Təngnəfəs internet: çox ödə, az yararlan

20-06-2024, 08:39           
Təngnəfəs internet: çox ödə, az yararlan
Və ya haqqımızı necə və niyə qəsb edirlər?

Bu gün internet bizi birləşdirən, qarşımızda yeni imkanlar açan bir vasitədir. Bu həqiqəti qəbul edən hər kəs sürətli, davamlı internet üçün büdcəsindən daim maliyyə ayırmağa məcburdur. İnternetdən rahat və davamlı istifadə isə ayırdığımız büdcə ilə düz mütənasib olmalıdır.

Bəs bu, hər zaman belədirmi? Ümumiyyətlə, lazımi məbləği ödəmək davamlı və sürətli internetlə təminata zəmanət verirmi? Təəssüf ki, ölkəmizdə bunu hələ əminliklə təsdiqləmək mümkün deyil. Təkcə sosial şəbəkə platformalarına nəzər salmaq bəs edir ki, həm mobil, həm də genişzolaqlı internetlə bağlı müxtəlif problemlərin öz mövcudluğunu qoruduğuna şahidlik edək.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-ya açıqlamasında həm mobil, həm də genişzolaqlı sabit internetlə bağlı istehlakçılardan şikayətlər gəldiyini deyib: “Mobil operatorlar öz üstün vəziyyətlərindən istifadə edərək, istehlakçıların hüquqlarını pozmağa davam edir. Bundan başqa, mobil operatorların, sanki mobil cihazlar istehsal edən müəssisələrlə əlbir olduğunu müşahidə edirik. Belə ki, telefon cihazlarına elə rejimlər qoyurlar ki, onlar avtomatik olaraq və ya istehlakçının səhvinə görə aktivləşdirilir və istehlakçıdan külli miqadarda pul çıxılır. Bu, xüsusilə də xarici ölkələrə səyahət edən vətəndaşların başına gəlir”.

“Başqa bir tələ isə vətəndaşlara təklif edilən kurslar, funksiyalardır. Onlar təklif edilərkən ödənişli olması qeyd edilimir. Vətəndaş isə onu aktivləşdirir və sonra baxır ki, balansından xeyli miqdarda pul silinib. Bundan başqa stasionar internet şəbəkəsi ilə bağlı da narazılıqlar çoxdur. Bizə ünvanlanan şikayətlərə görə, internetin sürəti qiymətə uyğun olmur, müqavilə şərtləri yerinə yetirilmir”, - deyə müsahibimiz bildirib.

Hüseynovun sözlərinə görə, internet provayderlərindən hansısa qiymətləri aşağı salmaq istədiyi halda digər provayderlər elə vəziyyət yaradır ki, bu, mümkünsüz olur: “Bununla bağlı şikayət də almışdıq. Vətəndaşların dediklərinə görə, digər provayderlər qiyməti aşağı salmaq istəyən internet provayderini boykot etdiyi üçün müştəri digər provayderin informasiyasını ala bilmir. Biz bununla bağlı aidiyyəti dövlət orqanlarına da müraciət etmişdik. Lakin nəticəsiz qaldı və qiyməti aşağı salan provayder məcbur olduğu üçün qiyməti digər provayderlərlə uyğunlaşdırmalı oldu. Yəni internet resurslarında bu cür halların olduğuna da şahidlik edirik”.

Bütün bunlarla yanaşı internetə əlçatımlılıq, infrastrukturun vəziyyəti, xüsusilə də hava şəraitindən asılı olaraq internetin sürətinin zəifləməsi, kəsilməsi ilə bağlı problemlərə də tez-tez rast gəlinir. Bu barədə ümumi vəziyyəti AYNA-ya şərh edən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elvin Abbasov söyləyib ki, mis kabellər dövründə internetdən çox şikayətlər eşidilsə də, indi vəziyyət fərqlidir: “Beynəlxalq reytinqlərə görə, Azərbaycanda mobil və genişzolaqlı internetlə bağlı vəziyyət əvvəlki illərlə müqayisədə indi daha yaxşıdır. Artıq ucqar kənd və rayonlar da daxil olmaqla, ölkənin təxminən 80 faizi genişzolaqlı internetlə təmin olub”.

Ölkədə internet sürəti probleminə gəlincə, mütəxəssisin qeyd edib ki, artıq bir çox rayon və kəndlərdə infrastruktur dəyişikliyi baş verdiyi üçün internetin sürətindəki problemlərin səbəbləri də dəyişib: “İndiki halda şikayətləri araşdırdığımız zaman səbəblərin fərdi olduğunu görürük. Yəni problemin ölkənin fiberoptik magistral xətlərində yox, son istifadəçinin özündə olduğuna şahidlik edirik. Son istifadəçinin problemləri isə müxtəlif ola bilir. Məsələn, son istifadəçiyə xidmət edən subprovayderlər, həmçinin vətəndaşın evindəki avandalıqlar, provayderlərin vətəndaşa xidmət etdikləri avadanlıqlar və onların keyfiyyəti, təbii ki, vətəndaşın evindəki alətlər və cihazlar. Yəni internet probleminin bir çox alt motivləri olsa da, ümumilikdə əvvəlki illərlə müqayisədə müsbətə doğru böyük fərq yaranıb. Vətəndaşlar artıq kütləvi olaraq internetdən şikayət etmirlər. Problemlər daha çox fərdi olur”.

“Hazırda internetin əlçatanlığı və keyfiyyətini tənzimləyən orqan da fəaliyyət göstərir ki, bu da məsələyə müsbət tərəfdən təsir edən amilə çevrilib. İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi bu məsələdə tənzimləməni həyata keçirir. Şikayətlərin nəzərə alınması üçün şikayət portalı yaradılıb. Eyni zamanda provayderlərin avadanlıqlarını qeydiyyata almaq üçün portal yaradılıb. Əvvəlki illərdə bu imkanlar yox idi. Bu məqamlar isə özlüyündə internetin keyfiyyətinə təsir edən amillərdir. Ona görə əvvəlki illərlə müqayisədə internet probleminin xeyli dərəcədə həll edildiyini görürük”, - deyə Abbasov vurğulayıb.

Əlavə edib ki, ölkənin böyük şəhərlərinin əksəriyyəti 95 faiz fiberoptik internetlə təmin olunub, bəzi şəhərlərlərdə isə işlər yekunlaşıb: “Rayonların fiberoptik internetlə təminatı paralel aparılır. Bəzi rayonların bir hissəsində ola bilsin işlər tam yekunlaşıb, bəzi hissələrində isə işlər davam etdirilir. Ümumilikdə ölkə üzrə 20 faiz ərazidə hələ bu istiqamətdə işlər davam etdirilir. Bu ilin sonuna ölkənin tamamilə fiberoptik internetlə təminatının yekunlaşacağı gözlənilir”.

Müsahibimizin sözlərinə görə, ölkənin keyfiyyətli internetlə təminatı üçün bu istiqamətdə işlər daimi xarakter daşımalıdır: “İnternet infrastrukturu digər ölkələrdə də daim dəyişir. Mobil internetə gəlincə isə, dünya artıq beşinci nəsil internetə keçib. Bunun da özünün faydaları, tezlikləri var. Azərbaycanda da mobil internet 5G-yə keçir. İnternetlə bağlı daim yeniliklər olacaq. Çünki yeni portallar, saytlar daha güclü internet tələb edir. Bu da bütün istiqamətlərdə nəzərə alınır. Yəni həm avadanlıqlar və cihazlar inkişaf edir, həm də internet infrastrukturu inkişaf edir”.

Müəllif: Banu Çiçək












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.