“Məni ölmüş kimi qeyd edib payıma sahib çıxıblar”

10-08-2016, 00:59           

70 yaşlı kişi ata evində yaşamaqdan ötrü ömrünün üçdə birini məhkəmə çəkişmələrinə həsr edib

“Ailə təsərrüfatı ilə bağlı sənədləri qaldıranda gördüm ki, məni ölmüş kimi qeyd ediblər. Məhkəməyə də həmin sənədləri təqdim ediblərmiş. 25 ildir ki, hansı məhkəməyə gedirəmsə, deyirlər, ”sən ölmüsən!”. Şəmkir rayonunun Əliyaqublu kənd sakini Zahid Əliyevin 70 yaşı var. Təqaüdçüdür. Başına gələnlərin əvvəli 90-cı illərə – yəni cavan vaxtlarına gedib çıxır. O, nə az, nə çox – düz 25 ildir ki, ata evində yaşamaqdan ötrü məhkəmə yollarında qalıb.

“Bir neçə il sovxozun fermasında yaşadım”


Zahid Əliyev uzun müddət Rusiyada geoloq işləyib. Ata yurdunda valideynlərinin yanında kiçik qardaşı Nizami Əliyev qalıb. Valideynləri vəfat etdikdən sonra Şəmkir rayon Məhkəməsinin 16 mart 1993-cü il tarixli qərarı ilə ata evi Nizami Əliyevə verilib:

“Mən rayona qayıdandan sonra atamın bölüb mənə verdiyi öz pay hissəmdə yaşayır və əkinlə məşğul olurdum. Atam vəfat edəndən sonra qardaşımla yoldaşı birləşib məni küçəyə atdılar. Bir neçə il sovxozun fermasında yaşadım. Şəmkir rayon polisinə və prokurorluğuna dəfələrlə yazdığım şikayət ərizələri cavabsız qaldı. Məhkəmə isə 1993-cü ilin martında evimə köçürülməyim haqda iddia ərizəmi təmin etmədi. Səbəbi də bu oldu ki, guya tələb olunan sənədləri məhkəməyə təqdim etməmişəm. Fermada yaşadığım zaman möhkəm soyuqladım və ağır xəstələndim. Müalicəyə Rusiyaya getdim. Bundan istifadə edən qardaşım və yoldaşı mənim öldüyümü bildirərək, adımı təsərrüfat kitabından çıxartdırıb, torpağımı Əliyev Nizaminin mülkünə birləşdiriblər. Bizim ailə təsərrüfatı ilə bağlı sənədlərdə məni ölmüş kimi qeyd etmişdilər. Başa düşdüm ki, qardaşımın mülküyyətə tam sahibliyini də məhkəmə o sənədə arxayın olub təsdiqləyib. O vaxtdan məhkəmələrdə qalmışam”.

“Ölümündən 2 gün sonra…”

Zahid Əliyevin sözlərinə görə, Şəmkir rayonu, Əliyaqublu kəndi, Nizami küçəsi 51 ünvanında qeydiyyatdadır. Bu, 25 ildir ki, qapısından içəri keçə bilmədiyi ata evidir. Özü isə yaşamağa yararsız bir daxmaya sığınıb. Ötən ilin yanvarında qardaşı Nizami Əliyev vəfat edib və əmlak mərhumun həyat yoldaşına keçib. Məhkəmələrsə onu yaxına buraxmır:

“Dəfələrlə Şəmkir rayon Məhkəməsində evimə köçürülməyimə və mənə vurulmuş maddi və mənəvi zərərin cavabdehlər tərəfindən ödənilməsinə dair iddia qaldırmışam. Iddialarım təmin olunmur. Qardaşımın ölümündən iki gün sonra yoldaşı mülkə dair Çıxarışı öz adına keçirtdi”.

“Birinci dərəcəli vərəsədir”

Hüquqşünas Vaqif Alıyevÿdeyir, Zahid Əliyev Şəmkir rayonu, Əliyaqublu kəndi, Nizami küçəsi 51 ünvanındakı mülkə birinci dərəcəli vərəsə hesab olunmalıdır:

“Atanın övladları sağdırsa, gəlin və nəvələr ikinci, üçüncü dərəcəli vərəsələrdir. Bu məsələdə hakimlər qanunsuzluğa yol veriblər. Çünki söhbət Nizami Əliyevin ata yurdundan gedir. Atanın başqa övladı sağdırsa, vərəsəlik həmin övlada keçməli idi. Əgər ev Nziami Əliyevin dədə-baba yurdu yox, özünün tikdiyi əmlak olsaydı, yalnız o zaman həyat yoldaşı vərəsəyə çevrilə bilərdi”.

Şəmkir rayon icra hakimiyyətinin Əliyaqublu kənd nümayəndəliyindən bildiriblər ki, qardaşlar arasında yaranan problem mülkiyyət məsələsidir. Belə məsələlər məhkəmə yolu ilə çözülür. “Məhkəmə Zahid Əliyevin vərəsəlik hüququnu təmin edərsə, biz onun ata evinə köçürülməsinə kömək edərik”.

azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.