Rejisorla deputat arasında “razborka” düşdü- SƏBƏB "QATIR MƏMMƏD"LƏ "QAÇAQ NƏBİ"DİR

26-08-2016, 14:52           

Millət vəkili Araz Əlizadənin xalq qəhrəmanları Koroğlu, Qaçaq Nəbi, Qatır Məmmədi quldur adlandırması əməkdar incəsənət xadimi, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəylini özündən çıxarıb.
teref.az bildirir ki, Publika.az-a açıqlama verən Şeyx millət vəkilinin cavabını belə verib:
“Araz Əlizadə, sənə ayıb olsun. Sən özün millət vəkili kimi hansı işləri görüb, bu xalqın işinə yaramısan ki, indi də Qaçaq Nəbi, Koroğlu, Qatır Məmmədi quldur hesab edirsən? Məni hirsləndirmə, gəlib səni orda başa salaram və onda bilərsən ki, quldur saydığın o qəhrəmanlar kimlərdir, hansı işləri görüb bu xalq üçün. Adama sual verərlər sən neyləmisən, yalan vədlər verməkdən başqa. Qaçaq Nəbi xalqına görə nəslini, qohum-əqrəbasını gözə alıb, həyatını qurban verib, sən neyləmisən? Xalq zaman-zaman qəhrəmanlarını yaşadıb, onlara dastan, mahnı qoşub. Sən Araz Əlizadəyə bir sətirlik mahnı qoşan olub? Sənin nə marağın var ki, xalqın qəhrəmanlarını alçaldıb, onları quldur adlandırırsan? Qəhrəmanları aşağılayan adamların qanını yoxlatdırmaq lazımdır, mən inanmıram onların azərbaycanlı olduğuna. İndi əlinə fürsət düşüb, oturmusan parlamentdə, özünü nüfuz sahibi sayırsan. Bundan da istifadə edib, qəhrəmanlara qara yaxırsan. Get işinlə məşğul ol. Əgər işin yoxdursa, mən gəlib sənə iş taparam. Xalqın qəhrəmanlarına daş atmaqla, özünü gündəmə gətirmək istəyirsən. Desinlər ki, parlamentdə bu da var”.
Şeyx Əbdül qarşı tərəfdən qorxmadığını da deyib:“Mənim onunla haqqı-salamım da var, amma imkan vermərəm ki, xalqımın qəhrəmanlarını quldur adlandırsın. Mənə heç nə deyə də bilməz, əgər bu sözlərimdən qəzəblənib nəsə desə, camaatı yığıb, onu rüsvay edərəm. Mənim bir ziyalı kimi söz demək haqqım var. Özü də çəkdiyim “Qaçaq Nəbi” filmində xalq yaxşı görür ki, o, quldur yox, xalqın qisasçısı olub”.
Şeyxin bu ittihamlarına Araz Əlizadənin cavabı gecikməyib: “Şeyx Əbdül telefon nömrəmi də bilir, iş yerimi də. Gəlsin, görək mənə nə edə bilər?! Onu gözləyirəm. O aktyordur. Cilddən-cildə girməyi bacarır. Onun haradan Şeyx olduğunu da bilmirəm. Mən onu Əbdül kimi tanıyıram. Yaxşı kişidir, yeyib-içən adamdır. Həmişə hörmət etmişəm. Amma mənə qarşı niyə belə etdiyinin səbəbini də bilmirəm. Mən demişəm ki, adətən bizdə “oğrulara”, quldurlara hörmətlə yanaşıblar. Bu sözü özünə götürübsə, onun mənə aidiyyəti yoxdur. Amma mən onu nə milli qəhrəman, nə də quldur hesab edirəm”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.