Evlərin bahalaşmasını gözləməyin: - Növbə mebelə çatıb
25-01-2024, 00:03

Rusiya Federasiyası Azərbaycana tikinti məqsədi üçün nəzərdə tutulan taxta materiallarını pandemiya öncəsindən iki dəfəyə yaxın baha satır.
Belə ki, ölkəmiz Rusiyadan ən çox idxal etdiyi şam ağacının hər kubmetrini 2019-cu ildə 133 ABŞ dollarına (226 manat), 2020-ci ildə 117 dollara (199 manat), 2021-ci ildə 135 dollara (230 manat), 2022-ci ildə isə 203 dollara (345 manat) almışdı. 2023-cü ildə isə bu rəqəm artıq 213 dolları (362 manat) ötüb.
Qiymətlər bu material üzrə son bir ildə 5 faiz artdığı halda, pandemiyadan əvvəlki dövrlə müqayisədə 60-70% daha bahadır.
İdxal qiymətlərinin artması daxili bazara necə təsir edəcək?
Sözügedən məsələ ilə bağlı iqtisadçı Fuad İbrahimov bildirib ki, ölkəmizə taxta bazarı əsasən Rusiyadan gələn məhsullarla formalaşır:
“Həm ölkəmizə, həm də MDB dövlətlərinə taxta Rusiyadan gəlir. Həm ən ucuz taxta elə Rusiya bazarında olduğu, həm də logistika baxımından daha rahat olduğu üçün ölkəmizə Rusiyadan taxta ixrac edilir”.
Ekspert bildirib ki, Rusiyadan taxta idxalında əsas problemlerdən biri ödənişlərin edilməsində yaranır:
“2 il əvvəl başlamış Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya qarşı tətbiq olunmuş sanksiyalar ölkəyə taxta idxalında müəyyən problemlər yaradıb. Bankların fəaliyyətində müəyyən qədər axsamalar baş verib. Qəbul edilmiş bu sanksiyalar dekabr ayından sonra daha da sərtləşib. Rusiya banklarına sanksiyalar qoyulduğuna görə bir çox şirkətlər ticarət edə bilmirlər və ya çətinlik çəkirlər”.
Tikinti və əmlak-alqı satqısı ilə məşğul olan Nurəli Bayramov isə “Cebhe.info”-ya bildirib ki, taxta bazarı evlərin qiymətinə təsir etməyəcək:
“Şəhərdə tikilən əksər evlərə taxta demək olar ki, minimum səviyyədə istifadə edilir. Əsasən döşəmədə istifadə edilirdi. Lakin son zamanlar yeni tikili evlərdə isti döşəmə lahiyəsindən istifadə edilərək kafel və metlaxa daha çox üstünlük verilir. Bununla yanaşı, monolit-daş bina evlərinin tikintisində taxta əvəzinə betondan daha çox istifadə edilir. Yalnız bəzi rayon evlərində taxtadan evin tavanı kimi şifer olmayanda istifadə olunur. Başqa digər tikinti işlərində taxtadan minimum istifadə edirlər”. Həmsöhbətimiz bildirib ki, taxta aktuallığı itirib.
Onun sözlərinə görə, məzillərin qiymətinin artması taxta ilə əlaqəli deyil:
“Günümüzdə mənzillərin tikintisində taxtadan minimum istifadə edilir. Ona görə sırf taxtaya görə mənzillərin qiymətinin artırılmasını gözləmək tamamən yalnışdır. Taxta yox, tikinti məhsullarının cəminin qiyməti qalxarsa, o zaman əmlakların qiyməti arta bilər. Yalnız taxta ilə istehsal olunan mebellerın hər hansınınsa bahalaşması gözləniləndir”.