İmişli sakini bələdiyyə sədrinin onun torpağını saxta yollarla başqasına satdığını iddia edir - ŞİKAYƏT

25-06-2024, 12:24           
İmişli sakini bələdiyyə sədrinin onun torpağını saxta yollarla başqasına satdığını iddia edir - ŞİKAYƏT
İmişli rayonu, Qulubəyli kənd sakini Nağıyev Mirağa Seyidəli oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona verilən pay torpağını yaşadığı kəndin keçmiş bələdiyyə sədri Quliyev Mirzə Fərzula oğlu 2 il sonra xəbərsiz şəkildə başqa birinə satıb:

“Mən, Nağıyev Mirağa Seyidəli oğlu, yazaraq bildirirəm ki, 2002-ci ildə bələdiyyə tərəfindən mənə 2 hektar 16 sot torpaq sahəsi verilib. Daha sonra səhhətimlə bağlı Rusiyaya getməli oldum. Həmin ərəfədə, yəni 2004-cü ildə Qulubəyli kəndinin bələdiyyə sədri Quliyev Mirzə Fərzula oğlu dövlətin mənə ayırdığı torpaq sahəsini tikinti adıyla Xankişiyev Əli Musa oğluna 5 illik müqavilə qarşılığında satıb. O, saxta sənədlər tərtib edərək həmin işi görüb. Həmin ərazidə heç bir tikinti işi aparılmayıb.

Sual yaranır ki, mənim razılığım olmadan, imzam çəkilmədən bunlar necə baş verib? Deməli, saxta yollarla sənədlər toplayırlar, insanların başına bu oyunu açırlar. Bu, təkcə bələdiyyəlik deyil, başqa qurumlar da cavab veməlidir”.

Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin birinci müavini Quliyev Mirzə Fərzula oğlu ilə əlaqə saxladıq. O, iddiaların əsassız olduğunu bildirdi:

“Bütün bu fikirlər böhtan xarakteri daşıyır. Mən əvvəllər sədr olaraq bələdiyyədə işləmişəm. 2004-cü ildən bəri İmişli Rayon İcra Hakimiyyətində işləyirəm. Nağıyev Mirağanın atası Seyidəli Nağıyev Torpaq İslahatı Komissiyasının sədri olub. Pay torpaqlarının satılması və icarə verilməsinin bələdiyyə sədrinə adiyyəti yoxdur. Torpaqlar onun rəsmi sənədləri əsasında kənd sakinlərinə paylanıb. Həmin dövrdə onun pay torpağı və atası Seyidəli Nağıyevin pay torpağı ferma müdiri Xankişiyevə məxsus tövlələrin olduğu ərazidən verilmişdi. Xankişiyev Əli bununla əlaqədar məhkəməyə müraciət edib. Keçirilən məhkəmə prosesində onların “pay torpaq” sənədlərinin ləğv edilməsi ilə bağlı qərar qəbul olunub. Hətta Ali Məhkəmədə də nəticə təsdiq olunub.

Hazırda Seyidəli Nağıyev öz pay torpağını və oğlu Mirağanın pay torpağını bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahəsindən götürüb. İndi sözügedən ərazilər Seyidəli Nağıyevin istifadəsindədir”.



Cəmilə ƏZİMOVA

Hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.