“Biz mədəni xalqıq, amma mədəniyyətimizlə əlaqəmiz itib” - Sosioloq
15-02-2024, 15:27

İctmai nəqliyyatda etik normalara əməl edilməməsi bəzi insanlarda azərbaycanlıların mədəni cəhətdən inkişaf etmədiyi rəyini formalaşdırıb.
Bu məsələ barədə sosioloq Əhməd Qəşəmoğlu “Yenisabah.az”-a açıqlama verib:
“Bunu mədəniyyətin inkişafı ilə əlaqələndirmək yanlışdır, bu davranış mədəniyyətidir. Davranış mədəniyyəti ümumi mədəniyyətlə də bağlıdır. Lakin mədəniyyət çoxşaxəlidir, mənəvi və maddi tərəfləri var. Buna görə insanların ictimai nəqliyyatda davranışları ürəkaçan deyilsə, bununla birbaşa mədəniyyətə dəyər vermək düzgün deyil. Bu vəziyyəti bir sıra tədbirlərlə bir neçə ilə dəyişmək mümkündür”.
Sosioloq həmçinin mədəni boşluqların səbəbinin mədəniyyətimizlə əlaqəmizi itirməyimiz olduğunu söyləyir:
“Azərbaycan mədəniyyətinin çox böyük potensiyalı var. Hər xalqın bu qədər potensiyalı olmur. Orta əsrlər ədəbiyyat və fəlsəfəmiz zəngəndir. Böyük şair və alimlərimiz Nizami, Nəsimi, Fizuli, Nəsrəddin Tusi - bütün türk dünyasının bu ziyalıları dünyanın istiqamətinə yön verib. Bizim mədəniyyətimizdə olan boşluq odur ki, biz sanki bu mədəniyyətlə əlaqəmizi itirmişik. Onun potensialından bəhərlənə bilmirik. Biz müasir dünyanın imkanlarından istifadə edərək, öz mədəniyyətimizin imkanları ilə daha çox inkişaf edə bilərik. Yaponya bunu bacaran ölkədir. İkinci Dünya Müharibəsindən sonra, öz gənclərini tarixləri və mədəniyyətləri ilə elə istiqamətləndirdilər ki, hazırda onların vəziyyətləri göz qarşısındadır”.
Ə.Qəşəmoğlu həmçinin cəmiyyətin strukturu və funksiyası sıx əlaqəli olarsa inkişafının mümkün olduğunu vurğulayıb:
“Biz, ümumiyyətlə, elmi əsaslarla elə konsepsiyalar hazırlamalıyıq ki, cəmiyyət və fərd olaraq inkişaf bir-birinə kömək etsin. Mədəniyyətin inkişafı üçün bu vacib bir şərtdir. 20-ci əsrdə elmin ən böyük konsepsiyalarından biri, funksional struktur nəzəriyyəsidir. Cəmiyyətin strukturu və funksiya sıx əlaqəli olarsa inkişaf mümkündür. Bu olmadığı halda inkişafdan bəhs etmək mümkün deyil”.