Bakıda lift təsərrüfatı “yetim” qalıb, ona sahib çıxan yoxdur

25-06-2024, 08:54           
Bakıda lift təsərrüfatı “yetim” qalıb, ona sahib çıxan yoxdur
Bakıda 10 gün ərzində iki fərqli ünvanda lift qırılıb. Biri 13 iyun Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada, digəri isə 23 iyun Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında. Birinci hadisə zamanı 7 nəfər, ikincidə 5 nəfər xəsarət alıb. Baş verən hadisə ilə bağlı heç kim özünü günahkar hesab etmir. İlk hadisədən sonra Şərurlu İsfəndiyar kimi tanınan “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov “maraqlı” açıqlama verib.

Sitat: “Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İki qat, bəlkə də üç qat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”.

Bir sözlə, liftin keyfiyyət məsələsi qalıb kənarda, o, bilib-bilmədən insanların kefli olduğunu iddia edib. İkinci ünvanla bağlı MTK rəhbəri hələ açıqlama yaymayıb. Əlqərəz….

Baş verən hər iki hadisə ilə bağlı Globalinfo.az Bakı Lift İdarəsi ilə əlaqə saxlayıb. Lakin məlum olub ki, idarə liftə aid olsa da, hadisənin onlarla əlaqəsi yoxdur. Belə ki, Mehdi Hüseynov hər iki zəng zamanı baş verən hadisənin Fövqaladə Hallar Nazirliyi (FHN) və MTK-lara aid olduğunu bildirib.

Bundan sonra dəfələrlə FHN-lə əlaqə yaratmağa çalışsaq da, hər zaman olduğu kimi, bu dəfə də zəngimiz cavabsız qalıb.

Maraqlıdır, mətbuatın zənginə cavab verməyən qurum fövqal hadisə zamanı necə davranır?

Baş verən hadisələrdən sonra bir şeyi anladım ki, Bakı lifti “yetim” qalıb, ona sahib çıxan yoxdur…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.