Azərbaycanda "atanşik" təriqətçilər peyda olub- Şəhid qardaşına təriqətçilər necə atıblar ŞİKAYƏT

22-08-2016, 19:27           
Azərbaycanda "atanşik" təriqətçilər peyda olub- Şəhid qardaşına təriqətçilər necə atıblar ŞİKAYƏT
Azərbaycan Respublikasının Baş Prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri, cənab Zakir Bəkir oğlu Qaralova

Surəti: Azərbaycan Respublikası Daxili İşlər Naziri, polis general-polkovniki Ramil İdris oğlu Usubova

Surəti: Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Qəzənfər oğlu Quliyevə

Surəti: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qəhrəman oğlu Qurbanlıya

Gədəbəy rayonu, Qoşabulaq kənd sakini (AZE № 02105255, Gədəbəy RPŞ – 25.04.2005) Şakir İsaq oğlu Abdullayev tərəfindən


MÜRACİƏT


Cənab Zakir Qaralov!

Mən uzun müddətdir Gədəbəy rayonundan mal-qara gətirib Bakıda satmaqla məşğulam. Min bir əziyyətlə həm öz ailəmə, həm də mənim himayəmdə olan şəhid qardaşım Şərif Abdullayevin ailəsinə baxıram. Qarabağ müharibəsində tankçı kimi döyüşən qardaşım Şərif İsaq oğlu Abdullayev 1992-ci ildə Ağdamın müdafiəsində şəhid olub.

Keçən il Qurban bayramı ərəfəsində, müxtəlif marketlərə ət satışı ilə məşğul olan Nəbi Dadaşov adlı şəxs məndən qurbanlıq ət istədi və mən ona 7 baş iribuynuzlu və 21 baş xırdabuynuzlu mal-qara əti verdim. Əvəzində Nəbi Dadaşov mənə 12 min 700 manat pul verməliydi. O, bu əti çevrəsindəki dindar “qardaşlar”ına satacağını və 1-2 günə pulu çatdıracağını dedi.

Lakin üstündən 1 il keçib və mən o pulu Nəbi Dadaşovdan ala bilmirəm. İndi isə ortaq tanışlarımıza deyir ki, “mənim ona borcum yoxdur”. Qeyd edim ki, onun mənimsədiyi o mal-qara əti mənim şəhid qardaşımın ailəsi tərəfindən kəntdəki təsərrüfatda yetişdirilib və hazırda mən Nəbi Dadaşova görə şəhid balalarının haqqını verə bilmirəm. Bir sözlə, bu insan şəhid ailəsinin halal pulunu, haqqını mənimsəyib.

Onu da əlavə edim ki, Nəbi Dadaşovun daxil olduğu dini icma məndə şübhələr yaradıb. Belə ki, onlar tez-tez Bakıda və Sumqayıtda yerlər dəyişirlər və müxtəlif mənzillərdə dini ayinlər keçirirlər.

Bildiyimə görə, onların qrupunun başında Gökhan Demir adlı Türkiyə vətəndaşı durur və liderləri Türkiyədə Haydar Baş adı ilə tanınan şəxsdir. Haydar Başın dini baxışları barədə dəqiq məlumatım olmasa da, bu şəxsin həm Bağımsız Türkiyə Partiyasına rəhbərlik etdiyini bilirəm. Türkiyədən peyk vasitəsilə yayımlanan və davamlı olaraq efirə dini proqramlar verən “Meltem TV” kanalında bu şəxsin çox təbliğ olunduğunu, hətta şeyx adlandırıldığının şahidi olmuşam.

Möhtərəm Baş Prokuror!

Nəbi Dadaşovun çevrəsiylə maraqlandıqda, onların Azərbaycanda qeydiyyatdan keçməyən, gizli bir təriqətin üzvləri olduğunu eşitmişəm. Hətta onların nurçuların bir qolu olan, “Sunqurilər” deyilən bir təriqətə bağlı olduqlarını da deyənlər var. Lakin Nəbi Dadaşov və “qardaş”larının hansı icmaya aid olduqlarına əmin deyiləm. Nəbi Dadaşovun çevrəsində Amil Eyvazov (“Amil doktor”) və Əfqan İbrahimlinin də adlarını çəkə bilərəm.

Qeyd edim ki, bu “qardaşlıq” üzvləri Əhməd Rəcəbli 205-də, eləcə də Binəqədi rayonu, 7-ci Binəqədi küçəsi, bina 1, mənzil 72-də (sahibi İ.H.Qocayev) və Nigar Rəfibəyli 33 ünvanlarında toplaşırlar.

Hörmətli Zakir Qaralov!

Qeyd edim ki, məsələ ilə bağlı yazılı surətdə Qafqaz Xəbər Agentliyinə müraciət etmişdim. Agentliyin nəzdindəki Qafqaznews.az saytının əməkdaşları məsələ ilə bağlı araşdırma aparıb və Nəbi Dadaşov, Gökhan Demir və Amil Eyvazovun “Facebook” hesablarında Haydar Başla bağlı saysız-hesabsız paylaşımlar, hətta bu şəxslərin Haydar Başla birlikdə şəklini belə müəyyən ediblər. Nəbi Dadaşovun özü Qafqaznews.az əməkdaşı ilə söhbətdə məni tanımadığını bildirsə də, Haydar Başla əlaqəli suala cavab verməkdən yayınmışdı. Avqustun 17-də Qafqaznews.az-da dərc olunan “Azərbaycanda təriqətçilər şəhid ailəsinin pulunu mənimsədilər?” başlıqlı yazı ilə də tanış ola bilərsiniz. Bu yazının dərcindən sonra, Nəbi Dadaşov Qafqaznews.az-ın redaksiyasına zəng edərək, sayt əməkdaşlarını hədələyib və yazını saytdan çıxarmağı tələb edib, həm də mənə ortaq tanışlar vasitəsilə xəbər göndərərək, ağır formada təhdid və təhqir edib. Nəbi Dadaşov məni tutarsa məhv edəcəyini, hətta öldürəcəyini belə bildirib.

Mənsə təəccüb edirəm ki, görəsən, kimə nə pislik etmişəm? Nəbi Dadaşov şəhid ailəsinin haqqını mənimsəyir, məni şəhid qardaşımın balaları qarşısında gözükölgəli edir, indi də məni günahkar çıxarır?

Cənab Baş Prokuror!

Mən sadəcə Nəbi Dadaşovun ona verilən mallara görə ödəməli olduğu 12 min 700 manat pulu verməyini tələb edirəm. Əlbəttə, Nəbi Dadaşovun ətrafında “din qardaşları” var və onların hər hansı radikal addımlar atacağı halda, mənim həyatım üçün təhlükə yarana bilər. Buna görə də, yazıb Sizdən xahiş edirəm ki, Nəbi Dadaşov və radikal dini baxışlar daşıyan çevrəsinin məsuliyyətə cəlb olunması, eyni zamanda Nəbi Dadaşovun mənimsədiyi 12 min 700 manatın qaytarılması üçün bizə yardım edəsiniz.

Hörmətlə, Şakir İsaq oğlu Abdullayev
Qafqaznews.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.