vermirlər.

İkinc müraciət edən qızın isə, valideyni yox idi. Qızın özünün davranışı kifayət qədər problemli idi. Onun da kökündə uşaqlıqdan qohumlarının ona mənfi münasibət göstərməsi dayanır. Buna görə də davranışları çox problemli idi”.

Onun sözlərinə görə, valideynlər əksər vaxt qız uşaqlarını təhsildən yayındırırlar: “Məcburi ərə vermək halları baş verə bilir. Burada əsas sosial psixoloji amildir ki, valideyn övlad ilə münasibətləri tənzimləyə bilmir, psixoloqa müraciət etmir, özündə günah görmür. Bir qisim isə, sosial şəbəkələrdə yazışır, qarşı tərəfin inandırıcı təklifləri qızların evdən çıxmasına səbəb ola bilir”.

Psixoloq Elnur Rüstəmov isə heç kimin keyfindən evdən qaçmadığını vurğulayıb: “Əgər ailədə ərlə arvad, valideynlə uşaq arasında münasibət normal olarsa, kimsə evdən uzaqlaşmaq fikrinə düşməyəcək. Son zamanlar biz övladı olan anaların, yaxud həddi büluğa çatmamış qız uşaqlarının evdən qaçmasına şahid oluruq. Bu yeni dövrə uyğunlaşa bilməyən insanların problemidir. Digər tərəfdən isə internet resursları, mobil telefonlar ailədaxili münasibətlərə təsir edir. Bu gün əksəriyyət komfort həyat yaşamaq istəyir. Bu hər kəsin haqqı ola bilər, amma bunun üçün zaman lazımdır. Hər şey seriallarda olduğu kimi gözəl deyil. Seriallara baxanda görürük ki, səhərdən axşama kimi qeybət edirlər, öz gözəl həyatlarını göstərirlər. Orada iş görmək söhbəti yoxdur. Azərbaycanın insanın bir qismi məsələni tam şəkildə həzm edə bilmir. Komforta can atmaq sonunda ailədaxili münasibətlərə mənfi təsir göstərir”.

Son zamanlar boşanma proseslərinin də artdığına diqqət çəkən E. Rüstəmov bunun bir səbəbini də psevdo psixoloqların çoxalmasında görür:

“Ərlə arvad arasında yaranan problemə başqa biri müdaxilə edir. Buna ruh qardaşım, dərdimi, problemimi bölüşdüyüm adam deyirlər. Sonda yanlış yönləndirmə böyük problemlərə gətirib çıxarır. Ona görə də bu prosesdə diqqətli olmaq lazımdır. Bu zaman peşəkarlara müraciət edilməlidir. Belə olan halda ailədaxili zorakılıq, evdən qaçma kimi hallar baş verməyəcək. Zamanında müdaxilə edilməzsə, illərcə bu prosesin ağırlığının şahidi ola bilərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.