68 min manata alınıb 4 manata poz verən dəniz dəvələri – VİDEO

10-08-2016, 07:58           
68 min manata alınıb 4 manata poz verən dəniz dəvələri – VİDEO
Çimərliyə ayaq basması ilə insanların üzük qaşı kimi onu dövrəyə alması bir olur. Amma o da işini əvvəldən ehtiyatlı tutub. Dəvəsinə yaxınlaşmaq istəyən, üstəgəl, yaxınlaşıb da pul vermək istəməyən hər kəsi uzaqlaşdırır: “Ay bacı, ay qardaş, bura fotosessiya üçün gəlməmişəm e. Ehsan da deyil”. Mesajı alan alır, almayan isə bir ucdan dəvə sahibinin gözündən yayınıb, selfi, gülümsər pozlarda şəkillər çəkdirir.
EV QİYMƏTİNƏ DƏVƏ – BİRİNİN QİYMƏTİ 68 MİN MANAT?
Bəli, Azərbaycanda çimərlik deyəndə ağla gələn atributlardan biri də dəvələrdir. İnsanımız meymunu, atı, dəvəni…. çimərlikdə görəndə dayana bilmir. Mütləq yanına gedib bir şəkil çəkdirməyi istirahətin “olmazsa olmaz”ı sayır. Şəkildə və videoda gördüyünüz dəvəni və onun sahibi İlkini isə Nabran çimərliklərində hər gün görmək mümkündür. Dediyinə görə, dəvəsini 2004-cü ildə İraqdan gətizdirib. Fermasında 10-a yaxın dəvə var. Onların hamısı isə əhliləşdiriliblər: “Bunar şəkil çəkdirmək, gəzintiyə çıxmaq, bir sözlə, əyləncə üçün superdir. 2007-ci ildən bu işlə məşğulam. Yaydan yaya təbii. Amma əti, südü də faydalıdır, ondan da faydalanırıq. Ümumən 10 dəvəmiz var. Təkcə Nabranda deyil, Şabranda, Siyəzəndə, Bakı ərazisində”.
İlkin müsahibə zamanı etiraf etməsə də, başına yığışanların israrlı suallarından sonra dəvəni neçəyə aldığını söylədi. Hazırda çimərlikdə gəzdirdiyi dəvələrdən hər birinə 68 min manat ödəyib. Özlərini isə İraqdan, Türkiyə vasitəsilə gətizdirib. Hazırda bu dəvələrin saxlandığı yer Şabrandakı fermadır. Şabrandan Nabran çimərliklərinə isə dəvələr xüsusi konteynerlərlə gətirilirlər.
TARİFƏ GƏL – OTURAQ DƏVƏ İLƏ ŞƏKİL ÇƏKDİRMƏK 2 AZN, AYAQÜSTƏ DƏVƏ İLƏ 4 AZN
Bu qədər məsrəfli heyvanla şəkil çəkdirmək də ucuz məsələ deyil. Əgər müştərilər dəvə ilə oturaq vəziyyətdə şəkil çəkdirirsə, bunun üçün 2 AZN ödəyirlər. Yox, dəvə ayaq üstə dayansa, bu halda dəvə sahibinə 4 AZN ödəmək lazımdır. Dəvənin pozisiyasından asılı olaraq, dəyişən ikiqat qiymətin səbəbini soruşuram, cavab gözlənilməz olur: “Birincisi, ona görə ki, dəvənin sahibi mənəm. Özüm bilərəm nə istəyərəm. İkincisi də, bu dəvənin bura gəlməsi, sağ qalması, yeməsi, baxımı ucuz məsələ deyil ki. Bəs onun pulunu necə çıxarmalıyam?”
DƏVƏNİN ŞƏKSİZ RƏQİBİ ATDIR
Müsahibimiz danışır ki, Azərbaycanda dəvəçilik geniş yayılmayıb, deyə, bu sahədə az-çox pul var. İlkinin gündəlik qazancı 25-30 AZN-dir. Bəzən bu rəqəm daha yüksək, bəzənsə bundan da az ola bilir. Nabran çimərliklərində onunkundan başqa heç bir dəvə yoxdur: “Yeganə rəqiblərimiz atlardır. Camaat bir ata maraq göstərir, bir də dəvəyə. Amma dəvəyə diqqət daha çoxdur. Çünki dəvə bizdə çox görülən, tapılan heyvan deyil axı”.
İlkin həm də yerli turistlərdən şikayət etdi. Dedi ki, istirahətə gələn adam eyni vaxtda həm dincəlmək, həm də ekzotik fotolar çəkdirib, bunu sosial şəbəkədə paylaşmaq istəyir. Amma buna görə pul ödəməyə əziyyət çəkir: “Bu çimərlikdə təkcə masada oturmaq 2 AZN-dir. Bir şezlonqun kirayəsi 2 AZN-dir. Hələ mən yeməkdən, çaydan danışmıram. Hamısını edirlər, pulunu da ödəyirlər. Amma biz deyəndə ki, dəvə ilə şəkil çəkdirmək pulludur, əsəbləşirlər. Deyirlər ki, onsuz da öz telefonumuzla çəkirik də, sənin nə xərcin çıxır ki? Bunların hər birinə başa salmaq olmur ki, vəziyyət necədir. Üstəgəl, adamlar çox sual verirlər. Bu dəvə nə yeyir, harda saxlanır, neçə yaşı var… Bəzən şəkil çəkdirən olmur, amma bir anbar suala cavab verməli oluram. Bunlar da adamı yorur”.
“BAXIRSAN Kİ, YAŞLI-BAŞLI ADAMLAR… “
Dəvə sahibinin dediyinə görə, bəzən yaşlı-başlı adamlar dəvəni hirsləndirmək üçün əllərindən gələni edir, “bəs dəvən niyə tüpürmədi”,- deyib, hətta hesab da sorurlar: “Mən onda onlara baxıb sadəcə heyrət edirəm. Bunlar belə edəndən sonra balaca uşaq onlara baxıb nə öyrənsin? Özünü göstərmək istəyənlər isə başlayırlar ki, ay biz Dubaya gedəndə mindiyimiz dəvə bundan qat-qat yaxşı idi. Adam istəyir desin ki, min təyyarəyə, get Dubaya da. Sənə zorla gətirmişəm bu dəvəni. Başa düşmürlər ki, bu da bizim çörək pulumuzdur. Dəvədi, bir neçə saat gəzdirib, çörək pulumuzu qazanırıq. Belə əlavə söhbətlər nəyə lazımdır?”
Əlavə söhbət demişkən, 4-5 dəqiqə davam edən söhbətimiz zamanı bir neçə nəfər sahibinə pul ödəmədən dəvə ilə rahatca şəkil çəkdirir, telefonunun yaddaşına videosunu köçürür. İlkin dişi bağırsağını kəsə-kəsə müsahibəni verir. Beynində isə kalkulyator öz işini görür: ara yerdə 10-15 manat itirir…
musavat.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.