2 qəpiklik maskanı 20 qəpiyə satanlar…
26-06-2024, 10:04
Bu ilin yanvar-aprel ayları ərzində Çindən Azərbaycana 525 min ədəd tibbi maska gətirilib.
Bu barədə “Yeni Avaz” yazıb. Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, idxal olunan tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 1,2 sent və ya mövcud məzənnə ilə 2,1 qəpik olub. Açıqlanan rəsmi məlumatlarda, həmçinin ölkədəki apteklərdə satılan tibbi maskanın bir ədədinin orta satış qiymətinin 20 qəpik olduğu qeyd olunub.
Maraqlıdır, tibbi maskanın maya dəyəri 2,1 qəpik olduğu halda nəyə görə orta satış qiyməti 20 qəpiyə təklif olunur?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya açıqlmasında deyib ki, bahalığa səbəb inhisarçılıqdır:
“Tibbi maskaya tələbat az olduğu üçün hələ 20 qəpiyə təklif olunur. Əks halda pandemiya zamanında olduğu kimi, 30-50 qəpik arasında təklif olunacaqdı. Çünki ölkəmizdə nəyə tələbat artırsa, onun da qiyməti avtomotik artır. Maska məsələsi sadəcə kiçik bir nümunədir. Digər sahələrdə də oxşar hallar var. Bunun isə qarşısını yalnız inzibati üsullarla almaq mümkündür.
Ancaq bazar iqtisadiyyatında bunu etmək liberal iqtisadiyyata maneə hesab oluna bilər”.
O qeyd edib ki, ölkəmizdə tibbi maska istehsal olunsa da, daxili bazara idxal olunan tibbi maskalarla rəqabət aparacaq gücdə deyil:
“Ölkəmizə hazırda tibbi maska idxal etmək daha ucuz başa gəlir, nəinki onu istehsal etmək. Ancaq dövlətin gömrük mexanizmi tibbi maskalarla bağlı tədbir görərsə və yaxud idxala kvota qoyularsa, o zaman daxili istehsala müsbət təsir edə bilər. Elə olan halda isə daxili bazarda qiymət artımı görə bilərik ki, bu, daha da acınacaqlı vəziyyətdir”.
V.Qocayev əlavə edib ki, bahalığa digər səbəb də topdansatış yerlərində tibbi maskaları dəyərindən baha qiymətə təklif edilməsidir:
“Ölkəmizdə bir neçə topdansatış yeri var. Eyni zamanda, topdansatış tibb məntəqələri mövcuddur. Lakin əksəriyyəti bir nöqtədən alınır. Məsələn, “Sədərək” ticarət mərkəzində nisbətən ucuzluq olsa da, ümumilikdə maya dəyəri 2 qəpik olduğu halda 15-18 qəpiyə təklif olunursa, o zaman tibbi maskanın da pərəkəndə bazarda bu qədər baha satılması təəccüblü deyil”.