Hazırlaşın... taksi xidməti yenidən BAHALAŞIR!

26-06-2024, 11:18           
 Hazırlaşın... taksi xidməti yenidən BAHALAŞIR!
Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 7 mini keçib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir. "Təlim keçən sürücülərin sayı isə 24 mini keçib", - deyə agentlik bəyan edib. Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.

Qeyd edək ki, taksi fəaliyyəti ilə bağlı qanunun qüvvvəyə minməsinə, yəni 1 iyula bir neçə gün qalıb. Əvvəllər Bakı şəhərində 60 minə yaxın taksi fəaliyyət göstərib. Beləliklə, günlər keçdikcə paytaxtda taksilərin sayı azalmağa, qiymətlər isə artmağa başlayıb. Qeyri-rəsmi rəqəmlərə görə, Bakıda 3 milyon əhali yaşayır.

Mövcud rəqəmləri nəzərə alsaq, qarşıdakı dövrdə taksi xidməti ilə bağlı vətəndaşları nə gözləyir?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya bildirib ki, taksi xidmətlərinin hədsiz tənzimlənməsi, yəni sərtləşmənin qəbul olunması qiymətləri bahalaşdıracaq:

“Bunun başqa yolu yoxdur. Biz bunu öncədən də görmüşdük. Çünki taksi xidməti göstərənlərin sayı qiymət tənzimlənməsində ən mühüm rol oynayan amillərdən biri idi. Ona görə də taksi xidmətində say, yəni xidmət göstərən taksi sayı azaldıqca qiymət də artacaq. Yeri gəlmişkən, bu, artıq baş verib. Bu gün qiymətlərin təqribən 2 dəfəyə yaxın artdığını görürük”.

Ekpert bildirib ki, bundan da çox artım müşahidə oluna bilər:

“Çünki qaydalar qüvvəyə mindikdən sonra daha çox maşının bu xidmətdən kənarlaşması gözlənilir. Ancaq paralel olaraq keyfiyyət də artmır. Yəni tək məqsəd qiymət artımı idisə, bunu anlamaq çətindir. Niyə hökumətin belə bir marağı olsun ki, taksi xidmətinin qiyməti artsın? İndi qiymətlərin artması ilə paralel olaraq keyfiyyət yüksəlmirsə, burada artıq vətəndaşın sualları yaranır. Hətta keyfiyyət aşağı düşüb və indi gözləmə vaxtı uzanıb. Əvvəllər avtomobillər sifarişdən sonra 5 dəqiqə ərzində gəlirdisə, indi 15-20 dəqiqə, bəzən hətta yarım saat gecikmələr olur. Keyfiyyət yaxşılığa doğru dəyişməyib, əksinə, pisləşib. Ancaq qiymətlər artıb. Təəssüf ki, bundan sonra da artması gözlənilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.