Kanalizasiya xətti çəkilir, yollar dağıdılır, amma...

31-08-2016, 17:15           

Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üzrə müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də Dərnəgül-Bakıxanov-Qaraçuxur-Zığ kanalizasiya kollektorunun tikintisidir. “Azərsu” ASC-nin sifariş etdiyi layihə “Tunel tikinti servis” MMC tərəfindən reallaşır.

Qeyd edək ki, “Azərsu” ASC-nin bir müddət əvvəl mətbuata verdiyi açıqlamada su və kanalizasiya sistemlərinin yenilənməsi üzrə “Master Plan” hazırlandığı və planda tunel tipli kanalizasiya kollektorlarının tikintisinin də nəzərdə tutulduğu bildirilirdi. “Kollektorların tikintisi yeni texnologiyaya əsaslanan TBM tunel qazma qurğuları vasitəsilə həyata keçirilir. Qazıntı işləri ilə eyni vaxtda yüksək keyfiyyətli betondan hazırlanmış konstruksiyalarla (plitələrlə) tunelin tikintisi həyata keçirilir. Ənənəvi qazma üsulları ilə müqayisədə tunel qazma texnologiyası zamanı marşrut boyunca yerləşən yerüstü bina və tikililərin, kommunikasiya xətlərinin köçürülməsinə, böyük inşaat meydançasının yaradılmasına ehtiyac qalmır”, - cəmiyyətin açıqlamasında qeyd olunurdu.



Cəmiyyətin açıqlamasına inansaq, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Zığ kanalizasiya xəttinin çəkilişində də müasir üsullardan istifadə edililir. Yəni bu hesabla kommunikasiya xətləri, yol təsərrüfatı qorunur.

Amma layihənin keçdiyi ərazilərdə yaşayanlar və obyekt sahibləri əksini iddia edirlər. “Kollektorun tikintisi zamanı yollar dağıdılıb. Bəzi ərazilərdə dağılmış yolun üzərinə daş parçaları düzülür. Bəzi yerlər isə, ümumiyyətlə, keçilməz hala düşüb”,- virtualaz.org saytının redaksiyasına müraciət edən Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsində yerləşən obyekt sahibləri şikayətçidirlər.



Şikayətçilərdən biri -Adil Həsənov deyir ki, yolların düzəldilməsi üçün edilən müraciətlər cavabsız qalıb: “Tikinti işlərini həyata keçirənlərlə görüşmüşük. Deyirlər ki, layihə başa çatandan sonra yollar düzəldiləcək. Tikinti işlərinə 2014-cü ildən başlanılıb, lakin başa çatma müddəti bəlli deyil”.

Şikayətçilər deyirlər ki, “Azəravtoyol” ASC yollaın sifarişçi qurum tərəfindən təmir edilməli olduğunu bildirib. “Qarşıdan yağışlı günlər gəlir. Buna görə də, yollar tez bir zamanda təmir edilməlidir”, - deyə A.Həsənov söyləyib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən isə yolların dağıdılması ilə bağlı suallarımıza təəccüblə və bizi təəccübləndirən cavab veriblər. “Siz yəqin mətbuatda yenisiniz. Bu dövlət sifarişli, böyük layihədir”.



“Azəravtoyol” ASC-dən isə bildiriblər ki, mövcud qanunvericiliyə əsasən, yolda kommunikasiya xətlərinin çəkilişi zamanı dağıdılan yolun bərpası həmin işləri aparan şirkət tərəfindən edilməlidir. “Digər halda, yolun təmiri müqavilə əsasında “Azəravtoyol” tərəfindən həyata keçirilə bilər”, - deyə ASC-dən qeyd ediblər.

“Azərsu”nun sifarişini həyata keçirən “Tunel tikinti servis” MMC-dən isə suallarımızı cavablandırmayıblar. Halbuki, yolun təmiri, deyilənləri nəzərə alsaq, məhz bu MMC-nin öhdəsinə düşür.virtualaz.orq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.