Komitə sədri irad tutdu: “Azərsu”dan cavab gecikmədi

28-02-2024, 20:10           
Komitə sədri irad tutdu: “Azərsu”dan cavab gecikmədi
“Ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədi ilə bilavasitə respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında il ərzində müayinə edilmiş 763 su nümunəsinin 0,7%-i (2022-ci ildə 1,2%) kimyəvi göstəricilərinə, 3,9%-i (2022-ci ildə 7,9%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib”.

Bu sözləri Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

Millət vəkili bildirib ki, Bakı şəhəri üzrə mövcud olan 94 mərkəzi və məhəllədaxili su anbarlarının “Azərsu” ASC tərəfindən yuyulub zərərsizləşdirilməsi təmin edilmiş, bu tədbirlərdən sonra sanitariya nəzarəti zamanı laboratoriya müayinəsi üçün götürülmüş 112 su nümunəsindən 9,8 %-nin bakterioloji göstəriciləri qeyri-kafi olmuş, fiziki-kimyəvi göstəriciləri isə norma daxilində olmuşdur:

“Dövlət standartının tələblərinə uyğun gəlməyən nəticələr üzrə müvafiq tədbirlər görülmüş, təkrar müayinələr aparılıb. Göstərilən müddət ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında ayrı-ayrılıqda müayinə olunmuş 473 (2022-ci ildə 402) su nümunəsinin 33%-i (2022-ci ildə 41,2%) fiziki-kimyəvi və 12%-i (2022-ci ildə 19,6%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib”.

Doğurdanmı ölkənin 61 şəhər və rayonunun su təchizatı sistemlərindən götürülmüş su nümunələri bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab vermir?

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin baş texnoloqu Cəmil Babayev “Cebhe.info”-ya bildirib ki, 3,9 faiz bakterioloji göstəricilərin standarta cavab verməməsi norma çərçivəsindədir:

“Belə ki, AZS 929:2023 dövlət standartının tələblərinə əsasən bu göstərici 5 faizi keçməməlidir. Bundan başqa fiziki kimyəvi göstəricilər isə kənaraçıxması mərkəzləşdirilməmiş su mənbələrində suyun ümumi codluğunun yüksək olması ilə bağlıdır. Codluqla əlaqədar ümumi minerallaşma və xloridlərdə kənara çıxa bilər ki, bu haqda Gigiyena və Epidemiologiya Mərkəzi məlumatlıdır və insan orqanizminə davamlı istifadə zamanı təhlükə kəsb etmir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.