Azərbaycanda alimin elmi adı əlindən alındı - ŞOK QƏRAR

21-05-2024, 00:00           
Azərbaycanda alimin elmi adı əlindən alındı - ŞOK QƏRAR
Azərbaycanda alimin elmi adı əlindən alınıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qərar qəbul edib.

Qərarda bildirilir ki, buna səbəb filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Quliyevanın elmi işində plagiatlığa yol verməsi olub:

“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 08.05.2024-cü il tarixində keçirilmiş iclasında vətəndaş Aygün Nurağa qızı Roller (Şahbazova) və Almaniya vətəndaşı Maurus Rollerin Komissiyaya ünvanladıqları 04.09.2023-cü və 12.09.2023-cü il tarixli müraciətlərində qaldırdıqları iddia müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.

Müraciətlərdə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Vaqif qızı Quliyevanın “Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri (“Yüz ilin tənhalığı” romanı əsasında)” mövzusunda dissertasiya işində xarici ölkə alimlərinə məxsus mətnlərdən yazılı istinad vermədən istifadə etməklə, yanlış və mövcud olmayan mənbələr göstərməklə, bir çox istinadlarda istifadə etdiyi mənbələrin eyniləşdirilməsini mümkün etməyən və ya əhəmiyyətli dərəcədə çətinləşdirən texniki səhvlərə yol verməklə akademik dürüstlük prinsipinin, elmi etikanın pozulduğunu nəzərə alaraq, tədqiqat işinin yenidən ekspertizaya cəlb olunması və dissertasiyada elmi plagiat faktlarının aşkarlanacağı təqdirdə onun fəlsəfə doktoru elmi dərəcəsindən və dosent elmi adından məhrum edilməsi barədə Komissiya qarşısında məsələ qaldırılmışdır”.

Komissiyada işin ekspertizasının nəticəsinə görə , elmi işdə xarici ölkə tədqiqatçılarının əsərlərindən mətn parçalarının sözbəsöz tərcümə edilərək və istinad edilmədən mənimsənilməsi faktları öz təsdiqini tapıb.

Filologiya elmləri və pedaqogika üzrə ekspert şurası 05.04.2024-cü il tarixli qərarı ilə yekdilliklə Aynur Vaqif qızı Quliyevanın “Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri (“Yüz ilin tənhalığı” romanı əsasında)” mövzusunda 5718.01 – “Dünya ədəbiyyatı (ispan ədəbiyyatı)” ixtisasında filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsindən və filologiya elmləri sahəsinin 5718.01 – “Dünya ədəbiyyatı (ispan ədəbiyyatı)” ixtisası üzrə dosent elmi adından məhrum olunmasını Komissiyanın Rəyasət Heyətinə tövsiyə edib.

Komissiyanın Rəyasət Heyətinin 19.04.2024-cü il və 08.05.2024-cü il tarixli iclaslarında məsələ ilə bağlı geniş müzakirələr aparılmış və Aynur Vaqif qızı Quliyevanın Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 9.3.2-ci yarımbəndi rəhbər tutulmaqla dissertasiya işində aşkar olunmuş elmi plagiat faktına görə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsindən və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.1-ci yarımbəndi rəhbər tutulmaqla dosent elmi adından məhrum edilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Aynur Quliyeva ADU-nun Tərcümə fakültəsi Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.