Azərbaycan "qocalır": "5-10 il sonra bu problem..."
16-02-2024, 00:14

Dünən Azərbaycanda əhalinin sayı açıqlanıb.
Belə ki, 2023-cü ildə ölkə üzrə əhalinin sayı 53 625 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10 180 770 nəfərə çatıb.
Azərbaycanda 9 milyonuncu şəxs 2010-cu ilin yanvarında doğulub. Ölkədə 10 milyonuncu insan isə 9 il sonra 2019-cu ilin aprelində doğulub. Yəni, 9 il ərzində artım cəmi 1 milyon nəfər olub.
Əhalinin sayı 2019-un aprelindən 2024-ün fevralınadək isə 180 min nəfər artıb. Yəni, 9 il ərzində 1 milyon artdığı halda, 5 il ərzində isə cəmi 180 min artıb.
Maraqlıdır, bunu demoqrafik problem kimi səciyyələndirmək olar?
"Cebhe.info"-ya açıqlamasında sosioloq Rəşad Əsgərov bildirib ki, digər ölkələrlə müqayisə etsək, ölkəmizdə vəziyyət o qədər də pis deyil:
"Əksinə, yaxşıdır. Düzdür, daha da yaxşı ola bilərdi. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində olub, 44 günlük müharibə nəticəsində 3 mindən çox itki vermişik, onlar içində nikah yaşına namizəd olan şəxslərin vəfat etməsi, bəzi şəxslərin qazi olub əlillik əldə etməsi, demoqrafik prosesdə iştirakının məhdudlaşması kimi məsələlər var. Bu məsələlər də mənfi təsir edən amillərdir.
Amma bu demək deyil ki, göstərilən rəqəmlər Azərbaycanda demoqrafik problemin olmasına gətirib çıxaracaq. Bunu əhali artımı ilə yox, xüsusilə qocalma problemi ilə əlaqələndirmək olar. Əvvəlki dönəmdə bir ailədə çoxuşaqlılığın olması, onların müəyyən yaş dövründə faiz göstəricisinin artması yaşlı nəslin nümayəndlərinin 5-10 ildən sonra sayının artmasına gətirib çıxaracaq.
Əhali arasında 65 yaşdan yuxarı yaş qrupunda olan insanların çəki əmsalının artması müşahidə olunacaq. Bu daha vacib məsələdir, amma demoqrafik problemdən danışmaq üçün çox tezdir və bugünkü gündə gündəmdə deyil".