Əhalinin diqqətinə - 19 litrlik suları alıb içməyin
30-08-2016, 18:52
“Respublikaya əsasən Rusiyadan, Gürcüstandan, Ukraynadan, Fransadan, Almaniyadan su gətirilir. Onu da deyim ki, Azərbaycana xaricdən sonsuz sayda keyfiyyətsiz məhsullar da daxil olur. Əksəriyyəti Azərbaycanda fəaliyyət göstərən sexlərdə qablaşdırılan sulardır. Xüsusilə Rusiyadan, Gürcüstandan, Türkiyədən gətirilən suların üstündəki qeydlərlə tərkibi uyğun gəlmir. Təəssüflər olsun ki, aidiyyəti orqanlar həmin sexlərin yerini müəyyənləşdirməkdə maraqlı deyil”.
Bu sözləri Su İstehsalçıları Birliyinin (SİB) sədri Dövlət Məmmədov deyib.
Onun sözlərinə görə, son vaxtlar bir çox işbazlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” ilə bağlı fərmandan sui-istifadə edirlər:
“Dəfələrlə bu barədə birliyimiz tərəfindən yoxlama aparılıb. Gürcüstandan ölkəyə gətirilən sular gizli sexlərdə qablaşdırılır. Bu suların tərkibində alüminiumun miqdarı yüksəkdir. Bu da insan orqanizminə çox ziyandır, hətta böyrəklərdə daş əmələ gətirmə təhlükəsi də yaradır.
Bu yaxınlarda Rusiya istehsalı olan “Borjomi”, “Yesentuki” sularının keyfiyyətsiz olması ilə bağlı rus mətbuatında məlumat da getmişdi. Rusiya istehsalı olduğu iddia edilən “Aquşa” sularının keyfiyyətsiz olduğu müəyyənləşib.
Üzərində uşaq üçün nəzərdə tutulduğu qeyd edilir. Amma su uşaq və böyüklər üçün kateqoriyaya bölünmür. Ölkəyə gətirilən sular istənilən səviyyədə yoxlanılmır, birbaşa ticarət obyektlərinə paylanılır.
Əvvəllər bu sahədə mübarizə daha güclü aparılırdı. Son vaxtlar bir çox işbazlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” ilə bağlı fərmandan sui-istifadə edirlər. Buna görə də su bazarında saxta suların satışı artıb”.
D.Məmmədov əhaliyə xəbərdarlıq edir ki, son vaxtlar 19 litrlik saxta sular qapı-qapı satılır və bu insan sağlamlığı üçün təhlükəlidir:
“Hətta saxta su istehsal edən müəssisələr sularını birbaşa evlərə aparıb qapı-qapı satırlar. Məsələn, son vaxtlar 19 litrlik saxta suların satışı müşahidə olunur. Halbuki həmin sulardan dükanlarda satılmır. İstehlakçılar da diqqət etməlidirlər: əgər həmin sudan dükanlarda satılmırsa, deməli, saxtadır.
Evlərə aparılıb satılan 19 litrlik sular ölü sudur və tərkibindəki bütün minerallar çıxarılıb. Antisanitar qaydada istehsal edilən, mənbəyi bilinməyən bu su insanda xəstəlik yarada bilər. Əhalinin də diqqətinə çatdırmaq istəyirəm ki, 19 litrlik suları alıb içməsinlər”..
O, həmçinin əlavə edib ki, kran sularından zəhərlənmə ehtimalı çox aşağıdır:
“Kran sularından zəhərlənmə ehtimalı çox aşağıdır. Sular paylayıcı anbarlar vasitəsilə evlərə ötürülür. Suyun keyfiyyəti evə gəlib çatanda itə bilər. Bu da onunla bağlıdır ki, bəzi su ötürücü borular Sovet dövründən qalıb və paslanıb. Onlar dəyişdirilməlidir. Hazırda “Azərsu” ASC tərəfindən bu istiqamətdə işlər aparılır”.
Lent.az