Daha bir neçə bank bazardan çıxır - Proses başladı
24-01-2024, 18:34

“Bank VTB Azərbaycan” depozit faizlərini endirib.
Məlumata görə, Bank sərfəli əmanət paketi üzrə gəlirliliyi 1-3% azaldıb. Belə ki, faiz gəlirləri hər ay ödənilməklə təklif edilən əmənət faizləri 10%-dən 9%-ə, müddətin sonunda ödənilmək isə 10,5%-dən 9,5%-ə qədər endirilib. Bu, banka yerləşdirilən 1-3 illik əmənətlərə şamil edilib. 3 aylıq əmanətlərin gəlirliyi 3-4%-dən 2-3%-ə, 6 aylıq 6-7%-dən 3-4%-ə, 9 aylıq əmanətlər üzrə isə 7-8%-dən 5-6%-ə kimi azaldılıb.
Qeyd edək ki, bəzi sistem əhəmiyyətli banklar son günlər əmanət faizlərini artırsa da, bir neçə bank təklif etdikləri gəlirliliyi azaldıblar. Banklar bunu kreditə yönəldilməyən cəlb edilmiş vəsaitlərə görə əlavə xərclərin yaranması ilə izah edirlər.
Ötən il bir neçə bankın bağlanması ilə bazarda bu prosesin yeni ildə də davam edəcəyi proqnozlaşdırılırdı. Bu baxımdan vətəndaşlar öz əmanətləri ilə bağlı bank seçimi edərkən problemlərlə üzləşirlər.
Son günlər isə bəzi bankların əmanət faizlərini azaltması da vətəndaşlarda təşvişə səbəb olub. Depozit faizlərinin endirilməsi həmin banklar üçün “əcəl zəngi”nin çalmasının göstəricisidirmi?
İqtisadçı-eskpert Əkrəm Həsənov "Cebhe.info"-ya bildirib ki, “Bank VTB Azərbaycan” daim Rusiyadan maliyyə dəstəyi alıb:
"Əmanət üzrə bank faizi niyə azaldır? O halda azaldır ki, onun o pula ehtiyacı yoxdur. Faktiki olaraq əmanətçilərə deyir ki, bizə sizin əmanətiniz lazım deyil, istəyirsizsə, gəlin bu faizlə yerləşdirin, bizim onsuz da pulumuz var. Yəni əsas səbəb budur. Eyni məsələ digər banklarda da var.
Ölkənin ən böyük banklarında da faizlər aşağıdır. Çünki ehtiyacı yoxdur. Özünün pulu kifayət qədərdir və hətta bir neçə bankda izafi likvidlik var. Digər əsas səbəb odur ki, banklar əmanəti nə qədər yüksək faizlə qəbul edirsə, məcburdur ki, krediti də yüksək faizlə versin.
Bankların fəaliyyətinin mahiyyəti də ondan ibarətdir ki, bir qrup şəxsdən ucuz faizlə vəsait cəlb edib, onun üstünə öz faizini qoyub digər şəxslərə kredit kimi verir. Demək nə qədər aşağı faizlə cəlb edilsə, krediti də o qədər aşağı faizlə verə bilir. Bu baxımdan da iri bankların kredit faizləri aşağıdır”.
Ekspert bildirib ki, buna görə də kiçik və orta banklar onlarla rəqabət apara bilmir:
“Məsələn, hansısa böyük bir bank 12 faizlə kredit verir. Şəxs digər bankdan 18 faizlə kredit götürməyəcək. Ona görə də 18 faizlə kredit verən bank istəyir ki, kredit faizini endirsin. Bu zaman gərək əmanət üzrə də faizi endirsin. Ancaq bütün banklar buna nail ola bilmir. Hər bankın ucuz maliyyələşmə mənbəyi yoxdur".
Ekspertin sözlərinə görə, bu, böyük ehtimalla nəticədə ona gətirib çıxaracaq ki, bir neçə bank bazarı tərk edəcək:
"Yəni onlar bu rəqabətə davam gətirməyəcək. Böyük bankların pulu var, "Bank VTB"nin pulu Rusiyadan gəlir, Türkiyə bankları Türkiyədən vəsait cəlb edə bilir. Ancaq ucuz pul cəlb edə bilməyən banklar var ki, onların əmanətə ehtiyacı var və yüksək faizlə əmanət cəlb edir. Ancaq sabah onu kredit kimi verə biləcəkmi? Verə biləcək, ancaq əsasən onu problemli müştəriyə verə biləcək.
Normal müştəri yüksək faizlə kredit götürməyəcək. O gedib aşağı faizlə digər bankdan götürəcək. Yüksək faizlə kredit götürən isə problemli müştəridir. Bu bankların da problemi daha da çoxala bilər. Ümumən banklar üzrə əmanət faizlərinin düşməsi yaxşı haldır. Bu olmalıdır ki, kreditlər üzrə də faizlər düşsün. Əmanət faizləri düşmədikdə kredit faizləri də düşməyəcək".