Ərəb turistlər xidmət sektorunu xilas edir

9-08-2016, 11:43           
Ərəb turistlər xidmət sektorunu xilas edir
Ərəblərin Bakıya kütləvi axınına sosial şəbəkələrdə müxtəlif yöndən yanaşsalar da, paytaxtda iaşə obyektlərinin, kafe və restoranların sahibləri onlardan birmənalı olaraq məmnundurlar.

Məsələ ondadır ki, əgər manatın devalvasiyasından sonra Bakının mərkəzində yerləşən brend geyim mağazalarında alıcı qıtlığı yaşanırdısa, indi hər axşam saatlarında mağazalarda kassaların bağlandığı ərəfədə böyük müştəri növbəsi müşahidə olunur. Söhbət etdiyimiz iaşə obyektlərində çalışanlar da təsdiqlədilər ki, ərəblər demək olar ki, gün ərzində bütün qida ehtiyaclarını kafelərdə ödəyirlər. Bu isə onların fəaliyyətlərinə xeyli dəstək olur və xidmət sektorunda bir növ dirçəlmə hiss olunur.

Bundan başqa, ərəb turistlərin Bakıya gəlişindən sonra bir hal da müşahidə edilir. Belə ki, ötən illərdə mövsümlə bağlı 70 faiz endirim edən brend geyim mağazaları artıq bunu 40-50 faiz aralığına endiriblər.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadi ekspert Fikrət Yusifov bildirdi ki, həqiqətən də ölkəmizə gələn turistlərin sayında ötən illərlə müqayisədə xeyli artım var və bu xidmət sektoruna da öz müsbət təsirini göstərir: “Paytaxtla bərabər, bölgələrdə də turistlərin sıxlığı müşahidə olunur. Ərəblər son illər bəllidir ki, Türkiyəyə daha çox üz tuturdular. Lakin orada baş verən son məlum olaylar nəticəsində sabitliyin müəyyən qədər pozulmasından sonra daha çox Azərbaycana üz tutmağa başladılar.

Çünki Azərbaycanda ictimai-siyasi sabitlik var və eyni zamanda təhlükəsizlik də lazım olan həddədir. Təbii ki, onların ölkəmizə gəlməsi çox müsbət haldır. Əlavə dəyər vergisinin (ƏDV) Hava limanında qaytarılması sistemi (”Tax free") ilə bağlı qəbul etdiyimiz qərar və eyni zamanda bugünlərdə cənab prezidentin vergilərlə bağlı sərəncamı da öz bəhrəsini verəcək. Prezidentin sərəncamına əsasən bu ilin sonuna qədər vergi sadələşmələri aparılacaq. Sərəncama uyğun olaraq, həmçinin bütün giriş-çıxış məntəqələrində ƏDV-nin qaytarılması sistemi məsələsi gündəmə gəlir. Bunlar hamısı turistlərin Azərbaycana gəlməsinin stimullaşdırılması baxımından dövlətin atdığı addımlardır. Digər tərəfdən, bir həqiqət də var ki, bu gün regionda ən sabit ölkə Azərbaycandır. Təbii ki, burada istirahət etmək turistlər üçün çox əlverişlidir ki, axın davam etməkdədir. Bir məqamı da qeyd edək ki, əgər bir mövsümdə Azərbaycana, misal üçün, 1000 adam gəlirsə, növbəti mövsüm onların tövsiyəsi ilə bu say bir neçə qat artır. Bu minvalla turistlərin sayı ötən illərlə müqayisədə xeyli artmışdır. Yaxın gələcəkdə bu sayın daha da artması gözlənilir. Bunlar da yuxarıda da qeyd etdiyimiz kimi, xidmət sektorunun da daima inkişafına təkan verir".

Ekspert bildirdi ki, turistlərin sayının artırılması üçün bölgələrdə də bu sektorun inkişaf etdirilməsi əsas şərtlərdəndir: “Turistlər xidmətin keyfiyyətinə, qiymətlərə də çox önəm verirlər. Bu baxımdan, turizm sektorunda qiymət siyasəti sahəsində də müəyyən irəliləyişlər olub və hesab edirəm ki, bu istiqamətdə bir çox işlər də görülməlidir. Ən azından Misirin, Türkiyənin və başqa turist ölkələrinin qiymətlə bağlı təcrübələri öyrənilməlidir. Bütün bunlar öz həllini taparsa, turist sayı da xeyli artacaq. Qeyri-neft sektorunun əsas xətlərindən biri də ölkədə turizmin inkişaf etdirilməsidir. Bunun üçün ölkədə bütün münbit şərait və geniş imkanlar var. Bu da realdır ki, turistlərin axını Azərbaycanda iaşə obyektləri, mağazalar və digər bu kimi obyektlər üçün də faydalıdır. Çünki onlar kifayət qədər bu yerlərdən istifadə edirlər”.

Ekspert ölkədəki bəzi geyim mağazalarında mövsümü endirimlərin olmamasını bu cür izah etdi: “Onlar hər bir detalı dəyərləndirirlər. Təbii ki, turist axınının çox olduğunu görüb, bundan da faydalanırlar. Hesab edirlər ki, misal üçün, hər hansı bir geyimi baha satmaq olursa, bunu niyə ucuz qiymətə satıb, itkiyə məruz qalım. Endirimi ticarətçi ona görə edir ki, mövsüm üçün nəzərdə tutulan malının qalığını satıb, növbəti mövsüm üçün mal alsın. Əgər satış yaxşıdırsa, endirim də olmur. Bütövlükdə isə hesab edirəm ki, növbəti aylarda qiymətlərdə enmələr müşahidə olunacaq. Xüsusilə də ƏDV-nin alınmasında baş verən dəyişikliklər qiymətlərin ucuzlaşmasına səbəb olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.