Deputat fədakar həkimdən danışdı: "Nömrəsini tapdım və..."
27-08-2016, 15:26
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə avqustun 25-də Sumqayıtda beşinci mərtəbədən yıxılan uşağı xilas etmiş həkim Çiçək Cahangirovaya zəng edib.
Deputat öz facebook profilində həkimin bu fədakarlığını alqışlayaraq ona təşəkkürünü bildirib.
"25 avqust 2016-cı ildə Sumqayıt şəhərində Çiçək adlı həkim qadının beşinci mətəbənin balkonundan düşən azyaşlı uşağı tutaraq ölümdən xilas etməsi xəbəri bütün Azərbaycana yayıldı.
Onun telefon nömrəsini taparaq zəng edib təşəkkür etdim, qəhrəmanlığının xalqımıza xas bir hərəkət olduğunu bildirdim.
Sonra isə onun iş yerinə minnətdarlıq olaraq bir böyük qırmızı qızılgül buketi göndərdim” deyib.
Qeyd edək ki, məlum hadisə avqustun 25-də günorta saatlarında Sumqayıtda baş verib. Şəhərin Təcili Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən azyaşlı uşağın yıxıldığını görüb. O, özünü itirmədən uşağı göydə tutmağa müvəffəq olub.
AZXEBER.COM